12px14px16px18px

Elvin Məmmədov: “Koke hazır deyil”

01:36 / 03.03.2012
 
Bu gün Unibank Premyer Liqasında “Bakı” öz meydanında “İnter”i qəbul edəcək. Oyun ərəfəsində “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Qol.Az saytının suallarına cavab verib.

– “İnter”lə oyuna hazırsınız?
– Bəli. Oyuna yaxşı hazırlaşmışıq. Hazırda rəqibimizin yaxşı formada olduğu sirr deyil. Amma turnir cədvəlində bizdən irəlidə olsalar da, qələbə qazanmağa çalışacağıq. Çünki biz xal itirməməliyik. Əks halda, ilk “altılıq”da yerimizi itirə bilərik. Biz baxımlı futbol nümayiş etdirməsək də, mütləq üç xal qazanmalıyıq.
– Rəqibinizin daha çox müdafiədə oynaması sizə çətinlik yarada bilər?
– Mən deməzdim ki, “İnter” sırf müdafiə futboluna üstünlük verir. Düzdür, müdafiələri daha çox inamlı təsir bağışlayır. Lakin sağ və sol cinahda təhlükəli olduqlarını unutmaq olmaz. Oyun zamanı hər bir taktikadan istifadə edilə bilər. Mümkündür ki, qarşılaşmada biz də müdafiədə oturaq. Hər şey baş məşqçinin taktikasından asılı olacaq.
– Unibank Premyer Liqasının XXI turunda səfərdə “Simurq”u məğlub etdiniz. İndi çoxları hesab edir ki, ilk “altılıq”dan kənarda qalan klub “Bakı” və ya “Qəbələ” yox, AZAL olacaq. Bəs, sən necə düşünürsən, “Bakı”nın başının üzərindən qara buludlar çəkilib?
- Hələ dəqiq bir söz demək tezdir. Çünki biz 1-2 oyun yaxşı oynadıqdan sonra komandada qırılma gedir. Bu da heyətdəki dəyişikliklərlə bağlı ola bilər. Hələ heyət tam şəkildə bir-birinə öyrəşməyib. Hansı komandada ki, futbolçular 1-2 il bir yerdə çıxış edir, həmin klub yaxşı nəticələr verir. Lakin inanıram ki, qarşıdakı oyunlarda komandanın üzvləri bir-birlərini daha yaxşı başa düşəcəklər. Hal-hazırda bizim üçün vacib olan nəticədir. Hələ ki, baxımlı futbol oynaya bilməməyimiz başadüşüləndir.
– Komandanıza böyük ümidlərlə gətirilən ispaniyalı hücumçu Koke ilk qolunu vurdu. Artıq onun ayağının açıldığını düşünmək olar?
– Məşqlərdə elə əla və dəqiq ötürmələr verir ki, yüksək səviyyəli futbolçu olduğunu göstərir. Lakin indi fiziki baxımından Koke hazır deyil. Bunu özü də bilir. Lakin bir neçə turdan sonra komandamıza çox xeyir verəcəyinə inanıram. Məncə, Koke bir az da çox çalışıb özünü sübut etməlidir. Unutmaq lazım deyil ki, o, bir çox yüksək səviyyəli Avropa klubunda oynayıb. Hər şey özündən asılı olacaq.
 



Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar