12px14px16px18px

Zeynal Məmmədov: “Bu məsələni Hafiz Məmmədov müəyyən edəcək”

14:27 / 17.05.2012
 
 
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
 
 
– Komandanızın bu mövsümdəki çıxışına necə qiymət verərdiniz?
 
– Özünüz də bilirsiniz ki, “Bakı” hər zaman həm çempionluq, həm də ölkə kubokunu qazanmağa oynayır. Bu mənada, bu mövsümü bizim üçün uğurlu saymaq olmaz. Çünki çempionatda 6-cı yeri tutmaq “Bakı”nın imicinə uyğun deyil. Lakin kubokun final görüşü baş tutacaq. Əgər, kuboku qazana bilsək, bunu özümüz üçün hardasa, təsəlli hesab etmək olar. Çünki ən azı mövsümü titulla qapaya biləcəyik. Yenə deyirəm, “Bakı” hər zaman çempionluğa oynayır.
 
– Ümumiyyətlə, final oyunundan nə gözləyirsiniz?
 
– Bilirsiniz ki, kubok oyunları çempionat qarşılaşmalarından fərqlidir. Rəqibimiz “Neftçi”yə böyük hörmətimiz var. Fikrimcə, maraqlı bir oyun olacaq. Kimin qalib gələcəyini isə oyunun sonunda biləcəyik.
 
– Yəqin ki, kuboku qazansanız, futbolçularınıza yaxşı mükafat verəcəksiniz...
 
– Futbolçulara nə qədər mükafat veriləcəyini klubun prezidenti Hafiz Məmmədov müəyyən edəcək. Mükafat futbolçuların oyuna yaxşı motivasiya olmasında böyük rol oynayır.  Ancaq onu deyim ki, mükafat olmasa da, “Bakı” futbolçuları kuboku qazanmalıdır.
 
– Final qarşılaşmasından öncə söhbətlər dolaşır ki, “Neftçi” bilərəkdən “Bakı”ya oyun verəcək. Bu iddialara sizin münasibətiniz necədir?
 
– Bunlar boş söhbətdir. Finalda özünüz hər şeyin şahidi olacaqsınız.  Belə şayiələr hər zaman var və olacaq da. Yenə deyirəm, “Bakı” heç bir çirkin oyunlara getmir və bundan sonra da getməyəcək.
 
– Ancaq çempionatın son turunda səfərdə “İnter”lə oyunda “Bakı”nın meydana ikinci heyəti buraxması, əlavə söz-söhbətlərə yer açdı. Bu barədə nə deyərdiniz?
 
– Dediyim kimi, şayiələr hər zaman olur. Bunun qarşısını nə siz, nə mən, nə də, başqası ala bilər. “İnter”lə görüşə gəlincə, ikinci heyət futbolçuları da bizə məxsusdur. Onlara da biz inanırıq. İstənilən klub rəhbəri, baş məşqçi nə olursa-olsun, birinci növbədə qarşıdakı vacib və ağır oyununu fikirləşməlidir. Baş məşqçimiz əsas heyətin futbolçularını qorumaq məqsədilə bu addımı atmışdır. Həmçinin, burada meydança amili də nəzərə alınıb. Özünüz bilirsiniz ki, “Şəfa” stadionun meydançası hansı vəziyyətdədir. 
 
– Artıq Avroliqaya vəsiqə qazanmısınız. Bununla əlaqədar transfer məsələlərinə başlanılıbmı?
 
– Bizdə transfer məsələlərində işlər hər zaman aparılır. Bizim məqsədimiz Avroliqaya çıxmaq deyildi. Ən birinci məqsədimiz Azərbaycanda titul qazanmaq idi. Yəni ilk növbədə, qarşımızda ya çempion olmaq, ya da kuboku qazanmaq vəzifəsi dururdu. Artıq Avroliqaya da vəsiqə təmin etmişik. Hesab edirəm ki, “Qarabağ”dan sonra bu gün “Bakı” Azərbaycan klubları arasında reytinqdə hər kəsdən irəlidədir. Biz çalışacağıq ki, mövsümü kuboku qazanmaqla qapadaq ki, əlavə söz-söhbətlərə yol açılmasın.
 
– Mövsümün sonu klubdan gedənlərin siyahısı bəllidir?
 
– Əlbəttə, gedənlər və gələnlər olacaq. Ancaq hazırda yalnız kubok oyunu haqda düşünürük. Bütün bunlara final oyunundan sonra aydınlıq gələcək. Həmçinin məşqçi məsələsi də yalnız oyundan sonraya qalıb.
 
– Avroliqada mərhələ adlamaq şanslarınızı necə görürsünüz?
 
– Mən bu yarışda həm özümüzə, həm də digər klublarımıza uğurlar arzulayıram. Heç olmasa, Azərbaycanı Avropada təmsil edən klublardan ən azı biri qrup mərhələsinə düşməlidir. Buna biz “Bakı” olaraq çox sevinərik. Öz şansımıza gəlincə, göydə Allah, yerdə bəndə. Mən fikirləşirəm ki, “Bakı” Azərbaycanı layiqincə təmsil edəcək. Lakin hara kimi gedəcəyimizi deyə bilmərəm.
 
Əli HƏYATİ
 



Bu yazı ( 31 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar