“Bu hesabatlar erməni diasporunun istəkləri və maliyyəsi ilə hazırlanır”
NURƏDDİN MEHDİYEV: “HƏMİN TƏŞKİLATLAR QAÇQINLARIN VƏZİYYƏTİ, MƏCBURİ KÖÇKÜNLƏRİN POZULAN HÜQUQLARI, ERMƏNİSTAN İŞĞALI BARƏDƏ NİYƏ HESABAT HAZIRLAMIRLAR?”
01:32 / 26.05.2012Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə İctimai Birliyinin sədri İradə Əliyeva “Trend” agentliyinə açıqlamasında “Amnesty İnternational” və “Human Right Watch” kimi beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə hazırladığı hesabatlar erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlandığını deyib. O, bu təşkilatların Azərbaycanla bağlı mövqeyinin hər zaman məlum olduğunu diqqətə çatdırıb. Sədr hesab edir ki, onların hazırladıqları hesabatlar həmişə birtərəfli olub, maraqlı qüvvələrin mövqeyini əks etdirib: “Bu hesabatlar erməni disporunun maliyyəsi və istəkləri ilə hazırlanır. Onların hazırladıqları hesabatlarda indiyədək Azərbaycanla bağlı ürəkaçan rəy olmayıb. Bu isə onu göstərir ki, həmin hesabatlar qərəzli şəkildə hazırlanır. “Amnesty International” və “Human Right Watch”a belə qeyri-obyektiv, qərəzli hesabatların hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən və özlərini radikal adlandıran daxili hüquq müdafiə təşkilatları kömək edirlər. Hər il hazırlanan hesabatlarda bu mövqe, demək olar, dəyişmir. Son hesabat da bu səpkidədir. Biz bu hesabatları pisləyirik. Bu hesabatları “sapı özümüzdən olan baltalar”ın köməyi ilə hər il cüzi dəyişikliklə bir az da sərtləşdirərək hazırlayırlar. Həmin hesabatlarda “Eurovision”la bağlı bir sıra şəxslərin evlərinin söküldüyü və onların mülkiyyət hüquqlarının pozulduğu deyilir. Azərbaycanda beynəlxalq səpkili belə böyük bir tədbir keçirilir. Bir il ərzində müsabiqənin keçirilməsi üçün möhtəşəm zal inşa olunub. Həmin ərazidə evləri olan insanlara mülkiyyətləri müqabilində pul verilib, onlar razı salınıb və maraqları təmin olunub”.“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev də sözügedən təşkilatların növbəti dəfə məsələlərə qərəzli baxış nümayiş etdirdiklərini qeyd edib. O, bu bəyanatları Azərbaycan cəmiyyəti ilə yanaşı digər beynəlxalq təşkilatların da dəstəkləmədiyini deyib: “Bir tərəfdən bunu Azərbaycan cəmiyyəti, vətəndaş cəmiyyəti strukturları, digər tərəfdən isə hesabat hazırlayan başqa nüfuzlu təşkilatlar dəstəkləmir. Qeyri-obyektiv hesabatlar hazırlayan təşkilatlar Azərbaycanda bir sıra insanların hüquqlarının pozulduğunu bildirirlər və bu, onların ən azından Azərbaycan qanunvericiliyindən xəbərsiz olduğunun göstəricisidir. Onlar “Eurovision”la bağlı bir sıra şəxslərin evlərinin söküldüyünü bildirirlər. Lakin dünyanın hər yerində dövlət ehtiyacları üçün hər hansı köhnə tikililər sökülür. Azərbaycanda da mənzil sahibləri orta bazar qiymətlərinə uyğun kompensasiya alıb. Şübhəsiz ki, kimlərsə daha artıq pul almaq üçün şikayətlənə bilərlər. Maraqlıdır ki, həmin təşkilatlar Azərbaycan cəmiyyətini daha çox düşündürən qaçqınların vəziyyəti, məcburi köçkünlərin pozulan hüquqları, Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi ilə bağlı heç bir hesabat hazırlamırlar”.“Eurovision” kimi böyük beynəlxalq müsabiqənin keçirildiyi bir vaxtda müxalifət nümayəndələrinin mitinq keçirdiklərini və bunun həmin təşkilatlar tərəfindən geniş işıqlandırıldığını deyən İB sədrinin fikrincə, bu məsələdə əsas məqsəd ölkədə hər hansı bir qarışıqlığın yaradılmasıdır.Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov da “Amnesty International” və “Human Right Watch”ın həmişə olduğu kimi, yenə də Azərbaycanla bağlı özlərinin ədalətsiz mövqeyini nümayiş etdirdiyini dilə gətirib. O, hesab edir ki, bu təşkilatların Azərbaycanla bağlı hesabatlarında göstərilən məqamlar həqiqəti əks etdirmir: “Bu qurumlar “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra davamlı olaraq dövlətimizi, onun daxili həyatını, beynəlxalq imicini təhdid etməyə başlayıblar. Azərbaycanda insan hüquqlarının təmin olunmasında həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan uğurlar həmin təşkilatların hesabatlarında yer almır. Bu beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirirlər”.N.Adilovun fikrincə, həmin təşkilatlar Ermənistanda baş verən prosesləri, bu ölkənin işğalçı olduğunu bildiyi halda, öz hesabatlarında Ermənistanı bəzi aspektlərdə Cənubi Qafqazın digər ölkələrindən üstün tuturlar. O, həmin beynəlxalq təşkilatların hazırladıqları həqiqətəuyğun olmayan, qərəzli hesabatların onların nüfuzunu kölgə altına qoyduğunu vurğulayıb. Belə davam edərsə, Azərbaycan xalqının həmin təşkilatlara və onların hesabatlarına heç vaxt inamı qalmayacağını deyən N.Adilov bununla hər iki quruma etimadsızlıq sərgilənəcəyini söyləyib.AQİLBu yazı ( 181 ) - dəfə oxunmuşdur