12px14px16px18px

Millət vəkili Oksford Universitetində olub

00:10 / 15.05.2012
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı may ayının 8-9-da Oksford Universitetinin dəvəti ilə bu təhsil ocağında olub və beynəlxalq şeir və musiqi festivalında çıxış edib. Bu barədə “525”ə VHP-dən məlumat verilib. Festival mayın 8–də universitetin məşhur “Musiqi Salonu”nda açılıb. Bu salonun musiqi tarixində yeri ona görə böyükdür ki, vaxtilə orada Avropanın ən böyük bəstəkarları müəllif konserti veriblər. Bu dəfə isə tarixi salon Şərq-Qərb musiqisi və sözünün qovşaq nöqtəsi və ya dialoq meydanıydı. Gecənin birinci hissəsində yeri musiqiçilərlə bərabər Türkiyədən, Türkmənistandan, Rusiyadan gələn sənətkarların ifaları səslənib. Pianoçular Dünya Nurməmmədovanın, Maral Yaxşiyevanın, Türkmənistanı təmsil edən, əslən Güney Azərbaycandan olan Həsən Məmmədovun, teremin ustası, moskvalı Lidiya Kovinanın repertuarında Avropa və Asiya musiqisinin gözəl bir dialoqu yaranıb. İkinci hissədə isə öncə yeni çapdan çıxmış Avropa və Asiya şairlərinin şeirləri toplanmış məcmuə təqdim edilib. Məcmuənin böyük bir hissəsi Sabir Rüstəmxanlının ingiliscəyə çevrilmiş şeirlərinə ayrılıb. Görüşdə Sabir Rüstəmxanlı Bakıda ingiliscəyə sətri tərcüməylə birgə buraxılmış yeni şeirlər kitabını da təqdim edib. Oksford Universitetinin müəllimlərindən araşdırmaçı alim Con Ballam, Londondakı Azərbaycan Evinin rəhbəri Alı Tegin Atalay, görüşün təşkilatçılarından olan şair, Türkiyə Erdahan Universitetinin müəllimi Annaquli Nurməmmədov gecənin əhəmiyyətindən, o cümlədən azərbaycanlı qonağın yaradıcılığından danışıb. Sonra İngiltərə, Kanada, İsveçdən gəlmiş şairlər çıxış edib. S.Rüstəmxanlı İngiltərə-Azərbaycan ədəbi əlaqələrindən, xalqların yaxınlaşmasında diasporanın önəmindən danışıb. Sonra gecədə S.Rüstəmxanlının şeirləri Azərbaycan və ingilis dillərində oxunub. Söz və musiqi bayramı mayın 9-da gəmidə davam edib. Mayın 10-da Sabir Rüstəmxanlı Azərbaycanın İngiltərədəki səfirliyinin təşkil etdiyi mərasimə qatılıb, Azərbaycan icmasının nümayəndələri, Avropa Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüşüb. Həmin gün axşam Londondakı Azərbaycan Evində Avrasiya musiqi və şeir festivalı çərçivəsində çıxış edən Sabir Rüstəmxanlı son günlər İranda təşkil olunan antiazərbaycan təbliğatına münasibət bildirib, azərbaycanlıların 200 ildən bəri üzləşdikləri faciələri beynəlxalq təşkilatlara çatdırmaq baxımından Dünya Azərbaycanlıları Konqresinin gördüyü işlərdən danışıb. Görüşdə S.Rüstəmxanlının Azərbaycan və ingilis dilində çap olunmuş “Sənsizliyi yaşamaq”, eləcə də Oksford Universitetinin buraxdığı “May düşüncələri” kitablarının təqdimatı da keçirilib.
AQİL


Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar