12px14px16px18px

“Saxtakarlıqları darmadağın edənlər” kitabının təqdimatı keçirilib

FUAD AXUNDOV: “KİTAB DİGƏR DİLLƏRƏ, O CÜMLƏDƏN ERMƏNİ DİLİNƏ DƏ TƏRCÜMƏ EDİLƏCƏK”

13:08 / 12.05.2012
Dünən Bakıda Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundovun ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması mövzusuna həsr olunmuş “Saxtakarlıqları darmadağın edənlər” (“Razruşiteli falsifikaçiy”) kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, kitab İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb.
Təqdimat mərasimində kitabın müəllifi Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin rəhbəri Şəlalə Həsənova iştirak edib. Şəlalə Həsənova bildirib ki, kitabda konseptual yenilik ondan ibarətdir ki, burada erməni saxtakarlıqlarını üzə çıxaranlar rolunda yalnız xarici alimlər, siyasətçilər, yazıçılar, ictimai xadimlər çıxış edir. ABŞ, Avropa ölkələri, Rusiya və Gürcüstandan olan 152 müəllifin fikirləri və elmi tezisləri “Erməniləşdirilmiş Almabiya”, “Elmə və anti-elm”, “Saxtalaşdırılmış əlyazmalar və tərcümələr”, “İrəvan, tarix, həqiqət və yalan”, “Oğurlanmış əsərlər və mixi yazılar”, “Erməniləşdirilmiş tanınmış şəxsiyyətlər”, “Əlifba: həqiqət axtarışında”, “Ermənilərin Qafqaza demokratik həmləsi”, “301 il”, “Ermənilərin “xaç suyuna salınması”, yaxud absurd tarix”, “Oğurlanmış kilsələr”, “Müsəlmanların müqəddəs yerlərinin məhv edilməsi”, “Daşnak üçün öldürülmüş erməni dəyərlidir” və s. kimi 32 tematik bölmədə cəmləşdirilib.
Fuad Axundov öz növbəsində deyib ki, kitab rus dilində nəşr olunub, lakin digər dillərə, o cümlədən erməni dilinə də tərcümə ediləcək. O, kitabda erməni tarixçilərinin saxtalaşdırma cəhdlərində heyrətə gələn 21 erməni alimin fikirlərinə də yer verildiyini bildirib.
Tədbirdə həmçinin “Mövcud olmayan ölkə... Ermənistan Qafqazda?” adlı beş hissəli videoçarx nümayiş etdirilib. Filmdə Rusiya taxt-tacının sahiblərinin erməni ekstremizminin tüğyan etməsinə qarşı verdiyi qərarlar təqdim olunub, tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası elan olunduqdan sonra burada Azərbaycana məxsus toponimlərin, mədəniyyət nümunələri, tarixi və arxitektura abidələrinin məhv edilməsinə dair faktlar nümayiş olunub. Bu film “Youtube” resursunda yerləşdiriləcək.







Bu yazı ( 222 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar