12px14px16px18px

“Onun yenə həmin səhvləri edəcəyini əla bilirdik”

11:32 / 02.05.2012
“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
– Unibank Premyer Liqanın 30-cu turunda evdə “Qarabağ”ı 2:1 hesabıyla məğlub etdiniz. Lakin ilk hissədə rəqibiniz sizi cərimə meydançanıza doğru sıxışdırmağı bacardı. Oyunda ilk qolu da onlar vurdu. Bunu gözləyirdiniz?
– Düzü, hardasa gözlənilən idi. Həm də qol buraxmamaq üçün bir az ehtiyatlı oynayırdıq və məğlub olmamaq haqda düşünürdük. Rəqibimizin penalti imkanından istifadə edə bilməsə də, sonradan hesabı açdı. Lakin sonda necə deyərlər, gülən tərəf biz olduq. Bəlkə də biz qələbəni “Qarabağ”dan çox istəyirdik. Ona görə qalib gəldik. Çünki qələbə çempionluğumuzu rəsmləşdirəcəkdi. Ancaq şansın bizim tərəfimizdə olduğunu da vurğulamaq lazımdır.
– Sizin vurduğunuz penaltidən söz düşmüşkən, rəqibin futbolçusu Maksim Medvedyev qaydanı pozmadığını iddia edir.
– Həmin epizodun videoyazısına diqqətlə baxdım. Flavinyo topu ram edərək cərimə meydançasına girərkən, Maksim ona qarşı arxadan kobud oynadı. Əgər, Maksim ona toxunmasaydı, Flavinyonun gerisində qalmışdı. Yəni penalti təmiz idi. Ümumiyyətlə, qarşılaşmada təyin edilən hər iki penalti düzgün idi. Top bizim komandada İqor Mitreskinin də əlinə dəymişdi.
– Yəqin razılaşarsan ki, oyun boyu “Qarabağ”ın hücumları daha çox və daha kəsərli idi.
– Yenə deyirəm ki, hardasa ehtiyat edirdik. Çünki “Qarabağ”a Avroliqaya düşmək üçün üç xal həddindən artıq vacib idi. Ona görə də uğuru rəqibin qapısında axtarırdılar. Bu gün elə bir futbol zamanıdır ki, 90 dəqiqə hücum edən tərəf, oyunun sonuncu dəqiqəsində bir qol buraxaraq, məğlub olur. Deməzdim ki, super oyun nümayiş etdirdik. Lakin nəticə bizim xeyrimizə oldu.
– Mövsümün birinci hissəsində də “Qarabağ”ı məğlub etməyi bacarmışdınız. Bu dəfə də bunu bacardınız.
– Bununla artıq üçüncü dəfədir ki, biz sonuncu dəqiqələrdə “Qarabağ”a qol vururuq. Bunun bir təsadüf olduğunu da söyləmək olar. Allaha qurban olum. Bəlkə də özü bizə kömək oldu. Flavinyonun Quzanlı stadionundakı baş tutan qarşılaşmada aşırma zərbəsi daha çox yadımda qalmışdı. Yəni onun harada səhv etdiyini əla bilirdik. Həmçinin rəqibimizin qapıçısı Boyan Pavloviçin mövqeyini tez-tez tərk etməsini, uzaqdan qol buraxmağa meyilli olduğunu məşqçilərimiz bizə demişdilər. Tapşırıq da vermişdilər ki, uzaqdan qapılarını tez-tez yoxlayaq. Bunu da bəhrəsini iki dəfə Rəşad Abdullayev, bir dəfə də Flavinyo gördü və qapçının kobud səhvindən yararlanmağı bacardı.
– Deməli, Pavloviçin belə kobud səhvləri təkrarlayacağını təxmin edirdiniz?
– Bəli. Əgər xatırlayırsınızsa, kubok oyununun təkrar qarşılaşmasında “Bakı” Pavloviçin çıxış zamanı etdiyi kobud səhvdən sonra qol vurmuşdu. Biz də həmin video yazıları izləyərək, özümüz üçün qeydlər aparırıq. Məşqçilər də uzaqdan zərbələr etməyimizi istəmişdi. Hansı ki, Rəşad Abdullayev bunu bacardı.
– Son zamanlar start heyətdə meydana çıxsan da, “Qarabağ”la qarşılaşmanın yalnız 74-cü dəqiqəsində səni meydanda görə bildik. Bunu nə ilə əlaqələndirərdin?
– “Qarabağ”la oyunda meydana çıxacağımı gözləmirdim. Çünki kubok oyununda qələbə qazandığımız heyət meydana buraxılmışdı. “İnter”lə kubok qarşılaşmasında qırmızı vərəqə üzündən oynaya bilməmişdim. Baş məşqçi də futbolun qaydalarına riayət edərək, qalib heyəti dəyişmədi. Sadəcə, oyun zamanı taktiki dəyişiklər olduğu üçün meydana çıxdım. Bir sözlə, bu amil məni heç də narahat etmir. Meydana 74-cü dəqiqədə çıxsam da, çalışıram 15 dəqiqə ərzində nəsə edim ki, yadda qala bilim. Növbəti tur üçün əsas heyətdə yerimi təmin etməyə çalışıram.
– Azərbaycanı Çempionlar Liqasında bu dəfə də “Neftçi” təmsil edəcək. Komandanı bu turnirə hazır hesab edirsən?
– Keçən il bizim hardasa bir az təcrübəsizliyimiz vardı. Birdən-birə də “Dinamo” Zaqreb kimi güclü komandayla düşdük. Bilmirəm, komanda neçə nəfəri və kimləri transfer edəcək. Lakin ikiqat çalışaraq, əlimizdən gələni edəcəyik.
Əli HƏYATİ



Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar