12px14px16px18px

Ramin Musayev: “PFL-in yayım hüququndan əldə edəcəyi məbləğ qəpiyinə kimi klublara ödəniləcək”

00:42 / 13.03.2012
“Peşəkar Futbol Liqasının “Xəzər Lənkəran” və bu klubun vitse-prezidenti Tuyqun Nadirov arasında heç bir narazılıq yoxdur. Bizim görmək istədiyimiz bütün işlər klubların xeyrinə olacaq. İstəyirik ki, klublar öz teleyayım hüquqlarından nəsə əldə etsinlər. Bizim klublardan qazanmaq fikrimiz yoxdur. Biz istəyirik ki, bu işdən klublar özləri qazansınlar”. Bu sözləri PFL-in prezidenti Ramin Musayev növbəti mövsümdən teleyayım hüquqlarının klublardan alınaraq rəhbərlik etdiyi quruma verilməsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov yayım hüququnun PFL-ə verilməsinə qarşı çıxıb. O deyib ki, klubla müqaviləsi olmayan telekanalların “Xəzər Lənkəran”ın oyununu yayımlamasına imkan verilməyəcək. Ramin Musayev isə bildirib ki, PFL-in yayım hüququndan əldə edəcəyi məbləğ qəpiyinə kimi klublara ödəniləcək: “Bir daha deyirəm ki, bizim bu işdən qazanmaq fikrimiz yoxdur, əksinə klublara qazandırmaq istəyimiz var. Televiziya ilə bağlanan müqavilədə hər bir nüans nəzərə alınacaq. Əgər oyunun yayımı televiziya ilə mümkün olmayacaqsa, azarkeşlər PFL-in öz saytında bütün matçları canlı izləyə biləcəklər”. Bir müddət öncə “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Lənkəranda keçiriləcək oyunların canlı nümayiş etdirməyi klubun xeyrinə olmadığını bildirib. Nadirov buna səbəb olaraq yerli azarkeşlərin stadiona gəlməməsini göstərib. “Belə olan halda PFL hansı tədbirə əl atacaq” sualını isə Ramin Musayev belə cavablandırıb: “Mən Tuyqun Nadirovun fikrinə hörmətlə yanaşıram. Çünki klub rəhbərləri maraqlıdırlar ki, azarkeşlər stadionlara gəlsin. Düşünürəm ki, klubun maliyyədən daha çox azarkeş dəstəyinə ehtiyacı var. Stadionda nə qədər çox azarkeş olarsa, oyunçuların və hakimlərin də üzərində bir o qədər məsuliyyət düşər. Bu, hamımızın arzusudur. Digər tərəfdən, “Xəzər Lənkəran”ın ölkə hüdudlarından kənarda da xeyli azarkeşi var. Onların ixtiyarı var ki, öz sevimli klublarının oyunlarını izləyə bilsinlər. Çalışacağıq ki, televiziya vasitəsilə olmasa da, ən azı PFL-in öz saytında azarkeşlər sevimli komandalarının oyununu yüksək keyfiyyətlə izləyə bilsinlər”.


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar