12px14px16px18px

“Diqqət və qayğıya görə dövlətimizə minnətdaram”

00:04 / 23.05.2012

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan Şuşa şəhəri erməni vandalları tərəfindən xaincəsinə işğal edildikdən sonra öz doğma ev-eşiyindən didərgin salınan Baxış Ələsgərov 1992-ci ildə ailəsi ilə birlikdə Ağcabədiyə pənah gətirmək məcburiyyətində qalıb. Özünün dediklərinə görə, o, burada əvvəllər müəyyən çətinliklərlə üzləşib, köçkünlük həyatının ağır məhrumiyyətləri ilə qarşılaşıb. Lakin çox keçmədən ağcabədililər tərəfindən göstərilən köməklik və qayğı sayəsində B.Ələsgərov həmin problemləri tədricən aradan qaldırmağa nail olub, ailəsinə müəyyən gün-güzaran yarada bilib. Gənc ziyalı adıçəkilən bölgə ərazisində yerləşən köçkün ADPU Şuşa filialında müəllim kimi fəaliyyətini davam etdirib. O, ailəsini dolandırmaqla yanaşı, gecəsini-gündüzünə qatıb, götürdüyü elmi mövzu üzərində gərgin tədqiqat işləri apararaq dissertasiya müdafiə edib, tarix elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. B.Ələsgərov hazırda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında kafedra müdiri vəzifəsində çalışır. O, məhsuldar elmi və pedaqoji fəaliyyət göstərməklə bərabər, yaşadığı bölgənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun gözləri önündə bölgə ərazisində baş verən dəyişikliklər, geniş abadlıq və quruculuq işləri onu çox sevindirir. Baxış müəllim çalışdığı filialın müəllim tələbələri ilə birlikdə həmin tədbirlərə fəal surətdə qatılır, bu işlərə öz töhfəsini əsirgəmir. Təsadüfi deyil ki, bacarıqlı mütəxəssis bölgənin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə Ağcabədi rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Bu yaxınlarda alimin sevincinin üzərinə başqa bir sevinc də əlavə olunub. Onun ailəsinə Ağcabədi şəhəri ərazisində qaçqın və məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən üç otaqdan ibarət mənzil verilib. Burada yaşayış üçün hər cür şəraitin yaradılmasından razılıq edən B.Ələsgərov dövlətimiz tərəfindən məcburi köçkünlərə, əyalətlərdə yaşayan ziyalılara daim böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.
Baxış müəllim öz adından, bütün ailə üzvləri adından göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Dövlət “Qaçkınkomunun” sədri Əli Həsənova və Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova dərin minnətdarlığını və təşəkkürünü bildirib. Baxış Ələsgərov sonda əlavə olaraq qeyd edib ki, biz köçkünlərə nə qədər rahat şərait yaradılsa da, doğma Şuşanı bir an olsun belə, unuda bilmərik, onun düşmən tapdağı altında qalmasından daim narahatıq. İnanırıq ki, ölkə rəhbərliyinin apardığı uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində bütün işğal olunmuş tarixi torpaqlarımız kimi Şuşa da tezliklə düşməndən azad ediləcək, qaçqın və köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.
Yəhya Paşazadə



Bu yazı ( 14 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar