12px14px16px18px

“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

01:32 / 17.05.2012

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri “Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi gerçəkləşib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri, müsabiqənin media üzrə rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, 21 universitetin qatıldığı yarışmada hər bir iştirakçının çıxışından öncə onun haqqında 40 saniyəlik çarx yayımlanıb. Təmsil etdikləri universitetlərin tələbələrindən böyük dəstək alan iştirakçılar öz nömrələri ilə çıxış etdikdən sonra münsiflər heyəti və tələbələrdən ibarət gizli şura müzakirələr üçün bir araya toplanıb. Münsiflər heyətinin tərkibinə respublikanın əməkdar artisti Tünzalə Ağayeva, məşhur dizayner Gülnarə Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyinin əməkdaşları Elnur Abdullayev və Elnar Mehdiyev daxil idilər. S.Məmmədova bildirib ki, “Univision” mahnı müsabiqəsinin Azərbaycanda ilk dəfə olaraq keçirlidiyini nəzərə alan münsiflər heyəti finala on deyil, on üç universitetin keçməsinə qərar verib. Finala vəsiqə qazanan universitetlər Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Kooperasiya Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Bizness Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Dillər Universiteti: “Qalibləri müəyyən edən final 17 may tarixində baş tutacaq. 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq “Birinci ol” adlandırılıb. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır”.
S.QARAYEVA



Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar