12px14px16px18px

Azad Rəhimov məşhur agentliyə müsahibə verdi

“BAKI 2020-DƏ MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR"

12:22 / 12.05.2012
10 may tarixində Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu ölkədə səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Bununla yanaşı nazir, dünyada məşhur olan “Reuters" agentliyinə müsahibə verib.
Nazir bildirib ki, 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini verən Bakı mövqeyini daha da gücləndirir.
Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna ayırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020-ci il Yay Olimpiya Oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq öz mövqeyini gücləndirir.
“Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük" - deyə, A.Rəhimov Yunanıstanda 2012-ci il London Olimpiya məşəlinin yandırılması mərasimində dünya şöhrətli “Reuters" agentliyinə müsahibəsində söyləyib.
Bu ayın sonu Beynəlxalq Olimpiya Komitəsi növbəti mərhələyə keçəcək şəhərlərin adlarını açıqlayacaq. Bakının Tokio, İstanbul, Doha, Madrid kimi rəqibləri var. 2013-cü ildə Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını elan edəcək.
2016-cı il Olimpiya Oyunları üçün namizədlik mübarizəsinin ilk mərhələsindən keçməyən Bakının ikinci dəfə namizədliyinə ilkin mərhələdə böyük ümidlər yox idi. Lakin hazırda 2020-ci il Oyunları üçün mübarizədə Bakının mövqeyi xeyli güclənib.
İddiaçı şəhərlərdən biri olan Roma ölkəsində baş verən iqtisadi böhranla bağlı olaraq mübarizədən imtina edib.
Olimpiya Oyunları mücadiləsinə artıq 3-cü dəfə qoşulan Madrid isə aprel ayının əvvəllərində iqtisadi durğunluq və ciddi büdcə kəsiri ilə üzləşib.
Türkiyənin futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi iddiasını irəli sürməsi isə ölkənin iki aylıq zaman fərqi ilə iki nəhəng beynəlxalq idman yarışı təşkil edə biləcəyi ətrafında ciddi şübhələrə səbəb olub.
BOK bildirir ki, onun nizamnaməsi hər hansı şəhərin paralel iki namizədlik iddiasında olmasını qadağan etmir. Lakin 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinin İstanbula verilməsi reallaşsa BOK mayın 15-dək Avropa çempionatı üçün hazırda yeganə iddiaçı olan Türkiyədən futbol turnirindən öz namizədliyini geri götürülməsini tələb edəcək.
Nazirin sözlərinə görə, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait xərcləyib və böyük enerji resuslarının hesabına məhz elə həmin müddət ərzində ölkə iqtisadiyyatı 900 faiz artıb.
“İnsanlar Bakı haqqında fikirlərini və bu şəhərə olan münasibətlərini artıq dəyişiblər. Ölkəmizi və paytaxtımızı dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos Ayres toplantısına qədər mübarizədə qalib gələ biləcəyik.
2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının Rio de Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakının qismətinə düşəcək. Düşünürəm ki, Olimpiya Oyunları daim yeni regionlarda keçirilməlidir. Elə buna görə Rionun qələbəsinə çox sevindim" - deyə, A.Rəhimov vurğulayıb.
Anar CƏFƏRSOY



Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar