12px14px16px18px

Ümummilli liderin xatirəsinə həsr olunmuş veloturun 2-ci mərhələsi başa çatıb

12:21 / 12.05.2012
Ümummilli liderin xatirəsinə həsr olunmuş veloturun 2-ci mərhələsi başa çatıb.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun ikinci mərhələsində velosipedçilər Bakı və İsmayıllı arasında 176 km məsafəni qət ediblər. Mərhələnin qalibi Diputaciun de Avila - Smilekers.com komandasının nümayəndəsi İspaniaylı Diego Rubio Hernandez olub. Yarışın ümumi liderliyini CMC (Dünya Velosiped Mərkəzi) komandasını təmsil edən Əlcəzair idmançısı Yusif Rəqiqi ələ keçirib. Gərgin mübarizə yürüşün əvvəlindən başlayıb. Velosipedçilərin çoxu önə keçməyə çalışıblar. 20 kilometrdən sonra peloton iki qrupa bölünüb və tezliklə 28 yarışçıdan ibarət öndəki qrup 2 dəqiqəyə yaxın üstünlük toplayıb. Bu qrupdan bir neçə velosipedçi irəli atılmağa çalışdı və birinci dağ sprintindən sonra dörd idmançı buna nail olub. Sonra daha iki velosipedçi onlara qoşulub. Qrupu Sumqayıt idman klubunun təmsilçisi olan İranlı Əli Aşkbus arxasınca aparıb. Qrup 1 dəqiqə fərqlə irəli keçib. Yürüşün təxminən 90 km-dən sonra 2008-ci il “Tur de Frans” yarışının qalibi olmuş Karlos Sastre tərəfindən idarə olunan Diputaciun de Avila - Smilekers.com komandasının nümayəndələrindən ibarət olan ikinci qrup qarşıdakı qrupa çata bilib. İkinci aralıq sprintindən sonra beş velosipedçi yenidən qabağa atılıb. Onlardan yalnız biri, Litvalı Zidrunas Savitskas (Gediminas Gruodis komandası) qrupdan aralanmağı bacarıb, lakin sonuncu yoxuşda daha 8 idmançı ona qoşulub. İsmayıllıya çataçatda kəskin mübarizə yaranıb, öndəki 9 velosipedçidən üçü (Rubio, Rəqiqi və Savitskas) yürüşün önünə keçiblər. Nəhayət, şəhərin küçələrindəki sonuncu kilometrdə Rubio onu müşaiyət edənlərdən ayrılmağa bacarıb və finiş xəttinə onu təqib edən Rəqiqidən 12 saniyə tez çatıb. Buna baxmayaraq, veloturun göy lider köynəyi Rusiyalı Aleksandr Qriqoryevdən məhz Yusif Rəqiqiyə keçib. Dünənki yürüş də çox sürətli başlayıb. İlk ayrılmada bizim Avila-Smilekers.com komandasının velosipedçiləri yox idi, ona görə öndəki qrupu təqib etmək işi bizə düşüb,” - deyərək Diego Rubio ikinci mərhələ haqqında fikirləri ilə bölüşüb: “Mən bu yarışa böyük ümidlərlə qoşulmuşam. Bu gün ayaqlarımla yaxşı işlədim. Hava çox isti, məsafə isə çox uzun və çətin idi. Bunlara baxmayaraq, mən bu gün birinci oldum. Növbəti mərhələlərdəki çıxışlarımı proqnozlaşdırmaq istəməzdim - hər günün öz hökmü var”.
Yarışın yeni lideri, Əlcəzairin nümayəndəsi Yusif Rəqiqi bunları bildirib: “Yarış birinciliyi haqqında düşünmürdüm, sadəcə bu mərhələdə qalib gəlmək istəyirdim. Öndəki qrupda olan digər velosipedçilər ilə çətin mübarizə aparırdım, lakin Rubionun həmləsini dəf edə bilmədim. Yürüşün lideri olmaq mənim üçün xoş bir sürprizdir. Liderliyimin qorunmasına gəlincə, komandamızın idman direktorunun məsləhətinə baxacam”.
“Ən güclü Azərbaycanlı velosipedçisi olmaq mənim üçün şərəfdir”, Sumqayıt idman klubu təmsilçisi Qurban Tağıyev bildirib: “Bu, mənim iştirak etdiyim ilk rəsmi yarışdır. Uzun və çətin bir mərhələdə yaxşı sürdüyümdən çox məmnunam. Dünyanın ən yaxşı velosipedçilərinə çatmaq üçün bizə bir az da məşq etmək və təcrübə toplamaq lazımdır. Veloturda bir çox güclü velosipedçi var və bizi çox maraqlı yarış gözləyir”.
Lider köynəyi (göy): Yusif Rəqiqi (Əlcəzair), Centre Mondial du Cyclisme komandası
Sprinter köynəyi (yaşıl): Diego Rubio Hernandez (İspaniya), Diputaciun de Avila - Smilekers.com komandası
Dağ köynəyi (qırmızı): Bəxtiyar Kojatayev (Qazaxıstan), Qazaxıstan yığması
“Odlar yurdu” köynəyi: Qurban Tağıyev (Azərbaycan), Sumqayıt idman klubu
Komanda birinciliyi: Centre Mondial du Cyclisme - Dünya Velosiped Mərkəzi.



Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar