12px14px16px18px

Rəşad Sadiqov: “Qurban Qurbanovla aramızda heç bir problem olmayıb”

12:27 / 05.05.2012
“Qarabağ” klubundan ayrılaraq “Neftçi”yə  keçəcəyini açıqlayan komandanın kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi

– “Neftçi”yə keçməyin hansı zərurətdən irəli gəldi?
– Əslində mənim hər hansı bir klubla danışıq aparmağa ixtiyarım var. Özü də təkcə “Neftçi”ylə deyil, bir neçə Bakı klubuyla ilkin danışıqlar aparmışam. Çünki mövsümün sonunda “Qarabağ”la müqaviləm bitir. Müqavilənin bitməyinə 3, yaxud 6 ay qalmış istənilən klubla danışıqlar apara bilərsən. Siz isə yazmısınız ki, mən “Qarabağ”dan qovulmuşam. Açığı, bu mənə çox pis təsir etdi. Bu məlumatı hardan aldınız ki, mən komandadan qovulmuşam?
– Bu məlumatı klubunuzun direktoru Əmrah Çəlikəl verib. O, sənin baş məşqçi Qurban Qurbanov tərəfindən komandadan kənarlaşdırıldığını deyib.
– Mən Qurban müəllimlə gedişim barədə söhbət etdim. O, qərarımı normal qarşıladı. Dedi ki, peşəkar futbolçususan. İstədiyin kluba keçməkdə sərbəstsən. Onunla münasibətimizdə bir soyuqluq yaranmadı. Əvvəl necə idisə, indi də həmin münasibətimiz davam edir. Amma mən “Qarabağ”dan qovulmamışam. Heç Əmrah Çəlikəl baş məşqçi ilə görüşümüzdə orada olmayıb.
– Axı, sən komanda ilə birlikdə Quzanlıya yollanmışdın. Bəs, Qurban müəllimlə aranızda nə oldu ki, indi Bakıya qayıdırsan?
– Aramızda heç bir problem olmayıb. Əgər inanmırsızsa, onun özüylə əlaqə saxlayın. Mənim bu barədə çox danışmağım düzgün çıxmaz. Hər halda Qurban müəllim bu barədə öz fikrini açıqlayacaq. Onunla danışdıq və belə məsləhət oldu ki, Bakıya qayıtsam, daha yaxşı olar. Onun özünün planları var. Mən növbəti mövsümdən “Qarabağ”da olmayacağam. Yəqin elə buna görə Qurban müəllim istədi ki, məşqləri komandada qalacaq futbolçularla keçsin.
– Azarkeşlər səni kəskin tənqid edirlər. Sənin müqavilən bitməmiş komandadan ayrılacağın barədə açıqlama verməyin etirazla qarşılandı. Deyirlər ki, komandanın kapitanı belə çətin vəziyyətdə bunu mediaya çıxarmamalıydı...
– Mən başa düşmürəm ki, azarkeşlər mənim qərarımı niyə belə qarşıladılar. Medianın da haqqıdır bunu öyrənmək. Peşəkar futbolda bu normal bir haldır. Mən yenə də son iki matçda var gücümlə çıxış edəcəkdim. İstəyirdim ki, “Qarabağ”ı UEFA-ya çıxardıb sonra gedəm.
– Komanda yoldaşlarına bu barədə söhbət etdinmi?
– Yox. İstəmədim ki, onlar bilsinlər.
– Birinci verdiyimiz suala bir daha qayıdaq: hər halda, “Qarabağ”ı “Neftçi”yə dəyişməkdə əsas səbəb nə oldu?
– Mən indi ailədə tək övladam. Ailəmə görə problemlər yaranırdı. Ağdam isə bir az uzaqdır və hər dəfə ora getməkdə müəyyən çətinliklər yaranırdı. Ona görə istəyirdim ki, Bakı klublarından birinə keçim. “Neftçi” ilə bağlı duruma 5-6 gün ərzində tam aydınlıq gələcək. Kıubun prezidenti Sadıq Sadıqova böyük hörmətim var. “Neftçi” isə mənim doğma klubumdur.
– “Neftçi”də sənin çıxış etdiyin yarımmüdafiə xəttində güclü rəqabət var. Bundan çəkinmirsən?
– Mən hər şeyi fikirləşib “Neftçi”yə gəlirəm. Əgər rəqabətdən qorxsaydım, bu klubu seçməzdim. Çalışacağam ki, əsas heyətə düşüm və yerimi möhkəmlədim.
Ümid AYXAN



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar