12px14px16px18px

Oqtay Əsədov: “Beynəlxalq siyasətdəki ikili standartlar Qarabağ probleminin həllinə maneçilik törədir”

00:44 / 10.03.2012
Milli Məclisin sədri Oqtay Əsədov dünən Norbert Neuserin başçılıq etdiyi Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib. Spiker bildirib ki, nümayəndə heyətinin ölkəmizə səfəri əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. O qeyd edib ki, Avropaya inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətində prioritet sahəyə çevrilib: “Biz Avropa Parlamenti ilə əlaqələrin dərinləşməsinə xüsusi önəm veririk. Əgər münasibətlərimizin ilk dövründə əlaqələrimiz Azərbaycana yardımlar səviyyəsində idisə, bu gün qarşılıqlı əməkdaşlıqdan danışırıq.2011-2013-cü illər üzrə tərəflər arasında imzalanmış Anlaşma Memorandumu münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Avro-atlantik məkana sürətlə inteqrasiya edən Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və Avropa İttifaqının digər layihələrində yaxından iştirak edir. Bu baxımdan Avronest PA-nın təsis edilməsi təşkilatla əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına kömək etmişdir. Bu ilin aprelində Avronest PA-nın Bakıda plenar sessiyasının keçirilməsi nəzərdə tutulmuşdur. Biz bunu müstəqil Azərbaycanın siyasi uğuru hesab edirik. Ölkəmiz bölgədəki beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı dövlət olmaqla yanaşı, həm də Avropanın etibarlı strateji enerji tərəfdaşıdır”. Söhbətdə spiker təəssüflə qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi vardır. Münaqişə ilə əlaqədar BMT-nin, Avropa Parlamentinin, AŞ PA-nın və digər nüfuzlu beynəlxalq qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: “Bu gün beynəlxalq siyasətdə mövcud olan ikili standartlar problemin həllinə maneçilik törədir. Eyni qəbildən olan münaqişələrə bəzən müxtəlif cür yanaşmalar olur. Bütün bunlar bizi, təbii ki, narahat edir. Dağlıq Qarabağ probleminin həlli ilə uzun müddət ATƏT-in Minsk qrupunun məşğul olmasına baxmayaraq, real nəticə hələ ki, yoxdur. Münaqişənin həllinin uzanması təkcə bölgənin deyil, ümumən Avropa təhlükəsizlik arxitekturası üçün də böyük təhdiddir. Belə hesab edirik ki, Avropa İttifaqına daxil olan ölkələrin parlamentləri də bu məsələyə öz prinsipial və obyektiv mövqelərini bildirməlidirlər. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birlik və Avropa Parlamenti kimi nüfuzlu qurumların səyi nəticəsində problem tezliklə öz məntiqi həllini tapacaq”. Səmimi qəbul üçün minnətdarlığını bildirən Norbert Neuser Avropa Parlamenti nümayəndə heyətinin ölkəmizə səfərindən məmnun qaldığını bildirib: “Təqdirəlayiq haldır ki, Azərbaycan tərəfi Avropa qurumları ilə sıx əlaqə saxlayır”. Qonaq təmsil etdiyi təşkilatın da ölkəmizə böyük maraq göstərdiyini söyləyib və qeyd edib ki, Azərbaycanın son dövrdə əldə etdiyi uğurlar, o cümlədən enerji sahəsindəki nailiyyətləri Avropa dövlətlərinin diqqətini özünə cəlb edib: “Bu baxımdan Avropa İttifaqı və təşkilatın parlamenti Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verir”. Qonaq Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avronest PA-nın təsis edilməsini və qurumun növbəti sessiyasının Bakıda keçirilməsini yüksək dəyərləndirib. Söhbətdə parlamentlər səviyyəsində əlaqələrin gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 199 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar