12px14px16px18px

Elsevər Ağayev: “Malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir”

00:35 / 10.03.2012
“Səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaradıb. Son 10 ili müqayisə etsək, 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxıb və təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir”. Bunu hakim partiyanın saytına müsahibəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev dilə gətirib. Onun sözlərinə görə, eyni zamanda, ildən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır, yəni, 2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub: “Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaradıb. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı işi daha da təkmilləşdirilib. Artıq stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, onların sayı 60-dan 166-ya çatdırılıb. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır. Ümumiyyətlə, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilib”. Nazir müavini onu da deyib ki, ölkəmizdə səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurulması sahəsində böyük işlər həyata keçirilməkdədir: “Son 5 il ərzində 400-dən artıq səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Təkcə ötən il Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Respublika Klinik Xəstəxanasında, 3 nömrəli şəhər Klinik Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum evində, Bakı şəhərinin 16, 18, 20 nömrəli poliklinikalarında, 3 nömrəli uşaq poliklinikasında təmir və yenidənqurma işləri aparılıb, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası tikilib istifadəyə verilib. Adıçəkilən bütün tibb müəssisələri müasir tibbi avadanlıq və inventarla təchiz olunub”. E. Ağayevin həmçinin dediyinə görə, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. O cümlədən, bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya-Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunmuşlar. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanda müstəqilliyin ilk illərində, uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd edilirdi. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilib. Digər idarəolunan xəstəliklər üzrə də nəzərəçarpan nailiyyətlər qazanılıb. 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmamış, epidemik parotit xəstəliyi 27% azalıb, kəskin bağırsaq infeksiyalarında alovlanma qeyd olunmayıb. Malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir”.
KAMİL


Bu yazı ( 213 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar