12px14px16px18px

Elnur Allahverdiyev: “Rəşad Sadıqovun belə söz işlətməsindən çox narazıyam”

06:31 / 28.04.2012
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin Qol.Az  saytına müsahibəsi

– FİFA-nın komandanızın hesabından altı xalın silinməsi qərarını sonradan ləğv etməsinə reaksiyanız necə oldu?
– Doğrudan da, bu, bizi çox sevindirdi. Xalımızın geri qaytarılmasından sonra “Xəzər Lənkəran” öz oyunuyla sübut etməlidir ki, çempionluğa layiq klubdur. Bütün qarşılaşmalarda qalib gələrək rəhbərlik qarşısında da özümüzü doğrultmalıyıq. Qoy, görsünlər ki, biz həmişəki əzəmətli “Xəzər Lənkəran”ıq.
– Hesabınızdan silinən xalların yenidən qaytarılacağını gözləyirdinizmi?
– Düzünü deyim ki, həmin anda çox çətin duruma düşmüşdük. Həmin xəbər bizə çox sarsıdıcı təsir göstərdi. Düşünmürdük ki, FİFA öz qərarını sonradan dəyişə bilər. Lakin ümid sonda ölür. Ona görə də, hardasa bir inam vardı. Hər şey bizim üçün yaxşı qurtardı. Çempionatın bitməsinə üç tur qalmış belə xoş xəbər almağımız əla oldu. Bu amil istər-istəməz çıxışlarımızda da öz sözünü deyəcək. Biz qələbə qazanmağımızla bərabər, turnir cədvəlinə başçılıq edən “Neftçi”nin də xal itirməyini gözləməliyik. Nə olur-olsun, axıra qədər mübarizə aparacağıq.
– FİFA-nın son qərarını bir çox klub rəhbərləri, baş məşqçilər və futbolçular birmənalı qarşılamadı. Razı qalanlarla yanaşı, narazı olanlar da tapıldı. Buna münasibətin necədir?
– Pis yanaşanlara mən nə deyə bilərəm. Sadəcə, xalımızın geri qaytarılmasına yaxşı yanaşmayanlara ayıb olsun. Axı, biz də Azərbaycan klubuyuq. Belə danışmaqları düzgün deyil. Klubumuzun sahibi Mübariz Mənsimov da Azərbaycan oğludur. “Xəzər Lənkəran” da Azərbaycan oğlunun komandasıdır. Lazım deyil belə şeylər danışmaq. Mən bu sözləri onlara yaraşdırmıram. Kimsə ədalətin bərqərar olub, xalımızın qaytarılmasına sevinmirsə, deməli, onlar çox paxıl insanlardır. İdman xüsusən də, kişilik mübarizəsidir. Kim güclüdür, o da qalib olmalıdır. Ancaq paxıllıq və xainliklə heç vaxt qabağa getmək olmaz.
– “Qarabağ” ın müdafiəçisi Rəşad Sadıqov Qol.Az saytına açıqlamasında “Xəzər Lənkəran”ın altı xalının silinməsi bir, sonradan geri qaytarılmasını başqa absurd adlandırmasına münasibətin necədir?
– Əlbəttə, çox pis. Mən Rəşad Sadıqovun belə söz işlətməsindən çox narazıyam. Əgər biz düzüksə, niyə haqqımızı tələb etməməliyik? Heç kim bunu bizə qadağan edə bilməz. Biz haqqımızı tələb edərək, qalib gəldik. Vəssalam və daha artıq-əskik sözlər danışmaq düzgün deyil. Mən heç vaxt imkan vermərəm ki, çıxış etdiyim klubu kimsə təhqir edə və ya onun barəsində artıq-əskik danışa. Çünki mən bu klubun futbolçusuyam. Meydanda necə, həyatda da elə mübarizəm.
– Xalınızın geri qaytarılmasında AFFA-nın baş katibi Elxan Məmmədovun da əməyi olduğu deyilir. Bu, nə dərəcədə düzgündür?
– Hər kəs yaxşı bilir ki, klubumuzun sahibi Mübariz müəllim necə böyük hörmətə malikdir. Məncə, baş katibin bu yöndə hansısa iş gördüyünü demək düzgün olmaz. Ədalət Mübariz Mənsimov başda olmaqla klubumuzun üzvlərinin zəhməti sayəsində bərqərar oldu. Bu amilin rəhbərimiz tərəfindən bizə hədiyyə olduğunu söyləyə bilərəm.
– Hazırda lider “Neftçi”dən altı xal geri qalırsınız. Bu mənada, çempion olmaq şanslarınızı necə dəyərləndirirsən?
– Əlbəttə, buna inamımız çoxdur. Çünki komandamız hazırda çox yaxşı formadadır. Həm də evdə “Neftçi” üzərində qələbə qazandıqdan sonra əhval-ruhiyyəmiz xeyli yüksəlib. Altı xalın geri qaytarılması da gücümüzü birə-beş artırıb. İnşallah, inanıram ki, irəlidəki üç qarşılaşmada məğlubiyyətimiz olmayacaq. Öz oyunumuzla sübut etməliyik ki, biz çempion olmağa layiq komandayıq. Çünki “Xəzər Lənkəran” böyük bir ailədir.
– Növbəti turda “İnter”in qonağı olacaqsınız. Bu oyundan nə gözləyirsən?
– Birinci növbədə biz irəlidəki üç oyunun hamısında qələbə qazanmalıyıq. Çünki biz çempion olmaq istəyirik. Lakin rəqibimiz “İnter”ə də böyük hörmətlə yanaşırıq. Onlar da çox güclü komandadır. Biz “İnter”i məğlub edərək, “Neftçi”nin xal itirməsini gözləməliyik.
– Yeri gəlmişkən, “Neftçi”nin evdə “Qarabağ”la qarşılaşmada xal itirməsi nə dərəcədə gözləniləndir?
– “Qarabağ” “Neftçi”dən zəif deyil. Bu komandanın heyətində çox güclü yerli futbolçu çıxış edir. Həm də indi üç xal daha çox “Qarabağ”a lazımdır, nəinki “Neftçi”yə.
Əli HƏYATİ





Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar