12px14px16px18px

“Qarabağda yeni hərbi münaqişə gözlənilməz nəticələrə səbəb ola bilər”

ABŞ-ın NÜFUZLU “THE NEW YORK TIMES” QƏZETİ ERMƏNİ İŞĞALINDAN YAZDI

00:57 / 10.03.2012
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Kəlbəcərin ermənilər tərəfindən işğalı, ümumiyyətlə, Dağlıq Qarabağ problemi haqda məqalə dərc olunub. Gunxeber.com saytının məlumatına görə, müəllifi Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihəsinin direktoru Lavrence Scott Sheets olan məqalədə Kəlbəcərin necə işğal olunduğu, bu rayonun müdafiəsinin zəif təşkil edldiyi, bunun ardınca Azərbaycandakı hərc-mərclik fonunda yeddi rayonun da ermənilərin əlinə keçdiyi yazılıb. Məqalədə Kəlbəcərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil olmadığı vurğulanır. Qeyd olunur ki, Azərbaycanın işğal olunan rayonları Ermənistanın yeni xəritəsində bu ölkənin ərazisi kimi göstərilir. Məqalə müəllifi uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini və bu konfliktin dondurulmuş münaqişə adı aldığını yazıb. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya Ermənistanla müttəfiqdir. Azərbaycanın şiə ölkəsi olan qonşusu İranın isə nəinki Bakı ilə, xristian ölkəsi Ermənistanla daha yaxşı münasibətləri var. Məqalədə Azərbaycanın NATO üzvü Türkiyə ilə sıx münasibətlərinin olduğu xüsusi vurğulanır. Müəllif hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki staus-kvo münaqişənin həllində seçim deyil və bu konflikt həll olunmalıdır: “Yeni hərbi münaqişə gözlənilməz nəticələrə səbəb ola bilər. Çünki indi Azərbaycan və Ermənistan orduları 1994-cü ildə olduğu kimi yalnız avtomat və digər bu kimi silahlara malik deyillər. Onların əllərində artilleriya hücum sistemləri, Rusiya istehsalı olan uzaq hədəfi vuran “Tornado”ları var “. Müəllif yazır ki, atəşkəs rejimi olmasına baxmayaraq, cəbhə xəttindəki hərbi toqquşmalar insan itkisinə səbəb olur və bundan mülki şəxslər də ziyan çəkirlər. Məqalədə həmçinin Azərbaycanın iqtisadi inkişafından və məcburi köçkünlərin əvvəlki illərlə müqayisədə indi həyat şəraitlərinin yaxşılaşmasından da bəhs olunur.


Bu yazı ( 283 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar