12px14px16px18px

Qurban Qurbanov: “Vaqif Cavadovu əsas heyətdə oynatmaq risklidir”

00:56 / 14.03.2012
 
“Qarabağ” klubunun baş məşqçisi  Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
 
– Komandanız Unibank Premyer Liqada dalbadal beş oyundur qələbə qazanır. Qış fasiləsindən sonra hadisələrin bu cür gedişatını proqnozlaşdırmışdınız?
 
– Bizim başqa çıxış yolumuz yox idi. Çünki qış fasiləsinə kimi onsuz da xeyli xal itirmişdik. Buna görə də çox ciddi hazırlaşmalı və çempionatın oyunlarında qələbə qazanmalıydıq. Məncə, pis alınmır. Futbolçular hər oyunda maksimum nəticə üçün oynamağı bacarırlar. Amma son uğurlar heç kimi aldatmamalı və arxayınlaşdırmamalıdır. Əksinə, daha ciddi və məsuliyyətli olmalıyıq.
 
– “Qarabağ”ın hazırda çempionatda ən yaxşı oyun nümayiş etdirən komanda olması fikriylə razısınız?
 
– Mən belə deməzdim. Bəlkə bir az rəqiblərimiz də fərqli oynayır. Unutmayaq ki, “Neftçi” neçə tur idi uduzmurdu, yalnız son matçda məğlub oldu. “Xəzər Lənkəran” “Qəbələ” və “Qarabağ”a uduzsa da, yaxşı heyətə malikdir. “İnter” həmişəki kimi sabit oyun nümayiş etdirir, son 20 turda cəmi bir dəfə uğursuzluqla üzləşiblər. “Qəbələ” də həmçinin. Bir sözlə, ilk “altılıq”dakı komandaların hər biriylə oyuna ciddi yanaşmaq lazımdır.
 
– “Qəbələ”nin “Neftçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğratması sizi təəccübləndirmədi?
 
– “Qəbələ” ilə oynamaq hər bir komanda üçün çətindir. Bizim də bu komandayla oyunlarımız çox ağır olub. “Qəbələ” həm bizim, həm də digər rəqiblərimiz üçün çətin komandadır. Oradakı məşqçi dəyişikliyi də komandada əhval-ruhiyyəni dəyişib. Onlar daha diqqətli oynamağa başlayıblar. Bu mənada, o cür məğlubiyyətlə istənilən komanda üzləşə bilər.
 
– Yeri gəlmişkən, artıq bu həftə sizi “Qəbələ” ilə iki çətin oyun gözləyir. Biri kubokda, digər çempionatda.
 
– Dediyim kimi, “Qəbələ” çətin rəqibdir. Onların yaxşı hücum xətti var. Ona görə də diqqətli olmalıyıq.
 
– Yəqin ki, rəqibin Dodo və Kamanan kimi futbolçularına qarşı xüsusi tədbir görəcəksiniz.
 
– Bir daha deyirəm, çətin olacaq. “Qəbələ”nin futbolçuları ayrı-ayrılıqda həm təcrübəli, həm texnikalı, həm də sürətli futbolçulardır.
 
– Siz bir müddət əvvəl çempionluq şanslarınızın az olduğunu bildirmişdiniz. Amma indi lider “Neftçi” ilə aranızdakı xal fərqi cəmi beşə enib. Nəzərə alsaq ki, qarşıda hələ daha doqquz tur var, demək olarmı ki, “Qarabağ”ın hədəfləri dəyişib? Yəni artıq çempionluğa iddia edirsiniz?
 
– Mümkünsüz heç nə yoxdur. Amma çempion olmaq çətindir. Əslində, beş xal az deyil. Heç kim təminat verə bilməz ki, bundan sonrakı oyunlarda qalib gələcəyik. Söhbət təkcə, bizdən getmir. Bizim üçün bundan sonra daha ağır olacaq. Oyunların sayı azalmağa doğru gedir. Hər bir məğlubiyyət rəqiblər arasındakı xal fərqini daha da qaldıra bilər. Amma biz sona kimi mübarizə aparacağıq. Çalışacağıq ki, ən azı Avropa Liqasına vəsiqə qazanaq.
 
– Vaqif Cavadov cəzalı olduğu üçün çempionatın son beş oyununda meydana çıxmadı. Qarşıdakı matçlarda onu meydanda görə biləcəyik?
 
– Açığı, hələ bilinmir. Vaqif üçün çətin olacaq. Çünki o, çoxdandır oynamır. Amma get-gedə uyğunlaşacaq.
 
– Ümumiyyətlə, onun durumu nə yerdədir?
 
– Oyun təcrübəsi baxımından çətinlik çəkə bilər. Çünki Vaqif neçə vaxtdır Azərbaycan çempionatında oynamır.
 
– Belə başa düşdüm ki, hazırda Vaqifi əsas heyətə buraxmağı riskli hesab edirsiniz?
 
– Hər halda riskli görünür. Biz çalışırıq ki, daha düzgün qərar verək. Amma Cavadov qarşıdakı oyunlarda ilk 18-likdə olacaq.
 
– Millimizin baş məşqçisi Berti Foqts jurnalistlərlə son söhbətində çempionluğa şanslı olan komandalardan danışarkən “Qarabağ”ın adını çəkmədi. Onun bu fikri sizin üçün gözlənilməz olmadı ki?
 
– Yox. Mənim üçün belə fikirlər önəmli deyil. Hər bir məşqçinin özünün subyektiv fikri var.
 



Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar