12px14px16px18px

Erməni diasporunun istəyi baş tutmadı

00:47 / 13.03.2012
“Dağlıq Qarabağ münaqişəsinin Belçika Federal Parlamentinin müzakirəsinə çıxarılması barədə ilkin razılıq əldə olunub”. Bunu millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev dilə gətirib. Qeyd edək ki, millət vəkili Q. Həsənquliyev Azərbaycan-Belçika parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə Belçika Senatında və Federal Parlamentində Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən dinləmələrdə və bir sıra digər görüşlərdə iştirak edib. Keçirilən görüşlərə və dinləmərə Azərbaycan nümayəndə heyətinin tərkibində qatılan BAXCP sədri bu səfərin gerçəkləşdirilməsində millət vəkili Elxan Süleymanovun böyük əməyinin olduğunu vurğulayıb. BAXCP sədri bildirib ki, nümayəndə heyətinin üzvləri Belçika Senatında və Federal Parlamentində keçirilən dinləmələrdə iştirak etməklə yanaşı, Belçika Senatının spikeri, Sərhədsiz Hüquqşünaslar Təşkilatının təsisçisi, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru, Federal Parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri, Belçika Brüssel əyaləti parlamentinin spikeri və digər şəxslərlə görüşlər keçiriblər: “İşğal edilmiş ərazilər – unudulmuş ərazilər” (Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanist aspektləri) adlı dinləmələrdə Belçika Senatının və federal parlamentin 120-dən çox üzvü iştirak edirdi. Dinləmələrdə nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Əli Həsənov çox uğurlu bir çıxış etdi və münaqişənin baş vermə səbəbləri, region dövlətlərinin münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında və davam etməsində maraqlı olmaları barədə senat və federal parlament təmsilçilərinə ətraflı məlumat verdi. Əli Həsənovun çıxışı iştirakçıların marağına səbəb oldu”. Dinləmələrdə özünün və millət vəkili Fərəc Quliyevin də çıxış etdiyini xatırladan BAXCP sədrinin sözlərinə görə, dinləmələrin nəticəsi olaraq, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin Belçika Federal Parlamentinin müzakirəsinə çıxarılması barədə ilkin razılığın əldə olunduğunu vurğulayıb. Q. Həsənquliyev bildirib ki, Belçika Senatında və Federal Parlamentində dinləmələrin keçiriləcəyi barədə məlumat alan Ermənistan və erməni diasporu bu tədbirlərin qarşısının alınması üçün dərhal hərəkətə keçib: “Erməni diasporu dinləmələrin baş tutmaması üçün çox böyük təzyiq göstərirdi. Lakin Elxan Süleymanovun fədakarlığı və Belçika-Azərbaycan parlamentlərarası işçi qrupu üzvlərinin böyük zəhməti nəticəsində erməni diasporunun istəyi baş tutmadı”. BAXCP sədri səfər zamanı keçirilən görüşlərdə millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmandı və Azər Kərimovun Dağlıq Qarabağ problemilə bağlı çıxış etdiklərini və bu məsələ ilə bağlı öz fikirlərini görüş iştirakçılarına çatdırdıqlarını da qeyd edib: “Mən xüsusi olaraq, Sərhədsiz Hüquqşünaslar Təşkilatının təsisçisinin, eləcə də Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktorunun dinləmələr zamanı etdikləri çıxışı vurğulamaq istəyirəm. Hər iki şəxs erməni diasporunun bu münaqişənin qarşısına qara pərdə çəkmək istədiklərini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və problemin ədalətli həllinə maneə yaratdıqlarını söylədilər, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi barədə qətnamələrinin yerinə yetirilmədiyini dedilər. Eyni zamanda bildirdilər ki, Dağlıq Qarabağda hərbi cinayət törədən şəxslər öz əməllərinə görə cavab verməlidirlər. Onların Beynəlxalq Hərbi Tirbunal qarşısında dayanmaları üçün bütün mümkün hüquqi vasitələrdən istifadə olunmalıdır”. Səfərin bütövlükdə uğurlu olduğunu deyən Q. Həsənquliyev nümayəndə heyətinin Brüsseldə olduğu müddətdə Azərbaycanın Belçikadakı səfirliyinin binasında Xocalı soyqırımına həsr olunmuş sərginin keçirildiyini xatırladıb: “Səfirliyin binası kiçik olduğu üçün belə sərgilərin keçirilməsinə uyğun gəlməsə də, Belçikanın ictimai-siyasi dairələrini təmsil edən şəxslərin qatıldığı bu tədbiri də əhəmiyyətli hesab edirəm”.
VAHAB


Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar