12px14px16px18px

Mixail Saakaşvili: “Biz faciəvi keçmişimizi xoşbəxt sonluğa çevirə bilərik”

GÜRCÜSTAN PREZİDENTİ MİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETDİ: “BİZ ELƏ EDƏ BİLƏRİK VƏ ELƏ ETMƏLİYİK Kİ, “ƏLİ VƏ NİNO”NUN MƏHƏBBƏTİNƏ BİR DAHA XARİCİ İŞĞALÇILAR TƏRƏFİNDƏN SON QOYULMASIN, BUGÜNKÜ “ƏLİ VƏ NİNO” MÜHARİBƏLƏRDƏN UZAQ, ÇİÇƏKLƏNƏN ÖLKƏLƏRDƏ YAŞASINLAR”

14:21 / 08.03.2012
Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili dünən Milli Məclisin iclasına qatılıb. MM sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir, iki ölkə strateji tərəfdaşdır. O. Əsədov hər iki dövlətin separatizmdən əziyyət çəkdiyini bildirib.
Daha sonra söz M.Saakaşviliyə verilib. O çıxışında deyib ki, Azərbaycanla Gürcüstanı strateji əməkdaşlıq, əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır: “Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır”.
O qeyd edib ki, Azərbaycan və gürcü xalqları qədim millətlərdir, lakin çox gənc müstəqil dövlətlərdir: “Ölkələrimiz həmişə eyni təhlükələrlə üzləşiblər. Bu təkcə qədim dövrlərdə deyil, yaxın keçmişdə də belə olub. Bizi təkcə siyasi tərəfdaşlıq birləşdirmir, əlaqələrimiz təkcə eyni təhlükələrlə bağlı deyil, bunun kökləri daha dərindir. Mədəniyyətlərimiz, mətbəximiz həmişə qarşılıqlı təmasda olub və olacaq. Ən kəskin repressiyalar belə bizim azadlığa can atmaq hissimizi öldürə bilməyib. Bu gün Rusiyada baş verənlər 100 il bundan əvvəl baş verənlərdən heç nə ilə fərqlənmir. Məhəmməd Əmin Rəsulzadənin arzuları ölmədi və 20 il əvvəl reallığa çevrildi. Sovet İttifaqı dağıldı, çünki insanlar artıq dözə bilmirdilər, çünki bu ölkə tarixin gedişini dayandırmaq istəyirdi. Bu dəfə geriyə yol yoxdur. İndi Gürcüstan və Azərbaycan artıq dağılması mümkün olmayan dövlət qurublar. Biz 2012-ci ildə yaşayırıq və hamı anlamalıdır ki, 2012-ci ildə Sovet İttifaqını bərpa etmək cəhdləri iflasa məhkumdur. İnsanlar öz azadlıqlarından, müstəqilliklərindən, öz yolunu sərbəst seçmək imkanından imtina etməyəcəklər. Rusiya da bu nəticəyə gələcək və anlayacaq ki, qeyri-stabil vassallardansa, güclü qonşulara sahib olmaq yaxşıdır, düşməndənsə tərəfdaşlar yaxşıdır. Mən Rusiyanı zəif görmək istəmirəm. Əslində mən qürurlu, öz gücünə əmin Rusiya Federasiyası arzu edirəm, öz əhalisini miflərlə qidalandıran Rusiya deyil”.
Mixail Saakaşvili bildirib ki, bu gün Azərbaycan-Gürcüstan ittifaqı həmişəkindən daha güclüdür: “Burada daha çox İlham Əliyevin xidmətləri və iki dövlət rəhbərliyinin baxışlarının üst-üstə düşməsi böyük rol oynayıb. Biz müttəfiqlik münasibətlərimizi gələcəkdə daha yüksək səviyyəyə qaldırmaq istəyirik. Dünən biz konkret və sanballı layihələri müzakirə etdik, bu layihələrin reallaşması xalqlarımıza eyni dərəcədə xeyir gətirəcək”.
Mixail Saakaşvili Məhəmməd Əsəd bəyin “Əli və Nino” romanından sitat gətirərək bildirib ki, Azərbaycan və Gürcüstan əl-ələ verərək bu romanın sonluğunu yaza bilər: “Biz faciəvi keçmişimizi xoşbəxt sonluğa çevirə bilərik. Biz elə edə bilərik və elə etməliyik ki, “Əli və Nino”nun məhəbbətinə bir daha xarici işğalçılar tərəfindən son qoyulmasın, bugünkü “Əli və Nino” müharibələrdən uzaq, çiçəklənən ölkələrdə yaşasınlar. Bu, mütləq belə olacaq”.
“Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq – istər xristianlara, istər müsəlmanlara qarşı... İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”, – deyə o bildirib.
M. Saakaşvili çıxış edərkən Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini Azərbaycan dilində səsləndirib.
Gürcüstan prezidenti çıxışının sonunda da bu şüarı bir daha Azərbaycan dilində təkrarlayıb. Onun bu sözləri MM üzvləri tərəfindən alqışlarla qarşılanıb.





Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar