12px14px16px18px

“Onlar Azərbaycana qarşı siyasi xətt yürüdür"

DAK: “İRAN ERMƏNİSTANIN İŞĞAL SİYASƏTİNƏ FAKTİKİ OLARAQ DƏSTƏK VERİR"

12:55 / 12.05.2012
Dünya Azərbaycanlıları Korqresi (DAK) bəyanat yayıb. DAK-ın mətbuat xidmətindən “525”ə verilən məlumata görə, bəyanatda İran hakimiyyətinin Azərbaycana qarşı təhdidlərinin son zamanlar daha intensivləşdiyi qeyd edilib: “Fars şovinizminin Azərbaycan dövlətinin təhlükəsizliyi və müstəqilliyinin təhdid edilməsi, ölkəmizə qarşı məkr və xəyanət planları son dövrlər daha da intensivləşərək, artıq açıq hədə ritorikası eşidilməkdədir. Mayın 8-də Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunun qarşısında aksiya keçirilməsi və 50 milyonluq dünya azərbaycanlılarının yeganə dövlətinə qarşı şüarlar səsləndirilməsi bu xəyanət və məkrin ən bariz nümunəsidir. Belə ki, İran İslam İnqilabı Keşikçilərini Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatına üzv tələbə və axundların, həmçinin hicab tərəfdarı qadınların iştirak etdiyi bu mitinqin fars şovinist hakimiyyəti tərəfindən məqsədli şəkildə təşkil olunduğu birmənalıdır. “Bəsic” bu aksiya ilə “Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində guya Bakıda keçirilməsi nəzərdə tutulan “gey-parad”a qarşı çıxdığını bildirir. Halbuki belə bir paradın olmayacağını Azərbaycan hakimiyyəti rəsmən dilə gətirib və Azərbaycanın Təbrizdəki baş konsulluğu bu barədə məlumatları rəsmi qurumlara ötürməklə aksiya üçün bəhanə gəzən “Bəsic” təşkilatının himayədarlarına öz etirazını bildirib. Bütün bunlara baxmayaraq, olmayacaq bir “paradı” bəhanə gətirməklə Azərbaycana qarşı aksiya keçirilməsi fars şovinizminin mahiyyətini ortaya qoydu. Dünya Azərbaycanlıları Konqresi olaraq hesab edirik ki, fars şovinizmi heç bir əsası olmayan “gey-parad”ı qəsdən bəhanə gətirib və bunun məhz bəhanə olduğunu Azərbaycan hakimiyyətinin və dünya azərbaycanlılarının bilməsində maraqlıdır. Fars şovinistləri bununla açıq şəkildə Azərbaycan dövlətinə qarşı olduqlarını bir daha nümayiş etdirmək məqsədi güdürlər”.
Bəyanatda İranın Azərbaycana qarşı siyasət yürütdüyü qeyd edilərək, fars rejiminin Ermənistanla əlaqələri ilbəil gücləndirdiyi də vurğulanıb: “İran adlı ərazidə hakimiyyəti ələ keçirən və xalqlar həbsxanası yaradan fars şovinizmi əslində on illərdir ki, Azərbaycan dövlətinə qarşı siyasi xətt yürüdür. Üzdə İslam və din faktorunu əsas götürən, əslində isə islama və dinə qarşı olan bu rejim Qarabağda və Qərbi Azərbaycanda minlərlə silahsız və günahsız müsəlmanı (“şiə qardaşlarını”) işgəncələrlə qətlə yetirən cinayətkar Ermənistan hakimiyyəti ilə iqtisadi-siyasi əməkdaşlığını ilbəil gücləndirir, Ermənistanın Azərbaycan torpaqlarını işğal siyasətinə faktiki olaraq dəstək verir. Bu gün dünyanın bir çox nüfuzlu qurumları və ölkələri tərəfindən rəsmən işğalçı kimi tanınan Ermənistanın zəbt etdiyi ərazilərdən geri çəkilməməsinin, iqtisadi baxımdan ayaqda qalmasının ən başlıca səbəbkarı özünü “İran İslam Respublikası” adlandıran fars millətçi rejimidir. Fars şovinizmi islama, dinə, müsəlmanlığa, ədalətə və haqqa qarşı çevrilən əməllərinin iflasa uğrayacağını və İran adlı həbsxanadan xalqların azad olunması gününün saatbasaat yaxınlaşdığını bildiyindən, son anında belə antitürk siyasətindən əl çəkmir. Dünya Azərbaycanlıları Konqresi dünyanın ən son imperiyası olan “İran İslam Respublikası” adlı şovinist qurumdan tarixin arxivinə gömülən ərəfədə nifaqdan çəkinməyi, qardaşı qardaşa qarşı qoymaq kimi məkrli əməldən imtina etməyi tələb edir. Azərbaycanlıların döyünən ürəyi Təbrizdə belə aksiyalar keçirilməsi 35 milyonluq Azərbaycan türkünün heysiyyatına təhqirdir. Dünya azərbaycanlıları fars şovinistlərinə bir millətin heysiyyatı ilə oynamağın aqibətinin çox ağır olacağını yada salır və belə əməlləri qətiyyətlə pisləyir”.
Aqil LƏTİFOV







Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar