12px14px16px18px

Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin qəbul etdikləri Naxçıvan bəyanatının mətni açıqlanıb

00:36 / 10.03.2012
“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edirlər” Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin Naxçıvan görüşündə qəbul edilmiş bəyannamənin tam mətnini açıqlayıb. Sənəddə tərəflər ortaq mədəni irs, tarixi köklər və dini dəyərlərə söykənən dostluq və yaxın qonşuluq münasibətlərinin hər üç ölkə xalqlarının əsas mənafelərinə cavab verməsinə və birgə səylərin müştərək maraqların həyata keçirilməsində, müasir təhdid və çağırışların aradan qaldırılmasında vacibliyini qeyd edirlər. Hər üç ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilən bəyanatda siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının araşdırılmasının vacibliyi, BMT Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş əsas norma və prinsiplərinə sadiq olduqlarını bəyan edərək və bütün ölkələrin davamlı inkişafa nail olmaq, bilik və texnologiyalardan azad və bərabər şəkildə yararlanmaq hüquqlarına hörmət edilməsinin zəruriliyi bildirilir. Üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh və sabitlik, təhlükəsizlik və tərəqqiyə tövhə verdiyini vurğulayaraq ötən ilin aprelində İranın Urumiye şəhərində keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli görüşünün ilk iclası zamanı qəbul edilmiş Urumiye bəyanatının əhəmiyyətini qeyd ediblər. 29 noyabr 2011-ci il də İranın Tehran şəhərində keçirilmiş Üçtərəfli İqtisadi Komitənin birinci iclasının tövsiyələrini təsdiq edərək tərəflər aşağıdakılar barədə razılığa gəliblər: “Tərəflər qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlərin xarici işlər nazirləri səviyyəsində, həmçinin, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəklər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin regionun ortaq maraqlarına tövhə verəcəyinə inanırlar. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edir və regional əməkdaşlığın təşviqi vasitəsilə sülh və sabitliyin qorunub saxlanılmasının gücləndirilməsinin regional münaqişələrin sülh yolu ilə həllinə müsbət təsir göstərəcəyini və ümumi maraqlara xidmət edəcəyini vurğulayırlar”. Eyni zamanda öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edirlər. Terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və qanunsuz silah alveri, həmçinin, insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklər. Tərəflər üç ölkə xalqlarının rifah halının yaxşılaşdırılması, iqtisadi artım və inkişafın gücləndirilməsi məqsədi ilə, iqtisadi, enerji, ticarət, sənaye, nəqliyyat, telekommunikasiya, rabitə, mətbuat, mədəniyyət, idman və ətraf mühitin qorunması sahələrində əlaqələrin birgə layihə və əməkdaşlıq planları vasitəsi ilə daha da inkişaf etdirilməsini təşviq edəcək, üçtərəfli İqtisadi Komitənin tövsiyələrinə uyğun olaraq, iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsi, həmçinin öz ölkələrində rifah halının və tərəqqinin təşviq edilməsi məqsədilə birgə fəaliyyət göstərməkdə davam edəcək, üçtərəfli İqtisadi Komitə tərəfindən yaradılmış alt komitələr əlavə edilmiş vaxt cədvəlinə uyğun olaraq, Komitənin 2012-ci ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan görüşündən əvvəl öz iclaslarını keçirəcəklər. Tərəflər tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcək, mərhələli şəkildə tədbirlərin görülməsi vasitəsilə öz vətəndaşlarının bir-birinin ərazisinə vizasız səyahət etmə imkanlarını nəzərdən keçirəcəklər. Eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyinin normaların həyata keçirilməsi sahəsində yeganə səlahiyyətli qurum olduğunu nəzərə alaraq, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə çərçivəsində heç bir ayrı-seçkilik və qeyri-bərabərlik olmadan dövlətlərin sülh məqsədləri üçün nüvə enerjisi əldə etmək hüququnu dəstəkləyir. Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından azad zona yaradılması barədə 1995 saylı Yaxın Şərq üzrə Qətnamənin həyata keçirilməsi üçün fəaliyyət planının qəbul edildiyi 2010-cu il tarixli Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin yenidən nəzərdən keçirilməsi üzrə Konfransın yekun sənədini dəstəkləyir. Tərəflər dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi və sərhəd və gömrük məsələlərində təcrübə mübadiləsi imkanlarını, Bakı – Tbilisi – Qars dəmiryolunun mövcud Naxçıvan – Culfa – Təbriz dəmiryoluna birləşdirilməsi imkanlarını araşdıracaqlar. Növbəti görüşün 2012-ci ilin sentyabr ayında Türkiyənin Van şəhərində keçiriləcəyi də qərara alınıb.
PƏRVANƏ






Bu yazı ( 205 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar