12px14px16px18px

“Vətəni tanı” kampaniyasının Bakı şəhəri üzrə final mərhələsi keçirilib

01:24 / 17.05.2012

Dünən Səbail rayonundakı 132-134 saylı təhsil kompleksində Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilən “Vətəni tanı” adlı ümumrespublika kampaniyasının Bakı şəhəri üzrə final mərhələsi olub.
Tədbirdə Milli Məclisin deputatı Fuad Muradov bir ildən çoxdur davam edən və respublikanın bütün məktəblərini əhatə edən kampaniyanın məqsədi Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin fəal təbəqəsi olan gənclər tərəfindən dəstəyi aydın şəkildə nümayiş etdirmək olduğunu bildirib: “Məqsədimiz bir daha dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu çatdırmaq, vətənimizin ərazi bütövlüyünü bəyan etmək, ölkəmizin ərazi vahidlərini dərindən öyrənməkdə gənclərə yardımçı olmaqdır. Bu dəfəki yarışmada Bakı şəhərinin 11 rayonu üzrə keçirilən seçim turlarının qalibi olan insanlar iştirak edib. Bu turda qalib olacaq şagirdlər respublika final mərhələsində Bakını təmsil etmək hüququna yiyələnib. Bu kampaniyanın gələcəkdə işğal olunmuş torpaqlarda davam etdirilməsi nəzərdə tutulur. Ənənəvi xarakter alacaq kampaniya ildə bir dəfə təşkil olunacaq. Layihə Dövlət Gənclər Proqramına salınıb”.
Sonra ARGTMŞ-nın baş katibi Orxan Ərəbov bildirib ki, layihə gənclərimizin vətənimizi coğrafi baxımdan daha yaxşı tanıması baxımından böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, yarışmada paytaxtın 11 rayonu üzrə keçirilmiş seçim turlarının qalib olmuş 22 şagird iştirak edir: “Onlar Azərbaycan xəritəsini elektron proqramla və keçməcə şəklində toplayacaqlar. Qeyd edim ki, yarışma indiyədək 64 ərazi vahidində keçirilib və 10263 nəfər iştirak edib”.
132-134 saylı təhsil kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova layihənin əhəmiyyətindən danışaraq, bunun gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.
Bakı şəhəri üzrə final mərhələsində paytaxtın Binəqədi rayonun 126 saylı orta məktəbinin şagirdi Göyçək Alıyeva və Yasamal rayonun 175 nömrəli orta məktəbinin şagirdi Milana Bilalova daha uğurla çıxış ediblər. Hər iki iştirakçı respublika final mərhələsində Bakını təmsil etmək hüququna nail olublar.
Qeyd edək ki, kampaniya Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilir.
BƏXTİYAR



Bu yazı ( 47 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar