12px14px16px18px

CAVANŞİR – XALQIN ADAMI

01:57 / 02.11.2010


Cavanşir Əyyub oğlu Feyziyev 1963-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur
1970-1980-ci illərdə Şəki rayonunuda orta təhsil almış, həqiqi hərbi xidmətdə olmuşdur
1991-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1991-1994 -cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir
1994-1998-ci illərdə müxtəlif beynəlxalq təşkilatlarda çalışmışdır.
1998 - 2002-ci illərdə “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olmuşdur
2002-ci ilin oktyabr ayından hal-hazıradək “Avromed” şirkətinin baş direktorudur. Eyni zamanda Şəkidə fəaliyyət göstərən “Tour-İnvest” şirkətinin təsisçisidir. Bitərəfdir. Ailəlidir, 3 övladı var
C. Feyziyevin Şəkidə təsis etdiyi “Tour-İnvest” şirkəti Şəki şəhərinin mərkəzində 5-mərtəbəli müasir tipli mehmanxana və biznes mərkəzini tikərək 14 oktyabr 2006-ci ildə istifadəyə vermişdir. Mehmanxananın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Şəkidə turizmin inkişaf etdirilməsi məqsədi ilə Soyuqbulaq ərazisində 4 hektar ərazidə turizm bazasının tikintisi üçün hazırlıq işləri aparılır. Turizm bazasının gələcəkdə fəaliyyətə başlaması yüzlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq. C. Feyziyevin təsis etdiyi şirkətlərdə respublikanın bütün rayonlarından olan 2 minə yaxın adam əmək fəaliyyəti ilə məşğul olur.
Şəki rayonunun Böyük Dəhnə kəndində smeta dəyəri bir milyon manat olan 620 yerlik orta məktəb binasını şəxsi vəsaiti hesabına tikdirmişdir. Yeni məktəb binası 2006-cı ilin sentyabr ayında istifadəyə verilmişdir.
2008-ci ildə şəxsi vəsaiti hesabına Böyük Dəhnə kəndinə içməli su xətti çəkdirmiş və hal-hazırda kənd yollarının yenidən qurulması və işıqlandırılması üzrə layihə həyata keçirilir.
Hər il onlarla imkansız vətəndaşın cərrahiyyə əməliyyatlarını, onlarla universitet tələbəsinin təhsil xərclərini maliyyələşdirir.
C. Feyziyev yaradıcı adamlara da həmişə xüsusi qayğı ilə yanaşmışdır. Onlarla yazıçı və şairin kitabları C. Feyziyevin göstərdiyi maliyyə dəstəyi nəticəsində işıq üzü görmüşdür. 2009-cu ildə böyük filosof-şair Bəxtiyar Vahabzadənin 12 cildlik seçilmiş əsərlərinin tam külliyatını şəxsi vəsaiti hesabına nəşr etdirmişdir.
...Şirkətin işçilərlə dolu avtobusu yavaş – yavaş mərkəzi ofisin həyətinə daxil oldu. Qapılar açılan kimi oğlanlar – qızlar gülüşə-gülüşə avtobusdan düşüb, iki bir – üç bir əsas binaya tərəf axışdılar. Hər tərəfi gənclərin şən çağırışları, telefon zəngləri, bir günlük ayrılıqdan sonra sükuta bürünmüş yaraşıqlı binanın aramsız açılıb-örtülən qapıların səsi bürüdü. Ölkənin ən böyük əczaçılıq şirkəti olan “AvroMed “şirkətinin növbəti qaynar iş günü başlayırdı.
– ...O vaxtlar – ötən əsrin 70-ci illərinin sonunda Şəki rayonunun Turan qəsəbəsindəki orta məktəbdə oxuyurdum. Məktəb internat tipli olduğu üçün hər həftənin şənbə günü rayonun, demək olar, əksər bölgələrindən bura oxumağa gələn şagirdlər evlərinə dönürdülər. Əsas magistral yol qəsəbədən təxminən üç kilometr aralı keçirdi. Ona görə də hər şənbə günləri müxtəlif yaşlı sısqa, əksəriyyətinin üz-gözündən qüssə-kədər yağan məktəb uşaqları durna qatarı kimi yolun kənarına düzülərək “böyük dünya”ya tərəf “köç” edirdilər. O vaxtlar biz internatın divarlarından kənarda olan bütün ərazilərə “böyük dünya” deyirdik.
Nədənsə həmişə Trud düzünün saqqız kimi yapışqan torpağına bataraq min bir əziyyətlə bu üç kilometrlik yolda addımlayarkən anlamadığım, mahiyyətini, mənşəyini dərk etməkdə çətinlik çəkdiyim acı bir qəhər elə hey məni boğurdu. Paltarları bir – birinə oxşayan, nimdaş geyimli, yolun kənarındakı sarımtıl payız otlarını, vaxtsız bitən vəhşi qanqalları dinməz-söyləməz tapdalaya-tapdalaya hansısa işıqlı bir qüvvəyə doğru irəliləyən bu uşaqlara ara-sıra keçib gedən maşınlar da saxlamırdı. O vaxtlar hər şənbə təkrar olunan bu uşaq köçünü görəndə nədənsə kövrəlirdim, acizliyimə acığım tuturdu, elə bilirdim ki, qalaktikaya səpələnən ulduzlara bənzəyən bu köməksiz uşaqlara kimsənin sahib durmaması, maşınların qıjıltı ilə onların yanından ötüb o tərəf – bu tərəfə keçməsi dünyanın ən böyük ədalətsizliyi və haqsızlığıdır. Və nədənsə həmiişə o mənzərəyə ürək ağrısı ilə baxarkən yadıma holland rəssamı V.van Qoqun məşhur “Günəbaxanlar” tablosu düşürdü.O tabloya fikir vermisinizmi, orada bir neçə günəbaxan təsvir olunub, amma günəşin özü isə yoxdur. Sadəlövhcəsinə düşünürdüm ki, bu uşaqları Trudun cəngindən alaraq xoşbəxt edə biləcək yeganə şey kiçicik “günəş”- avtobusdur, bir sərnişin avtomobilidir... Və hər dəfə özümə qəti söz verirdim ki, böyüyəndə hökmən vəzifə sahibi olacağam və böyük bir avtobus alıb internat-məktəbə bağışlayacağam ki, daha birinci sinifdən tutmuş onunucu sinfə kimi şagird kontingenti olan bu durna qatarı, bu günəşin sorağında olan günəbaxanlar Trud düzünün sərt, şaxtalı-qarlı qoynuna səpələnməsinlər.
Bax, neçə onilliklər keçsə də, mən hər dəfə şirkətimizin avtobusu həyətə daxil olanda bu cür ikili hisslər yaşayıram. Bu illər ərzində müxtəlif yerlərdə çalışdım, həyatın çox üzünü gördüm. Amma təəssüf ki, o uzaq illərin arzusunu yerinə yetirə bilmədim...Mən öz işimi qurduqda artıq nə iki il təhsil aldığım internat məktəb qalmışdı, nə də bomboz xatirələr kimi çöllərə, yolların kənarına səpələnmiş sısqa, kədərli məktəb uşaqları...
...Cavanşir Feyziyev maraqlı adamdır. Geniş mütaliəsi, sərrast mühakimələri və ən əsası, istənilən şəxsi cəlb edə biləcək çox güclü xarizması var. Heç vaxt insanlara öz fikirlərini mütləq şəkildə qəbul etdirməyə çalışmır, məntiqlə, intellektlə, fakt-sübutla fikirlərini elə izah edir ki, onun səmimiliyinə və dürüstlüyünə heç bir şübhə yeri qalmır. “Avromed” şirkətinin üçüncü mərtəbəsindəki kifayət qədər geniş və səliqə – səhmanlı kabinetində, pəncərənin qarşısında dayanarkən hər gün təkrar olunan işə hazırlıq prosesi, daha doğrusu, onun başlanğıcı zamanı pəncərədən baxarkən keçirdiyi hissləri elə detallarla açıqladı ki, düzü, tüklərim biz-biz oldu. Və təəccüb etdim ki, mən də həmin məktəbin məzunu olmuş və vaxtilə eyni hissləri yaşamışam, amma illər keçdikcə bu mənzərə tədricən yaddaşımdan silinib getmişdir...
Cavanşir müəllimi yəqin ki, digər yaşıdlarından və dostlarından fərqləndirən də məhz budur. O, həddən artıq həssasdır, heç nəyi, heç kimi unutmur, hər şeyə maraqla, yaradıcı şəkildə yanaşmağı bacarır, insanlarla asanlıqla dil tapır və onları konkret məqsəd və ideya ətrafında birləşdirə bilir. Ən əsası da odur ki, müxtəlif xarakterli, müxtəlif səviyyəli və dünyagörüşlü insanlar ona məmnuniyyətlə etibar edirlər. Bu isə praqmatik düşüncəli
BİZNESMEN,
RƏHBƏR
üçün ən vacib məqamlardan biridir. Onun fikrincə, müasir biznesmen ən əsas iki xüsusiyyətin mütləq daşıyıcısı olmalıdır: dürüstlük və inandırmaq bacarığının.
Sözə qüvvət: ... O vaxtlar, yəni keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə kooperativlər dalğası geniş vüsət almağa başladı. Bir neçə tələbə yoldaşım ilə birləşib, kiçik bir linqvistika kooperativi yaratmağa qərar verdik. Amma sən demə, bu o qədər də asan deyilmiş. Güc-bəla ilə kiçik bir otaq tapdıq, amma həmin otaq az qala ağzına qədər tikinti zibil və torpaqla dolu idi. Gecələr hamı yatdıqdan sonra səhərə qədər polietilen kisələrlə torpaq daşıyır, otağı boşaldırdıq. Dəqiq bilmirəm, təxminən 15-20 gündən sonra ilk müstəqil iş yerimiz olacaq bu otağın – “ofisin” sevincini yaşamağa, sözün əsl mənasında, bizdə hey qalmamışdı. Yeri gəlmişkən deyim ki, o vaxtlar mən indiki Azərbaycan Dillər Universitetini bitirdikdən sonra, rektor Zemfira Verdiyevanın təkidi ilə bu ali təhsil ocağında müəllim saxlanılmışdım. Çətin idi, az qala bütün sutkanı işləmək lazım gəlirdi, maddi sıxıntıdan doğan bir gərginlik, işimizin sonunun necə olacağı ilə bağlı bir nigarançılıq var idi. Hətta bu gərginliyə dözməyib gedən yoldaşlarımız da oldu, amma nə yaxşı ki, biz ruhdan düşmədik və yavaş – yavaş biznesdə öz yerimizi tutmağa başladıq...
C.Feyziyevin rəhbərlik etdiyi “Avromed” şirkətinin əsası 2001-ci ilin oktyabrında qoyulmuşdur. Qısa müddət – cəmi bir il ərzində müəssisə Avropanın GlaxoSmithKline, Les Laboratories Servier, Solvay Pharma, Pfizer H.C.P. Corporation və s. kimi 20 qabaqcıl əczaçılıq şirkətinin distribütoru olaraq geniş şöhrət qazanmışdır.
Şirkət 2003-cü ilin sonunda bir çox Avropa və Amerika əczaçılıq şirkətləri ilə əlaqələr yaradaraq öz məhsullarının çeşidini və əmtəə dövriyyəsini artırmışdır.
Sumqayıtda, Gəncədə, Şəkidə, Ağdaşda, Şamaxıda, Mingəçevirdə və Lənkəranda filialların açılması şirkətə bütün Azərbaycan ərazisində xidmət şəbəkəsi yaratmağa imkan vermişdir.
Bu gün “AvroMed” şirkəti Azərbaycan bazarında dünyanın aparıcı əczaçılıq şirkətlərinin yüksək keyfiyyətli məhsullarını realizə edən ən iri distribütor şirkətidir.
Şirkətin fəaliyyətinin əsas məqsədi – əhalini yüksək keyfiyyətli dərman vasitələrinin geniş çeşidi ilə təmin etmək və gətirilən məhsulların qiymətlərinin sabitliyini saxlamaqdan ibarətdir. Bu məqsədlərə nail olmaq üçün şirkət istehlakçıya məhsulun birbaşa çatdırılmasına xidmət edən müasir və səmərəli servis şəbəkəsi yaratmışdır.
Burada tələb olunan preparatı telefon, faks və yaxud elektron poçt vasitəsi ilə sifariş etmək mümkündür. Şirkətin xüsusi avadanlıqla təchiz olunmuş maşınlarının köməyi ilə sifariş çox qısa müddətdə yerinə yetirilir. Şirkətin bütün anbarları dərman preparatlarının etibarlı şəkildə qorunmasını təmin edən avadanlıqlara malikdir.Yüksək ixtisaslı xidmət heyəti sifarişlərin dəqiq və vaxtında yerinə yetirilməsini təmin edir.
Bundan əlavə, “AvroMed” dünyanın məşhur əczaçılıq şirkətlərindən biri olan GlaxoSmithKline ilə birgə əhalinin bir sıra təhlükəli xəstəliklərə qarşı peyvənd olunmasını həyata keçirir. Bakının iki mərkəzi xəstəxanasında əhalinin hepatit, qızılca, difteriya, qrip və digər xəstəliklərdən qorunması məqsədi ilə vaksinasiyadan ötrü kabinələr açılmışdır.
“Avromed” şirkətinin müştəriləri arasında ARDNŞ-ın mərkəzi xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, Respublika Mərkəzi Xəstəxanası və s. kimi 30 iri səhiyyə müəssisəsi vardır. C.Feyziyevin şirkətinin təklif etdiyi məhsulların müştəriləri arasında apteklər, xəstəxanalar, topdansatış şirkətləri – bütövlükdə1500-dən çox fiziki və hüquqi şəxs vardır.
Hazırda şirkətin istifadəsində Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İspaniya, Kanada, ABŞ, Polşa, Sloveniya, Fransa, Xorvatiya, İsveçrə, Yaponiya, Türkiyə və MDB ölkələrindən göndərilən 10000 adda dərman preparatı vardır.
Hazırda şirkət dünyanın 42 ölkəsinin 200 –dən çox istehsalçı və mal göndərən kommersiya strukturu ilə əczaçılıq və tibbi təyinatlı məhsulların alınması üzrə birgə çalışır.
... Bütün ciddi iş adamları kimi Cavanşir müəllim də öz işi haqqında uzun-uzadı danışmağı xoşlamır. Yuxarıda təqdim etdiyimiz informasiyanı xeyli sürən gərgin axtarışlar nəticəsində əldə etdik və təəccüblənməyə bilmədik: ixtisasca xarici dil müəllimi olan bir insanın kiçik bir şirkəti qısa müddət ərzində ölkənin ən böyük və aparıcı əczaçılıq nəhənginə çevirə bilməsi doğrudan da iqtisadi möcüzə deyildimi?
C.Feyziyev Şəki rayonun Böyük Dəhnə kəndində doğulub boya – başa çatsa da, bu bölgənin istənilən nöqtəsində onu tanımayan tapmaq çox çətindir. Qəribə burasıdır ki, insanlar Cavanşir müəllimin biznesdəki uğurlarından, bu sahədə keçdiyi çox uzun, gərgin və əzablı yol haqqında çox az bilgiyə malikdirlər. Təkcə Şəki rayonunda deyil, bütün Azərbaycanda o, sadəcə olaraq xeyirxah insan, xalq üçün son tikəsini belə əsirgəməyən bir
XEYRİYYƏÇİ
kimi daha məşhurdur. Ona üz tutanların, pənah gətirənlərin məskunlaşma coğrafiyası Azərbaycanın az qala bütün bölgələrini əhatə edir. Cavanşir müəllimin qapıları onu xoş niyyətlə, ümid və güvənclə döyənlərin üzünə həmişə açıqdır. Hələ indiyədək ehtiyacı olan bir kimsənin onun qəbulundan ümidsiz qayıtdığını heç kəs xatırlamır.
Sözə qüvvət: ...İki ilin söhbətidir. Dərsdəykən Cavanşir müəllim zəng vurub şirkətin ofisinə gəlməyimi xahiş etdi. Onun kiçik işdən ötrü insanı narahat etmədiyini bildiyimdən dərsdən sonra dərhal ofisə gəldim.
Yanında nimdaş geyimli, görkəmindən kənd əhlinə oxşayan ağsaqqal bir kişi, bir də yaşı təxminən 27-28 olan bir oğlan var idi. Hal – əhvaldan sonra adəti üzrə gülümsəyə-gülümsəyə soruşdu:
– Hə, yerlinizi tanıdınızmı?
Düzü, ağsaqqal mənə tanış gəlmədi. Qeyri-iradi həqiqəti dedim:
– Xeyr.
Təəccüblə gah mənə, gah da ağsaqqala baxdı:
– Bəs deyirsiniz Şəki rayonunun Turan qəsəbəsindənsiniz?
Nail kişi Cavanşir müəllimi hələ məktəb illərindən yaxşı xatırladığını, xüsusən onun qəsəbə ilə sıx əlaqələri olduğunu bildirdi və mənim də əslən qonşu Çayqaraqoyunlu kəndindən olduğum üçün qəsəbənin əhalisinin heç də hamısını tanıya bilməməmək ehtimalını bir kənd diplomatiyası ilə şirin-şirin vurğulamağı da unutmadı.
Məlum oldu ki, Nail kişinin bu oğlu anadan gəlmə lal-kardır. Uzun axtarışdan sonra onu evləndirmək fikrinə düşüblər, amma maddi vəsaitin yoxluğu ucbatından xeyir iş aylarla uzanır. Cavanşir müəllim xahiş etdi ki, bir yerdə oturub toy üçün zəruri olan məsrəfləri hesablayıb deyək.
Elə bircə saat ərzində xərclər hesablandı və iki ay sonra həmin oğlanın qəsəbədə təmtəraqlı toyu keçdi. İndi qəsəbədə yaşayan dostlarımız danışır ki, həmin oğlan Şəki rayon ikinci kənd seçki dairəsindən ölkə pralamentinə deputatlığa namizədliyini irəli sürmüş C. Feyziyevin qəsəbənin görməli yerlərinə vurulmuş portretlərinin yanında dayanaraq, onun məhz bu xeyirxah insan səbəbli ailə həyatı qurduğunu və xoşbəxt olduğunu jestlərlə hamıya anlatmağa çalışır...
Belə adamların sayı onlarla deyil, yüzlərlədir. Cavanşir müəllim danışır ki, anası – Şəki rayonunun tanınmış maarif xadimlərindən olan Əsmayə xanım da bir dəfə söhbət zamanı eyhamla soruşub ki, oğlunun ucdantutma hamıya, hətta bu köməyə ehtiyacı və mənəvi haqqı olmayanlara da əl tutması nə dərəcədə doğrudur? Dedim ki, ana, sən də şahidsən ki, atamız erkən həyatdan köçəndən sonra nə qədər məhrumiyyətlər keçirdik, böyük bir ailənin bütün problemləri sənin üstünə düşdü. Amma sən çətinlik və məşəqqətlər qarşısında sınmadın, min bir əziyyətlə bizə baxıb ali təhsil verdin, yol göstərdin, qardaşlarımı evləndirdin, bacılarımı gəlin köçürdün. O məhrumiyyətlər, ağır günlər heç vaxt yadımdan çıxmır və yəqin bu hisslər məni bütün həyatım boyu müşayiət edəcək. Bax, ona görə də mənə müraciət edənlərin hər birinin problemlərinə kömək göstərərkən ən birinci məsləhətçim və yolgöstərnim keçdiyim həyat yolu olur. Digər tərəfdən isə düşünürəm ki, yəqin ki, belə əməllər heç vaxt unudulmur və nə vaxtsa – biz həyatda olmayanda belə əl tutduğumuz insanların, heç olmazsa 20 faizi bu insani yardımı unutmayıb, borcunu başqa insanlara qaytararsa, deməli, bu həyatda hələ yaşamağa və alnıaçıq-üzü ağ gəzməyə dəyər...
Cavanşir müəllim ziyalı ailəsindəndir. Onu tələbəlik illərindən yaxşı tanıyan dostlarının deməsinə görə, o, iş adamı olmaqla bərabər Azərbaycanı çox istedadlı, fundamental təhlil qabiliyyətinə malik, dilçilik və fəlsəfə elmini, ümumiyyətlə müxtəlif elm sahələrini irəli aparacaq istedadlı və işıqlı bir
ALİM
kimi də istənilən səviyyədə təmsil etməyə qabil ziyalıdır. Maraqlı burasıdır ki, C.Feyziyev bu qədər nəhəng kommersiya fəaliyyəti ilə yanaşı, elmin sirlərinə də yiyələnməyə, yeni-yeni elmi axtarışların, fundamental, aktual istiqamətlərin, araşdırmaların əsasını qoymağa da vaxt tapır. Beş dildə – ingilis, fransız, rus, türk və Azərbaycan dillərində mükəmməl danışan və yazan Cavanşir müəllim 2004-2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında “Etno–siyasi münaqişələrin mənəvi aspektləri” mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2002-ci ildə “Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri” adlı kitabı ingilis dilində, 2008-ci ildə “Sülh fəlsəfəsi” adlı elmi-publisistik kitabı Azərbaycan dilində çap olunmuş, 17 elmi məqaləsi Azərbaycan və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda tarixi, ictimai və siyasi mövzularda 50-dən çox məqalənin müəllifidir. “Qızıl qələm” mükafatı laureatı olan Cavanşir müəllim hazırda fəlsəfə elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası üzərində çalışır.
Azərbaycanın xalq şairi, ölkənin Milli Elmlər Akademiyasının akademiki, unudulmaz ədəbiyyat korifeyi Bəxtiyar Vahabzadənin ömrünün son günlərində ən çox təmas qurduğu, itirib-axtardığı, etibar etdiyi ziyalılardan biri, bəlkə də ən birincisi Cavanşir müəllim idi. Onlar tez-tez görüşər, müasir elmin və ədəbiyyatın, eləcə də sirli – soraqlı dünyanın çağdaş problemləri barədə fikir mübadiləsi etməkdən yorulmazdılar. Azərbaycan ədəbiyyatının həmişəyaşar möcüzəsi olan dahi sənətkarın, son illər, deyəsən, ürəyinə nəsə damıbmış. Cavanşir müəllimlə söhbətlərinin birində əsərlərinin tam külliyatının nəşrinə başlamağın vaxtı çatdığına eyham edir.
C.Feyziyev bu missiyanın onun üçün şərəf və qürur işi olduğunu bildirərək, dərhal işə başlayır və qısa müddət ərzində öz şəxsi vəsaiti hesabına Bəxtiyar Vahabzadənin seçilmiş əsərlərinin 12 cildliyini çapa hazırlayıb nəşr etdirir.
Deyilənə görə, bu nüsxələr Bəxtiyar müəllimin çox xoşuna gəlib və Cavanşir müəllimi yanına çağıraraq bütün arxivi üzərində araşdırmalar aparmağı və gələcəkdə onun əsərlərinin tam külliyatının nəşri işinə ümumi rəhbərliyi ona həvalə edir. Sən demə bu böyük şairin həm də son vəsiyyəti imiş...Bu işin əhəmiyyətini göstərmək üçün bildirək ki, B.Vahabzadənin əsərlərinin külliyatını tam əhatə etmək üçün 25 cildlik yeni külliyat buraxmaq qərara alınmışdır.
Cavanşir müəllim haqqında söhbət düşəndə onu yaxından tanyanlar istər – istəməz hökmən “səmimi, ədalətli və ürəyiyumşaq insandır”, “böyüklə böyük, kiçiklə kiçikdir”, “əsl Allah adamıdır”, “kasıbların, kimsəsizlərin pənahıdır” kimi epitetlərdən geninə-boluna istifadə etməkdən yorulmurlar. Bəlkə də buna əsas səbəb C.Feyziyevin milli burjuaziyanın nümunəvi
VƏTƏNDAŞ VƏ İNSAN
kriteriyalarını ən dolğun və ən təvazökar formada reallaşdıran azsaylı nümayəndələrindən biridir. Sahibkarlar təbəqəsinin bəzi bədnam nümayəndələrinin tam əksinə olaraq C.Feyziyev ən müasir menecment və marketinq strategiyasının uğurlu tətbiqi nəticəsində mənfəət əldə edərkən, bu gəlir onun cəmiyyətdən, insanlardan uzaqlaşması ilə deyil, əksinə, onlara daha da yaxınlaşması, ictimai problemlərə daha həssas və insani mövqedən, vətəndaş məsuliyyəti prizmasından yanaşması ilə nəticələnir. Və bu tendensiya sonda bir ləyaqət, bir həyat tərzi və vətəndaş təəssübkeşliyi məsələsinə çevrilir.
Qeyd etdiyimiz kimi, keçdiyi mürəkkəb və risklərlə dolu həyat yolu onu nəinki sərtləşdirmiş, əksinə, gənc olmasına baxmayaraq insanlara daha müdrikcəsinə qiymət verməsi və rəhmdilliyi ilə nəticələnmişdir. Cavanşir müəllim çox mülayim, tərbiyəli, kifayət qədər aristokrat və bir o qədər də sadə adamdır. Onun insanlara verdiyi dəyəri, böyük və xeyirxah qəlbinin möcüzələrini onunla hər gün çiyin-çiyinə çalışan istənilən şəxs asanlıqla duya və görə bilir...
...Bayaq göstərdik, nəinki Şəki rayonunda, hətta ətraf bölgələrdə də Cavanşir müəllimi tanımayan, onun haqqında eşitməyən adam tapmaq qeyri-mümkündür. Cavanşir müəllim il ərzində Şəkiyə bir neçə dəfə baş çəkməsinə baxmayaraq, buranın ən arzu və hörmət edilən şəxsinə, maraq göstərilən və hər evdə – ocaqda sözü –sorağı danışılan simaya çevrilmişdir.
Ona görə də Cavanşir Feyziyev çoxsaylı seçicilərin həqiqi istəyini nəzərə alaraq öz namizədliyini Milli Məclisə deputatlığa irəli sürəndə, bu addım rayonda sözün mənasında bir bayram ab-havası yaratdı. Hələ C.Feyziyevin namizədliyi rəsmi qeydiyyatdan keçməmiş rayonun müxtəlif kəndlərindən “ AvroMed” şirkətinə yüzlərlə təbrik və dəstək məktubları, teleqramları axışmağa başladı. Ən maraqlısı bu idi ki, məktub göndərən şəxslərin xeyli hissəsi heç 115 saylı Şəki kənd ikinci seçki dairəsinin ərazisində yaşamırdı, amma vaxtilə Cavanşir müəllimin etdiyi hansısa insani münasibətə cavab olaraq ona doğma adamları kimi dəstək verməyi bir vicdan borcu hesab etdilər.
Məhz bu səbəbdən də rayonun 42 seçki məntəqəsində oktyabrın 15-dən başlayan seçkiqabağı görüşlər görünməmiş coşqu və izdihamla keçirilir. Hər yerdə Cavanşir müəllimə sanki möcüzə kimi baxır, onun kəndlərin sosial – iqtisadi inkişafı, infrastrukturların yaradılması yolunda əlindən gələni əsirgəməyəcəyinə ürəkdən inanırlar.
Rayonda C.Feyziyevin reytinqi o qədər yüksəkdir ki, onun görüşləri keçirilən kəndlərdə ondan sonra digər namizədlərin seçicilərlə dialoqu ya baş tutmur, ya da görüşə gəlmiş seçicilərin sayı o qədər az olur ki, çox vaxt bu tipli tədbirləri təxirə salmaq lazım gəlir.
Cavanşir Feyziyevi isə bütün yaşayış məntəqələrində kiçikdən böyüyə bütün sakinlər sevinclə, alqışlarla qarşılayırlar. Bax, budur əsl el məhəbbəti, xalq sevgisi! Bax, budur sadəliyin, əsl millət təəssübkeşliyinin halal bəhrəsi!
... Sovet yazıçısı A.Fadeyev hələ 1956-cı ildə S.Vurğuna göndərdiyi məktubunda göstərirdi ki, hər bir insanın, sənətkarın xalqın sevimlisinə çevrilməsi üçün ən vacib şərt onun öz elinə, obasına və xalqına bağlı olmasıdır...
Cavanşir Feyziyevin bu seçkilərdə Milli Məclisə deputat seçiləcəyi heç kəsdə, hətta onun rəqiblərində də şübhə doğurmur. Bunu müstəqil qurumların keçirdiyi rəy sorğuları da, başa çatmış görüşlər də bir daha açıq – aşkar şəkildə təsdiq edir.
Çoxlarına bu inam- Cavanşir müəllimin ölkə parlamentinin üzvü olacağı faktı kifayət qədər məntiqi və qanunauyğun təsir bağışlayır. Amma bu real perspektivin sirrinə təəccüb qalanlar, heç şübhəsiz, ən vacib amili nəzərdən qaçırırlar-Cavanşir müəllimin uğurlarının bünövrəsi soyuq qış günlərində şosse yolunun kənarı ilə boğazına dolan qəhəri boğub irəliyə nikbin baxanda, öz işıqlı idealları uğrunda gecə-gündüz mübarizə aparanda, insanların ağrıları, dərd – sərini özününkü biləndə, onlara dayaq, arxa olanda, ona pənah gətirmiş yüzlərlə insanı naümid qaytarmayanda, 2000-dən çox ailəyə daimi iş verəndə, özünü xalqdan ayrı təsəvvür etməyəndə və bütün fəaliyyətini məhz bu fədakarlıq fəlsəfəsi üzərində quranda qoyulmuşdu.
Xalqla olanın, ona arxalananın isə yeri həmişə başda olub, olmuş və həmişə də belə olacaqdır!
Tofiq YUSİFOV, “Təfəkkür” Universitetinin  professoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər  Birliyinin üzvü




Bu yazı ( 2786 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar