12px14px16px18px

Zahid Oruc: “Müxalifət meydana yeni ideyalarla çıxmalıdır”

00:36 / 15.05.2012
“Rəsmiləşdirilməyən əmlak və mülkiyyət toxunulmazlığının müqəddəs dəyərə çevrilməsi hakimiyyətin vəzifəsidir. Lakin müxalifət bu yöndə hüquqları müəyyən mənada pozulmuş az sayda insanları öz elektoratı saymağa tələsməsin”. Bu fikirləri millət vəkili Zahid Oruc dilə gətirib. Millət vəkili bildirib ki, əgər narazı insanları öz tərəflərinə çəkmək istəyirlərsə, müxalifətçilər o zaman kütləvi aksiya üçün onlara təklif olunmuş istənilən yerə razı olmalı və həmin məkana yeni ideyalarla çıxmalıdırlar. Onun qeyd etdiyinə görə, belə olan təqdirdə, hər hansı vətəndaş taleyini həmin qüvvələrlə birgə görə bilər: “Hakimiyyət əleyhdarı olmaq, ultimativ bəyanatlar səsləndirmək azdır. Xalqa deyil, xaricə indekslənmiş şüarlarla sizi yeni keyfiyyətdə təqdim etmək mümkünsüzdür. Heç kəsə sirr deyil ki, tribunada vahidliyini göstərməyə çalışdığınız elita cəmiyyətin aparıcı kəsimini təşkil etmir. İki ziyalı ilə bütün elmi və ictimai avanqard toplumun sizi dəstəklədiyini bu millətə inandıra bilməzsiniz. Təkcə ona görə yox ki, peşəkarlar hakimiyyətin müdafiəçisidir və ya keçmiş idarəçiliyiniz onları qorxudur. Xeyr, həm də bugünkü antoqonist durum da insanları sizdən qaçırır”. Millət vəkili onu da diqqətə çatdırıb ki, müxalifətin xaricə köklənmiş fəaliyyətinin də artıq bədəli ödənilib: “Qərbpərəstlik o deyil ki, mühüm siyasi dönəmlərdə onların maraqlarını güdəsiniz. Avropa bilir ki, belə yeknəsəq, islahata və yeniliyə qapalı, donor qüvvələrdən və təfəkkürdən uzaq,daxili demokratizmdən kənar qüvvələr nəinki Azərbaycanın, eləcə də beynəlxalq birliyin on illər ərzində bu bölgədə qurduğu sistemi dağıdar. Diplomatik korpusla görüşü təqdim edərkən bunu yeni iqtidar komandasına siyasi investisiya qoyuluşu olduğuna özünüz inanırsız?Hər kəsə bəllidir ki,ötən əsrin sonlarında Qərb belə bir ənənəyə yiyələndi ki, iqtisadi-siyasi maraqları gerçəkləşdirmək üçün təkcə rəsmi qüvvələrlə deyil, eyni zamanda ,onlara təzyiq naminə alternativ qüvvələri də formada saxlamaq gərəkdir. Həmin dövlətlərin demokratiya ruhu Azərbaycanı İran əleyhinə bloka qoşmaq ideyasında, ərazimizin platsdarma çevrilməsi planında, Rusiya ilə əlaqələrdən geri çəkilmək tələbində və yeni qaz ehtiyatlarının əlverişli şərtlərlə və kəmərlərlə nəqli layihələrində təcəlla edir. Buna heç şübhəniz olmasın. Elə çıxmasın ki, mitinqlərin bütün iddiasını əsassız sayırıq, bu ,əsla belə deyil”. Z. Orucun sonra dediyinə görə, köçürülmələrdə mülkiyyət hüququ tapdalananlar, haqqı yeyilənlər və qeyri-şəffaflıq faktları da inkaredilməzdir, üstəlik, rəsmiləşdirilməyən əmlak və mülkiyyət toxunulmazlığının müqəddəs dəyərə çevrilməsi də hakimiyyətin vəzifəsidir: “ Lakin müxalifət o insanları öz elektoratı saymağa tələsməsin.Problemləri həllini tapan kimi sizi tərk edəcəklər. Bir də ki, faktı inkar edə bilməzsiniz ki, narazılar ora gələnlərdən çoxdur. Nədən onlar sizin hakimiyyət layihənizə və gələcək planlarınıza dayaq olmurlar? Çünki siyasi sabahınız onları qorxudur”.
KAMİL


Bu yazı ( 109 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar