12px14px16px18px

“Azərbaycanın artan nüfuzuna sevinirik”

ABŞ SENATORU ROCER UİKER: “QLOBAL ENERJİ BAZARINDA AZƏRBAYCAN LİDERLİYİNİ VƏ ETİBARLI TƏRƏFDAŞ OLDUĞUNU NÜMAYİŞ ETDİRMƏKDƏDİR”

01:01 / 18.05.2012  
Ötən ay ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük əks-sədaya səbəb oldu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə nəzərəçarpacaq fikirlər səsləndirdilər. ABŞ Senatının üzvü Rocer Uiker Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun günü-gündən artdığını deyib. O, Azərbaycanla ABŞ arasında dostluq əlaqələrinin mövcud olduğunu söyləyib: “Soyuq müharibə” bitdikdən sonra dünya dəyişərkən biz demokratiyanın gələcəyinə ümidlə baxırdıq. Son 20 ildə Azərbaycanın siyasi və iqtisadi transformasiyası onu sübut edir ki, azadlıq vədi çətin, lakin olduqca güclü bir fenomendir. 225 illik tarixi dövründə Birləşmiş Ştatlar bir sıra ölkələr ilə tərəfdaşlıq və müttəfiqlik əlaqələri qurub. Köhnə dostlara malik olmaq yaxşıdır. Amma hərdən, sənin yeni dostların ən yaxşı dostlarına çevrilə bilər. Bu gün biz, ABŞ ilə Azərbaycan arasında 20 illik müttəfiqlik və dostluğu qeyd edir, əsas uğurlarımızı və qarşılaşdığımız çətinlikləri xatırlayırıq. Mən Senatın Hərbi xidmətlər komitəsinin üzvüyəm. Bilirəm ki, Azərbaycan ABŞ ilə Kosovo, Əfqanıstan və İraq kimi qaynar yerlərdə terrora, kütləvi qırğın silahlarının yayılmasına və digər təhdidlərə qarşı birgə mübarizə aparır. Eyni zamanda, Azərbaycan Əfqanıstanda NATO qüvvələrinin təchizatı üçün istifadə olunan mühüm nəqliyyat dəhlizinin bir hissəsidir. Biz Azərbaycanın gündən-günə artan nüfuzuna sevinirik. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yer tutacaqdır”. Senator digər ştatlar kimi təmsil etdiyi ştatın da Azərbaycanla yaxşı əlaqələr qurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu münasibətlər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir. R.Uiker energetika sahəsində ik ölkə arasında geniş münasibətlərin olduğunu söyləyib: “Təmsil etdiyim Missisipi ştatı ABŞ-ın digər ştatları kimi, Azərbaycan ilə yaxşı münasibətlər qurmuşdur. Missisipi ilə Azərbaycan ticarət münasibətlərini inkişaf etdirərək iki ölkə arasında iqtisadi əməkdaşlığa töhfə verməkdə davam edəcəkdir. Zəmanəmizin ən başlıca məsələlərindən biri energetikaya gəldikdə isə, deyə bilərəm ki, neft və qaz kəmərləri ilə Azərbaycan qlobal enerji bazarında liderliyini və enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir. ABŞ ictimaiyyətində Birləşmiş Ştatlar ilə Azərbaycan arasında müttəfiqlik barədə məlumat təəssüf ki, hələ azdır. Azərbaycanı amerikalı məktəblilərə, universitet tələbələrinə daha geniş şəkildə təqdim etmək lazımdır. Tərəflər arasında anlaşmanı artırmaq məqsədi ilə daha çox tələbə mübadiləsi aparılmalıdır. Mən Azərbaycana ABŞ ilə qurduğu dostluq münasibətlərinə görə minnətdarlığını bildirirəm. Azərbaycan kimi sabit müttəfiqlə münasibət qurmaq olduqca müsbət haldır”. AQİL


Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar