12px14px16px18px

Namiq Yusifov: “Karyeramda cəmi bir qol vurmuşam, onu da öz qapımıza”

01:00 / 09.05.2012
 
“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqanın 32- ci turunda səfərdə öz meydanında inamlı təsir bağışlayan “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu görüş barəsində nə deyə bilərsən?
– Lənkərandakı oyunlar hər zaman ağır keçir. Heç vaxt oradakı oyunlar bizim üçün rahat keçməyib. “Xəzər Lənkəran” evdə heç kimə asan xal verən komanda deyil. İnşallah, əlimizdən gələni edəcəyik ki, avrokuboklara gedək.
– Lənkəranda böyük azarkeş kütləsi qarşısında oynamaq sizə çətin olmayacaq?
– Əksinə xeyrimizə olacaq. “Qarabağ” il ərzində bir avrokubok, bir də Lənkərandakı oyunlar zamanı bu qədər azarkeş önündə oynayır. Ona görə bizə belə coşqu altında oynamaq çətin olmayacaq. Əksinə belə mühit oyuna əlavə rəng qatacaq.
– Yəqin ki, mövsümün son oyununun sizin üçün nə qədər önəmli olduğunu yaxşı başa düşürsünüz?
– Bunu çox gözəl başa düşürük. Belə bir vacib qarşılaşma olmasaydı belə, yenə də “Qarabağ” əlindən gələni edəcəkdi ki, “Xəzər Lənkəran”ı məğlub etsin. Avroliqaya vəsiqə qazanmasaq da, bizim üçün hər bir oyun əhəmiyyətlidir. Avroliqaya düşməmək də olar. Bu o demək deyil ki, “Qarabağ”ın futbolçuları və ya məşqçisi pisdir. Hər oyunda istədiyin nəticəni əldə etmək olmur. Birdə görürsən ki, yaxşı oynasan da, qol imkanlarından istifadə edə bilmirsən və nəticədə xal itirirsən.
– Qol vurmaqdan söz düşmüşkən, sən nə vaxt qol vuracaqsan?
– Təəssüf ki, “Qarabağ”ın heyətində hələ bu sevinci yaşamamışam. Lakin birinci dəstədə oynayarkən bir dəfə qol vurmuşam. Onu da öz qapımıza (gülür).
– Qayıdaq, yenidən Lənkərandakı oyuna. Qələbə qazanmaq şanslarınızı necə dəyərləndirərdin?
– Bizə “Xəzər Lənkəran”la görüşdə heç-heçə sərf etməyəcək. Lakin futbolda nəyisə qabaqcadan proqnozlaşdırmaq olmur. Ancaq çalışacağıq ki, oyunda qalib gələk. Belə götürəndə “Xəzər Lənkəran” məğlubedilməz deyil. Onları səfərdə də məğlub etməyi bacarmışıq. Fikrimcə, “Qarabağ”ın oyunu Lənkəranda yaxşı alınır. Mən hər zaman demişəm ki, əgər “Qarabağ”ın oyunu alınarsa, Azərbaycanda heç bir komanda onu dayandıra bilməz.
– “İnter”lə oyunda da mərkəzdə çatışmazlıqlar özünü göstərirdi. Bir sözlə, Rəşad Sadiqovun Lənkərandakı qarşılaşmada olmaması komandanızın çıxışına hansısa təsir göstərəcəkmi?
– Onun olmamasının komandanın oyununa lap ciddi təsir etdiyini demək düzgün deyil. Çünki futbol fərdi deyil, komanda oyunudur. Demək olmaz ki, filankəs yoxdur deyə, “Qarabağ”ın oyunu alınmayacaq. Mən demək istəmirəm ki, Rəşad pis oyunçudur. Hazırda bizim əlimizdə hansı futbolçular varsa, onlardan istifadə etməliyik. Komandanın “İnter”lə oyunu mənim çox xoşuma gəldi. Çünki uşaqlarda qələbə qazanmaq üçün qeyri-adi bir istək vardı. Komandamız “İnter”in qapısına qol vurarkən özümü saxlaya bilməyərək, ağladım. Məndə hələ belə bir şey olmamışdı. Hətta məşqçilər heyətində də gözləri yaşaranlar oldu. Düzdür, bunu özüm görməsəm də, eşitdim. Hər kəs çox duyğulanmışdı. Həmin oyunda qələbəni çox istəyirdik.
– Şayiələr gəzir ki, “Bakı” digər paytaxt təmsilçisi “İnter”ə üç xal verəcək. Bu barədə nə düşünürsən?
– Onu dəqiq deyə bilmərəm. Hər kəs öz vicdanı qarşısında cavab verməlidir. Lakin bir şeyi yaxşı bilirəm ki, iki il öncə “Bakı” səfərdə “Xəzər Lənkəran”ı məğlub edərək bizə çempion olmaq şansını yaraatmışdı. Lakin “Neftçi”yə qalib gələ bilmədiyimiz üçün “İnter”lə qızıl oyunda oynamaq şansımızı əldən verdik.
Əli HƏYATİ



Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar