12px14px16px18px

Böyükağa Hacıyev: “Tərlan Əhmədov və Kamal Quliyev nə vaxtdan məşqçi olublar?”

00:18 / 24.05.2012
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi

– Altı futbolçuyla yolları ayırmaq qərarı verdiniz. Belə radikal addım atmağınız nə dərəcədə doğru idi?
– Təəssüflər olsun ki, “Neftçi”dən gedən oyunçuların çoxusu səviyyəli futbolçular idi. Onların içərisində Rəşad Abdullayev, Slavço Georgiyevskini xüsusi vurğulamaq olar. Ancaq bu futbolçuların klubla müqaviləsi başa çatır. Və “Neftçi”yə təzə qan lazımdır.
– Rəşad Abdullayev mətbuata açıqlamasında “Neftçi”nin ona qarşı atdığı qərarın bir az qaranlıq qaldığını söyləmişdi.
– Sizə bir söz deyim ki, Rəşad Abdullayevin sabah getməyindənsə, bu gün getməsi daha yaxşıdır. Çünki bu futbolçu bekar qalmayacaq. Rəşadın elə potensialı var ki, istənilən komandada çıxış edə bilər.
– Yola saldığınız futbolçuların yerini doldura biləcəyinizi düşünürsünüzmü? Ümumiyyətlə, kimlərisə nəzərinizdə tutmusunuz?
– Açığı, bu haqda fikirləşmirəm. Heç fikirləşmək də istəmirəm. Niyə? Çünki komandada iki nəfər seleksiyaçı məşqçi var. Gedib, tapıb gətirsinlər. Ancaq son sözü mən deyəcəyəm.
– Komandadan yola saldığınız futbolçuların vaxtından qabaq getməsində onların intizamsız davranışlarının da böyük rol oynadığını söyləmək olar?
– Əlbəttə, bu, xüsusi rol oynadı.
– Bu qərar birbaşa sizə aid idi, yoxsa klub rəhbərliyinin istəyi oldu?
– Bizdə birbaşa qərar yoxdur. “Neftçi”də hər şey birlikdə müzakirə olunur. Ondan sonra ortaq məxrəcə gəlinir.
– Deyilənə görə daha iki futbolçu – Rail Məlikov və Mirhüseyn Seyidovun komandadan gedəcəyi gözlənilir.
– Nə vaxt ki, komanda qalib gəlir, hər kəs üzünü mənə çevirərək deyir, biz udduq. Yox, nə vaxt ki, komanda uduzur, hamı Böyükağa Hacıyevin uduzduğunu söyləyir. Qaldı ki dediyiniz bu futbolçuların komandadan getməsinə, bu barədə heç nə deyə bilmərəm. Çünki hər şey onların öz əllərindədir. Əgər özlərini yaxşı tərəfdən göstərə biləcəklərsə, oynayacaqlar. Mənim kiminlə nə işim var ki.
– Bəs, Ruslan Abışovun taleyinə necə, hələ aydınlıq gəlməyib? Bu futbolçunun “Neftçi”də qalmasında maraqlısınız?
– Həddindən artıq. Çünki həm futbolçu, həm də bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Ondan hansısa çatışmazlıq tapmaq mümkün deyil.
– “Neftçi”nin sükanı arxasına keçən zaman demişdiniz ki, Sadıq Sadıqova söz vermişəm ki, “Neftçi”ni çempion edərək komandadan gedəcəm. İndi məsələ nə yerdə qalıb?
– İlk öncə deyim ki, komandanı çempion etmək mənim üçün problem deyil. Kim istəyir ki, çempion olsun, gəlsin, mənim yanıma. Ən əsas məsələ çempionluğu qoruyub saxlamaqdır.
– Belə söhbətlər gəzir ki, “Neftçi”də əsas işləri Böyükağa Hacıyevin köməkçiləri olan Tərlan Əhmədov və Kamal Quliyev görür. Yəni, çempionluqda daha çox onların əməyi var. Bu barədə nə deyə bilərsiniz?
– İlk öncə sualınıza sualla cavab verim. Nə vaxtdan onlar məşqçi olublar? Əgər bu deyilənlərə Tərlan və Kamal çıxıb mətbuatda, camaatın sözlərinə öz münasibətlərini bildirməyiblərsə, deməli söz-söhbətlərdə onların da payı var. Gərək, çıxıb cavablarını verərdilər. Kamal Quliyev hansı futboldan danışır? Futbolçu başqadır, məşqçi başqa. Tərlan Əhmədov neçə illərdi Azərbaycan futbolundadır. İlk dəfədir ki, indi çempion oldu. “Xəzər Lənkəran” klubunda Ağasəlim Mircavadovun yanında niyə çempion eləmədi? Əsgər Abdullayevin yanında “Olimpik” komandasında niyə çempion eləmədi? Kamal Quliyev birinci ildir ki, məşqçilik edir. Demək indidən başlayıb şahlıq iddiasına. Mən çox uzun müddət gözlədim ki, yayılan söhbətlərə münasibət bildirəcəklər. Ancaq çox təəssüflər olsun ki, bunu görmədim.
– Komandanı yenidən komplektləşdirməyə başlamısınız. Transferləri həyata keçirmək üzrə işlər hansı səviyyədə gedir?
– İstədiyimiz futbolçuların komandaya cəlb edilməsi üçün çox möhkəm işlər aparılır. Həmçinin komanda üçün yaxşı psixoloq da tapmışam. Komandayla həmin psixoloq işləyəcək.
– Yəqin ki, transfer edəcəyiniz futbolçular daha çox Latın Amerika ölkələrindən olacaq. Bu belədir?
– Yaxşı futbolçu harda varsa, ordan da gətirəcəyik. Ancaq yəqin ki, Braziliyadan gələcək futbolçular daha çox olacaq.
– Zədə üzündən uzun müddət komandasına kömək edə bilməyən Rodriqinyonun vəziyyəti nə yerdədir?
– Hər şey əla gedir. Braziliyalı yaxın zamanlarda məşqlərə başlayacaq. Rodriqinyonun çıxışını o vaxt görmüşdüm. Sözün düzü, çox xoşuma gəlmişdi.
– Yeni transferlərdən olan Rəşad Sadiqov barədə nə deyərdiniz? Səmimi deyin, Rəşad Sadiqovu makedoniyalı Slavço Georgiyevskidən hansı komponentlərə görə üstün hesab etdiniz?
– Rəşad hər şeydən öncə azərbaycanlı olduğu üçün “Neftçi”dədir və mentalitetimizi çoxlarından yaxşı bilir. Burada nizam-intizam qaydalarını da vurğulamaq olar.
– Deyilənə görə, “Neftçi”də toxunulmaz oyunçular var.
– Bizim komandada “lyubimçik” futbolçu yoxdur. “Neftçi” ailəsində hər kəsin bir “lyubimçiki” var: o da klubun prezidenti Sadıq Sadıqovdur. Hər birimiz onu səmimi qəlbdən sevirik.
Əli HƏYATİ





Bu yazı ( 14 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar