12px14px16px18px

Vüqar Nadirov: “Qarabağ”sız Avroliqa Azərbaycan üçün mənasız olacaq”

01:01 / 03.05.2012
“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqanın 31-ci turunda Quzanlıda “İnter”i qəbul edəcəksiniz. Bu oyunun hazırlıqları hansı səviyyədə gedir?
– Hər bir komandada ruh düşkünlüyü ola bilər. Belə götürəndə “Barselona” və “Real” Çempionlar Liqasının finalında oynamalıydı. Lakin bu, baş vermədi. İndi uğursuzluq var deyə, futbolçu karyeramızı başa vurmalı deyilik ki... Son məğlubiyyətə baxmayaraq, toparlanmağı bacardıq. Hər şey hələ qabaqdadır. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Çünki ancaq sərfəli nəticə qazanmalı olduğumuzun matçın əhəmiyyətini hər kəs yaxşı dərk edir.
– Ümumiyyətlə, bu oyundan nə gözləyirsən?
– Hər iki komanda meydana uğur qazanmaq üçün çıxacaq. Həm “İnter”in, həm də bizim Avroliqaya vəsiqə qazanmaq şanslarımız var. Buna görə də bir qədər diqqətli və mübariz olmalıyıq. Çalışacağıq ki, “İnter”i məğlub edib avrokuboklara vəsiqə qazanaq. İnşallah, inanıram ki, sonda gülən tərəf biz olacağıq.
Düzdür, onlar həqiqətən özünəməxsus oyun üslubu olan komandadır. Buna görə də “İnter”ə çox ciddi yanaşırıq. Hər şey Allahın əlindədir. Yəni, əgər qismətimizdə varsa, qələbə qazanacağıq. Unutmaq lazım deyil ki, “İnter” Quzanlıya məğlub olmaq üçün gəlməyəcək. Onlarda ən azı uduzmamaq haqda düşünürlər. Biz də sona kimi mübarizə aparacağıq. Kim güclüdür, o da qalib gələcək.
– Nəzərə alsaq ki, üç xal sizə daha çox lazımdır, daim hücumda olmalısınız. “İnter”i isə heç-heçə də qane edir. Məhz bu amilin müdafiənizdə tez-tez boşluqlar yaradacağı sizi narahat etmir?
– Xeyr, heç nədən qorxmuruq. Çalışacağıq ki, əlimizə düşən imkanlardan maksimum istifadə edək və bundan sonra nəticəni qorumağa çalışarıq. Həmçinin müdafiədə boşluqlar olacağını da, düşünmürəm. Çünki əsas oyunçularının çoxu artıq komandanın heyətinə qayıdıblar. Keçən tur sarı vərəqə limiti dolduğu üçün meydana çıxa bilməyən Namiq Yusifov bu oyunda iştirak edəcək. “İnter”lə qarşılaşma bizim üçün son döyüşdür. Məncə, “Qarabağ”sız Avroliqa Azərbaycan üçün mənasız olacaq.
– Son uğursuzlar “Qarabağ” azarkeşlərinin də etirazına səbəb olub. Bu barədə nə deyərdin?
– “Qarabağ” həmin komandadır ki, üç il ard-arda Avroliqada mərhələlər adlayıb və Azərbaycan futbolsevərlərinə sevinc bəxş edib. Azərkeşlərə üzümü tutub bizə axıra qədər dəstək olmalarını istəyirəm. Gərək, komandanın pis günündə də, dəstək olasan. Yaxşı gündə hər zaman dostlar çox olur. İndiki vəziyyətdə komandanı dəstəksiz buraxmaları düzgün olmazdı. Bizdə istəyirdik ki, çempion olaq. Həmçinin də ölkə kubokunu qazanaq. Məqsədimiz bu il Çempionlar Liqasında oynamaq idi. Çünki Avroliqada bir neçə il çıxış etmişdik. Amma təəssüf ki, istədiyimiz olmadı.
– Son zamanlar “Qarabağ”ın əsas heyətində səni çox az görürük. Olmaya optimal formandan uzaq düşmüsən?
– Komanda üçün fərqi yoxdur ki, kim oynadı. Ən əsas “Qarabağ”ın qələbə qazanmasıdır. Mənim 1-2 oyun meydana çıxmamağımız vacib deyil. Baş məşqçi nə vaxt ehtimad göstərir, onda da meydana çıxıram. Optimal formama gəldikdə isə hər şey qaydasındadır.
– Deyilənə görə, əsas heyətdə daim yer ala bilmədiyinə görə “Xəzər Lənkəran”la danışıqlara başlamısan.
– Xeyr, bu şayiədən başqa bir şey deyil. İstənilən klub, istənilən futbolçunu öz komandasında görmək istəyər. Müqaviləsi olsa belə. Başqa klublardan heç bir təklif almamışam. İnşallah, necə olacağını gələcək göstərər.
Əli HƏYATİ




Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar