12px14px16px18px

Ramin Musayev: “İki klubumuzdan başqa, heç bir komandamız gənclərə şans vermir”

NIYƏ DEMIRIK KI, BIR MILYARDDAN ÇOX ƏHALISI OLAN ÖLKƏNIN KOMANDASINA QALIB GƏLMIŞIK?

01:42 / 03.03.2012
 
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən hazırlıq prosesini və yoxlama oyunlarını izləyib.
R.Musayev səfərin yekunlarıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb.

– Millimizin Dubayda keçirdiyi yoxlama oyunlarındakı nəticələr birmənalı qarşılanmadı. Ona görə də əvvəlcə sizin qeydə alınan hesablarla bağlı fikirlərinizi bilmək istəyirik.
– Mətbuatda bu haqda çox yazılar gedir. Mən jurnalistləri qınamıram. Amma gəlin komandamızın heyətinə də baxaq. Sözsüz ki, qələbə qazanmaq yaxşı olardı. Amma yoxlama görüşlərində ən vacib amil yeni gənc futbolçuların həm oyunlarına baxmaq, həm də insani keyfiyyətlərinə bələd olmaqdır. Mən hiss edirəm ki, baş məşqçinin məqsədi milliyə daha çox cavan futbolçu cəlb etməkdir. Amma mətbuatda oxuyuram, görürəm ki, bizim bəzi yazarlarımız buna bir qədər başqa cür yanaşırlar.
– Medianın millinin yoxlama oyunlarındakı nəticələrini, eləcə də bəzi futbolçuların Sinqapurla oyundan sonra əllərində siqaret və spirtli içki olan qədəhlərlə yaxalanmalarını tənqid etməsində pis nə var ki?
– Bilmirəm belə şey olub, ya yox. Biz başqa-başqa otellərdə qalmışıq. Bütün bu olaylardan sonra stadionda onlarla görüşdüm. Normal məşq edirdilər. Düzdür, baş məşqçi də onları öz metoduyla cəzalandırdı. Berti Foqtsla söhbət etdik. Bilirsiniz, əgər oyunçuya istirahət verilibsə, restrorana gedə bilər. Biz Azərbaycanda belə şeylərə çox pis baxırıq. Mən futbolçuların spirtli içki qəbul etdiklərinə inanmıram. Siqaretə gəlincə... Məgər, əldə siqarət tutmaq cinayətdir? Mən Avropa komandalarıyla oyunlarda belə şey çox görmüşəm. Biz isə belə şeyləri elə böyüdürük ki, sanki dünya dağılıb. Futbolçu əlində siqaret yaxalanıb deyə, Azərbaycan futbolu batıb? Niyə axı demirik ki, o da bizim kimi bir insandır? Futbolçu robot deyil ki. Ancaq millinin futbolçuları örnək olmalıdır. İdmançıya istirahət verilibsə, o da bundan normal qaydada istifadə etməlidir.
– Millimizin Sinqapurla heç-heç edib Fələstinə uduzması kəskin narazılıq doğurub.
– Mən Sinqapurla oyuna Bakıda baxdım. Futbolçularımız pis oynamadılar. Gənclər meydana çıxdı, yaxşı təsir bağışladılar. Hindistanla oyunumuz gözəl alındı. Amma burada buna başqa bir don geyindirdilər. Niyə demirik ki bir milyarddan çox əhalisi olan ölkənin komandasına qalib gəlmişik? Fələstinə uduzan kimi isə aləm dəyir bir-birinə. Gəlin baxaq, biz həmin matçda hansı heyətlə oynadıq, hansı şəraitdə oyunçumuz qırmızı vərəqə aldı? Ümumiyyətlə, ona qırmızı vərəqə verilməliydimi? Gəlin, belə şeylərdən danışaq. Bu toplanışda cavan futbolçular oynadı. Razı və narazı qaldığımız futbolçular oldu. Baş məşqçi gənclərə şans verir və düz də edir. Elə klublarımız var ki, heyətində gənclər var, amma onları meydana buraxmır. Axı, futbolçu özünü göstərmək üçün meydanda oynamalıdır, toyda deyil.
– Unibank Premyer Liqasında çıxış edən bəzi klubların baş məşqçilərinin Dubay toplanışına getməməsinə münasibətiniz necədir?
– Ora getmək məcburi deyildi. Sadəcə, AFFA məşqçilərə belə bir dəvət göndərmişdi. Bizdə ataların yaxşı sözü var: “Çağırılan yeri ar eləmə, çağrılmayan yeri dar eləmə”. O insana dəvət gəlir ki, ona hörmət və qayğı var. Gələnlər gəldilər, gəlməyənlər də sağ olsunlar. Bəzi məşqçilər Dubayda oyunları izlədilər. Futbolçular da klublarındakı məşqçiləri görəndə məsuliyyətləri daha da artdı. Bəzi məşqçilərin ora gəlməməsini başa düşürəm. “Bakı”nın baş məşqçisi Aleksandr Starkov niyə gəlmədi, mənə qaranlıq qaldı. Düzdür, bu, məşqçilərin şəxsi işləridir. Amma gəlsəydilər, yaxşı olardı.
– Klubların baş məşqçiləri son toplanışdan da narazı qalıblar. Onlar deyir ki, belə toplanışlar komandalarınını hazırlıq prosesinə təsir edir, çempionatın gedişatını pozur.
– Biz hamımız birdəfəlik qəbul etməliyik ki, ölkə çempionatı milli komanda üçün keçirilir. Milliyə hər bir insan hörmətlə yanaşmalıdır. Biz milli komanda naminə hər şeyə getməliyik. Son toplanışda biz millidə bir neçə yeni gənc oyunçu gördük. Baş məşqçi bunu milli komanda üçün edir. Və biz də buna hörmətlə yanaşmalı, Foqtsa dəstək olmalyıq. O, mətbuatı yaxından izləyir. Baş məşqçini ruhdan salmaq lazım deyil. Milliyə 3-4 yeni nəfər cavan oyunçu gətirilib, heç kim demədi ki, məşqçi düz eləyib. İki klubumuzdan başqa, heç bir komandamız gənclərə şans vermir. Biz Dubayda olanda bununla bağlı iradlarımızı məşqçilərə bildirdik. Mən onların adlarını çəkmək istəmirəm. İradları qəbul elədilər. Azərbaycan futbolunun inkişafından danışırıqsa, bir çox klubdan soruşmalıyıq ki, niyə öz yetirməniz yoxdur, yox, əgər varsa, niyə onlara şans vermirsiniz? Elə gənclər var ki, illərdir adları gedir, amma özləri oynamır. Belə olan halda biz onlardan nə gözləyək? Buna görə də legioner limitini dəyişmək istəmirik.
– Yeri gəlmişkən, mətbuata açıqlamanızda növbəti mövsüm üçün legionerlərlə bağlı hazırkı limitin qalacağını demisiniz.
– Bugünə qədər heç bir dəyişiklik yoxdur və hansısa qərar qəbul olunmayıb. Ola bilər ki, AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələyə baxılsın. Amma eyni zamanda iclasda legioner limitiylə bağlı qərar qəbul olunmaya da bilər.



Bu yazı ( 62 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar