12px14px16px18px

Ombudsman Aparatının rəhbəri Bişkekdə beynəlxalq seminarda iştirak edib

01:06 / 11.05.2012
Bişkek şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bölməsinin təşkilatçılığı ilə “BMT mexanizmlərinin (müqavilə qurumları, xüsusi proseduralar və Universal Dövrü İcmal (UDİ)) insan hüquqları üzrə tövsiyələrinin dövlətlər tərəfindən yerinə yetirilməsinin effektivliyinin artırılması” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı da qatılaraq, sessiyalarda çıxış edib. Bu barədə “525”ə Ombudsman Aparatından məlumat verilib. Məlumata görə, “BMT tövsiyələrinin həyata keçirilməsi məqsədilə dövlət orqanlarının, milli insan hüquqları institutlarının və vətəndaş cəmiyyətini cəlb etməklə yüksək səviyyəli koordinasiya mexanizminin yaradılması” mövzusunda keçirilən sessiyadakı çıxışında o, Azərbaycanın insan hüquqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürdüyünü, öhdəliklərin yerinə yetirilməsi prosesinə dövlət qurumlarının, Ombudsmanın və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli QHT-lərin cəlb edildiyini, bu məqsədlə əlaqələndirmə, müvafiq hesabatların hazırlanması funksiyasını daşıyan işçi qruplarının yaradıldığını və fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Aparatın rəhbəri “Müqavilə qurumları, xüsusi proseduralar və UDİ çərçivəsində verilmiş tövsiyələrin yerinə yetirilməsi məqsədilə müddəti, dövrü və icrasına məsuliyyətli qurumlar müəyyən edilməklə fəaliyyət planlarının hazırlanması” mövzusunda sessiyada Azərbaycan dövlətinin istər UDİ çərçivəsində, istərsə də BMT-nin müqavilə orqanlarının tövsiyələrinin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, müvafiq dövlət proqramlarının, milli fəaliyyət planlarının qəbul edildiyini vurğulayıb. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında (MFP) beynəlxalq qurumların tövsiyələrindən irəli gələn vəzifələrin nəzərdə tutulduğu, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın BMT-nin ixtisaslaşmış qurumlarının tövsiyələrinin icrası istiqamətində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib. Azərbaycan Ombudsmanının UDİ üzrə İşçi qrupunun Azərbaycanın birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsində, bununla bağlı hökumətin aralıq hesabatının hazırlanması prosesində fəal iştirak etdiyi, bununla bağlı Xarici İşlər Nazirliyi ilə birgə iclasların təşkil edildiyi, bu prosesə vətəndaş cəmiyyətinin cəlb olunduğu bildirilb, Azərbaycan Ombudsmanının insan hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının monitorinqi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı geniş məlumat verilib. Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri və Ombusmanın bu sahədə müsbət iş təcrübəsi seminarın təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib. Səfər çərçivəsində A.Səfixanlı həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Amerika, Avropa və Mərkəzi Asiya üzrə departamentinin rəhbəri cənab C.Maqazenni ilə görüşüb. Görüşdə Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar, habelə həyata keçirilməkdə olan MFP insan hüquqlarının daha səmərəli müdafiəsi baxımından müsbət dəyərləndirilərək, adı çəkilən Proqramın implementasiyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Aqil LƏTİFOV


Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar