12px14px16px18px

Rəşad Sadıqov: “Üçüncü yer “Qarabağ” üçün əla nəticə olar”

00:59 / 06.03.2012
 
Azərbaycan milli komandasının kapitanı və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi 
 
– Üstündən bir neçə gün keçsə də, millimizin Dubayda başa çatan təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunları haqda fikirlərini bilmək maraqlıdır. Bir kapitan kimi necə düşünürsən, rəqiblərimiz normal komandalar idimi?
 
– Təbii ki, əvvəl qarşılaşdığımız yığmalardan zəif idi. Xüsusilə Sinqapur və Hindistan komandaları. Lakin Fələstin yığmasını mən zəif adlandırmazdım. Sinqapurla oyunda böyükhesablı qələbə qazanmalıydıq. Sadəcə, iki top üstün olduğumuz zaman oyunun gedişatı bizim əleyhimizə dəyişdi. Məncə, tam heyətlə oynasaydıq, Fələstin üzərində rahat qələbə qazana bilərdik.
 
– Yeri gəlmişkən, Sinqapurla heç-heçə (2:2) və Fələstinə (0:2) məğlubiyyət narazılığa səbəb olub.
 
– Bu toplanışda məşqçi xeyli yeni futbolçu yoxladı. Elə bir oyun olmadı ki, əsas heyətin 6-7 futbolçusu birdən meydana çıxsın. Digər tərəfdən, bəzi oyunçular müxtəlif mövqelərdə sınaqdan keçirildi. Hətta taktiki gedişlərdə də dəyişiklər oldu. Biz heç vaxt 4-3-3 sxemiylə meydana çıxmamışdıq. Lakin həmin yoldaşlıq oyunlarında bu taktiki sxemdən istifadə etdik. Nəticədə həm istədiyimiz futbolu nümayiş etdirə bilmədik, həm də bu, oyunun nəticəsinə təsir etdi.
 
– Səncə, Unibank Premyer Liqasının qızğın bir vaxtında bu toplanışa ehtiyac vardımı?
 
– Rauf Əliyev beş gün ərzində üç oyunda 90 dəqiqə meydanda oldu. Maksimum ən çox yeddi gündə üç qarşılaşmaya çıxmaq mümkündür. Ancaq beş gündə üç oyuna çıxmaq həddindən artıq çox hesab olunur. Bu da futbolçuların istər-istəməz yüklənməsinə gətirib çıxarır. Lakin neyləmək olar ki, bu, məşqçilərin qərarıdır. Mən özüm də üç oyunun hamısında iştirak etdim. Məşqçilər belə fikirləşdilər ki, millinin toplanışına ehtiyac var. Təbii ki, bir oyun “FİFA-nın pəncərə”si hesab olunurdu. Lakin qalan iki oyunun olmasını məşqçilər qərar vermişdilər. Bu da onların öz işləridir.
 
– Nəzərə alaq ki, belə gərgin qrafik futbolçuların sıradan çıxmasına gətirib çıxarır. Məsələn, bir vaxtlar Əfran İsmayılov belə yüklənməyə görə zədələnərək uzun müddət futboldan kənarda qalmışdı. “Qarabağ”ın son oyunundan əvvəl Rəşad Sadiqovun zədələnməsini də bu gərgin qrafiklə əlaqələndirirlər.
 
– Təbii ki, belə sıx qrafik olanda zədələrin sayı da artır. Daxili çempionatımızla Avropa meydanlarındakı oyunlar tamamilə fərqlənir. Bu kimi hallar futbolçulara təsirsiz ötüşmür. Lakin futbol bizim işimiz olduğu üçün hər oyuna hazır olmalıyıq.
 
– Artıq səkkiz oyundur ki, “Qarabağ” qapısından top buraxmır. Hazırda “Qarabağ”ı çempionatda ən yaxşı müdafiəyə malik olan komanda adlandırmaq olar?
 
– Mən belə deməzdim. Sadəcə, biz komanda şəkilində həm müdafiə olunur, həm də hücum edirik. Qarşımıza qapımızdan qol buraxmamaq məqsədi qoyulmayıb. Sadəcə, bizim üçün vacib olan qələbəni qazanmaq istəyirik. Top buraxsaq da olar, buraxmasaq da. Ən əsası meydanda yaxşı nəticə qazanmaqdır. Bu seriyanın davam edəcəyinə heç kim zəmanət verə bilməz.
 
– Ancaq müdafiə xəttinizdən fərqli olaraq, hücumda məhsuldarlıq nəzərə çarpmır. Buna səbəb nədir?
 
– Ola bilsin ki, az qol vururuq. Lakin yaratdığımız qol epizodları çox olur. Hər oyunda ən azı 4-5 real qol vəziyyətlərimiz olur. Sadəcə, son nöqtəni qoymağa bir qədər dəqiqlik çatışmır. Bunu da normal qarşılamaq lazımdır. Biz hər oyunda 4-5 top fərqiylə qələbə qazana bilmərik, axı. Əsas odur ki, öhdəmizə düşən təhlükəli vəziyyətləri yarada bilirik.
 
– Çempionatın geridə qalan 21 oyununda hücumçunuz Rauf Əliyevin cəmi 4 qol vurmasını necə dəyərləndirirsən?
 
– Rauf meydançada çox böyük iş görür və buna görə də başqalarından fərqlənir. Bütün oyun zamanı rəqibin müdafiəsini təzyiq altında saxlayır. Bunları unutmaq lazım deyil ki, Rauf millinin hücumçusudur. Ona qarşı müdafiəçilər daha sərt oynayır. O, bizim komandanın ən aparıcı futbolçularından biridir. Raufun çıxışından mən həm yığmanın kapitanı, həm də komanda yoldaşı kimi razıyam.
 
– Əvvəl deyirdin ki, “Qarabağ”ın çempion olması real görünmür. Hazırda lider “Neftçi”dən cəmi 8 xal geri qalırsınız. İndi də bu fikirdəsən? Nəzərə alaq ki, çempionatda hələ 11 oyununuz qalıb.
 
– Mən bu gün də eyni fikirdəyəm ki, “Neftçi” çempionluğa ən real namizəddir. Onlara çatmaq çox çətin görünür. Lakin bizim üçün ilk üçlüyə düşmək çox əla nəticə olar. Çünki qarşıdakı gərgin oyunlar başlamaq üzrədir. Həmin qarşılaşmalarda qələbə qazanmaq çox çətin olacaq. Mənim şəxsi fikirimcə, üçüncü yer “Qarabağ” üçün əla nəticə olar.
 
Əli HƏYATİ
 
 
 



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar