12px14px16px18px

“Qərbin seçkilərdə Sərkisyana verdiyi dəstək müəyyən şərtlərlə bağlıdır”

MÜBARİZ ƏHMƏDOĞLU: “QARABAĞ MƏSƏLƏSİNİN DƏ BU ŞƏRTLƏR İÇƏRİSİNDƏ OLMASI İSTİSNA DEYİL”

01:06 / 09.05.2012
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu 2012-ci ilin aprel ayı üzrə beynəlxalq və regional ictimai-siyasi prosesləri təhlil edib. 15 aylıq fasilədən sonra İranla “Altılıq” arasında danışıqların başladığını bildirən M.Əhmədoğlu bu danışıqların İranın təklif etdiyi variant üzrə olduğunu qeyd edib. O, İranın belə bir mərhələdə danışıqlara cəhd etməsinin səbəbsiz olmadığını deyib. Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın 100 illiyinə 3 il qalmış Ermənistanda, dünya ermənilərində, eləcə də bütün dünyada “erməni soyqırımı”na münasibətin zəifləməsi hədsiz diqqətçəkən məqamdır: “Rusiya, Türkiyə, Gürcüstan və İran “erməni soyqırımı”n qeyd olunmasında aktivliyin müşahidə olunduğu dövlətlərdir. Rusiyada bu münasibətlə Türkiyə səfirliyi qarşısında piket və bir neçə yığıncaq keçirildi. Rusiyada “soyqırımı” inkar edənlərə qarşı cəza qanununun qəbul edilməsi ideyası aktuallaşdı. Türkiyədə bu münasibətlə keçirilən tədbirlər, orada iştirak edənlərin sayı artıb. Türkiyə mətbuatında və türk mənşəli siyasətçilər, elm adamlarının mövzu ilə bağlı yazıları da ötən illərlə müqayisədə çoxalıb. Gürcüstanda 24 aprel günü 10-a yaxın tədbir keçirməklə yanaşı, “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də aktuallaşdırıldı. Gürcüstan erməniləri “erməni soyqırımı”nın tanınması məsələsini parlamentdə də qaldıra bildilər. İranda “soyqırım” tədbirləri hər il “hiyleyi-şəriyə” keçirilirdi: əvvəllər mərasimlər 24-də deyil, bir az gecikməklə, amma dövlət təmsilçilərinin aktiv iştirakı ilə baş tuturdu. Bu il isə 24 aprelin rəsmi Tehranın icazəsi ilə kütləvi nümayişlə qeyd edildi. Ermənilər Türkiyə səfirliyinə doğru yürüş etmək istədilər, amma guya Tehran polisi icazə vermədi”. Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunan politoloq bu seçkilərin demokratik olmayacağını indidən söyləməyə tam əsasın olduğunu bildirib: “Seçici siyahılarında kütləvi saxtakarlıq, bəzən bir ünvana hədsiz çox adların daxil edilməsi az rast gəlinən hal deyil. Adamların adı, ata adı və soyadında hərfləri dəyişməklə bir seçicini bir neçə seçiciyə çevirirlər. Qərb seçki öncəsi qüsurlara fikir verməməklə Serj Sərkisyanı dəstəklədiyini ortalığa qoydu. Artıq seçkilər üçün formalaşmış elementlər özünü göstərir: siyasi proseslər kriminallaşdırılır, ölüm halları qeydə alınır. Gümrü şəhər merinin qızının nişanlısı nişan mərasimindən bir gün əvvəl öldürüldü. Mer V.Qukasyan günahkar kimi “Çiçəklənən Ermənistan” partiyasının Gümrü şəhərindəki təmsilçilərini göstərdi. Təhqiqat aparmaq üçün gəlmiş müstəntiq dərhal öldürüldü. Çoxlu rəy sorğularının keçirilməsi bu ilki seçkilləri əvvəlki seçkilərdən fərqləndirən mühüm əlamətlərdən biridir. Qərbin Sərkisyana verdiyi dəstək müəyyən şərtlərlə bağlıdır. Ermənistanın Rusiyanın təsir zonasından çıxması, İrana qarşı aksiyalarda iştirakı bu şərtlərin içərisində ola bilər. Qarabağ məsələsinin də bu şərtlər içərisində olması istisna deyildir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Ermənistandakı seçkilərə bağlanması ikibaşlı ola bilər. Sərkisyan seçkilərindən sonra Qarabağ tənzimlənməsilə bağlı vədlərinə əməl etməyə bilər. Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlərin, xüsusilə Dağlıq Qarabağla bağlı fikirlərin yalan və ya düz olmasını heç Sərkisyan özü də ayırd edə bilməz. Seçkilər öncəsi təbliğat kampaniyasında Ermənistan dövlətçiliyinin olmaması ilə bağlı dedikləri Sərkisyanın öz yalan kələfində dolaşdığını göstərir. Bu səbəbdən Azərbaycan Qərblə Ermənistan arasındakı Qarabağ danışıqlarının pis tərəfini, yəni “Ermənistan İran və Rusiyaya qarşı Qərbin ssenarilərində iştirak edir, əvəzində Qərb Qarabağ məsələsində mövqeyini dəyişir” tezisini nəzərə alıb, onu neytrallaşdırmağa çalışmalıdır. Rusiyanın Ermənistandakı seçkilərə münasibəti mövqeyi ikisəsli olmağa başlayıb. Bu, rəsmi Yerevanın Rusiya ilə bağlı bacardığı ən yaxşı vəziyyətdir. Rəsmi Moskva Dağlıq Qarabağ məsələsində ədalətli, ermənilərin xoşlamadığı fikir səsləndirən kimi ermənilər başqa Rusiya rəsmisinin dilindən istədikləri bəyanatı ala bilir. Rusiya prezidenti və seçilmiş prezidenti hakim “Respublika” partiyasının, xüsusilə S.Sərkisyanın ziyanına olduğu halda, ermənilər “Rusiya dəmiryolları” səhmdar cəmiyyətinin direktoru V.Yakunini və Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzini cəlb etməklə əhalidə Rusiya ilə münasibətlərinin yaxşı olması imitasiyasını yarada bildi. İki ay öncə V.Putinin seçilməsini proqnozlaşdıran bu mərkəz indi S.Sərkisyanın qələbəsini proqnozlaşdırır və “Çiçəklənən Ermənistan” partiyasının liderinin silah gəzdirməsinin reytinqə təsir edəcəyini bildirməklə, antiçarukyan təbliğat aparır. V.Putinin rəhbəri olduğu Rusiyanın ermənilər arasında Çarukyanın əleyhinə təbliğat aparması qeyri-mümkündür. İranın E.Nalbandyanı təcili çağırmasının səbəbi Dağlıq Qarabağ problemi ilə əlaqəli ola bilər. Ə.Salehinin mətbuat konfransında vurğunu Qarabağ tənzimlənməsinin üstünə qoyması bu ehtimalı gücləndirir. “İran Dağlıq Qarabağ məsələsində vasitəçiliyə hazırdır” deyimi Azərbaycanda bəzi iranpərəst qüvvələri aldatmaq üçündür. İran münaqişəsini həll etməyə çoxdan hazırdır. Həllin Azərbaycanın xeyrinə olması onu qane etmir. Ermənistandakı seçki kompaniyası, Avroparlamentin qəbul etdiyi qətnamə, Rusiyanın Ermənistana münasibəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyətin ermənilərin ziyanına dəyişdiyini göstərir. Avroparlamentin işğal olunmuş ərazilərdə inspeksiya aparmaq təşəbbüsü İran üçün indiki halda daha qorxuludur. Normal inspeksiya İranın DQ-dəki hərbi və digər izlərini, texnikasını aşkarlayacaqdır. Bu məsələlərə görə İran E.Nalbandyanı təcili Tehrana çağırdı və bu torpaqları işğalda saxlamaqda əlavə nələrə ehtiyac olduğunu öyrəndi. İsrail ilə artan münasibətlər (Ermənistanın İsrailə səfir təyin etməsi, erməni mütəxəsislərinin İsraildə keçirilən “Aqromaşov-2012” aqroforumunda iştirak etməsi, İsrailin Kənd Təsərrüfatı naziri O.Nokedin Ermənistanda olması, ermənilərə xüsusi ehtiram göstərməsi) də E.Nalbandyanın İrana münasibətinin hərarətini azalda bilmədi”. Qoşunların təmas xəttində gərginlik xeyli artdığını deyən M.Əhmədoğlu ölənlərin, xüsusilə ermənilər tərəfindən hərbi itkilərin sayı çoxaldığın qeyd edib: “Ermənilər Azərbaycanın hərbi aktivliyinin artmasını ölkələrindəki seçkilərdə görürlər. Onların fikrincə, Azərbaycan Ermənistandakı parlament seçkilərindən istifadə edib ölkə daxilində vəziyyəti gərginləşdirmək istəyir. Qoşunlarının təmas xətlərində baş verən itkilər Ermənistan Müdafiə Nazirliyində panika yaradıb. Mətbuatı sosial şəbəkələrdə ordudakı vəziyyətlə bağlı yazılan yazılara fikir verməməyi, ölüm hallarını şişirtməməyi tövsiyə etdi. Avroparlament Azərbaycan və Ermənistanın assosiativ üzvlüyü haqqında qətnamə qəbul etdi. Qətnamədə ən mühüm cəhət Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibətdir. Sənəddə Ermənistana qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaq, gənclərini Dağlıq Qarabağa hərbi xidmətə göndərməmək, işğal etdiyi ərazilərdə məskunlaşma siyasəti aparmamaq tövsiyə edilir. Qətnamədə diqqətçəkən məsələ etimad yaratma tədbiri kimi icmalararası dialoqun bura daxil edilməməsidir. İcmalar arasında qurulmuş dialoq münaqişənin tənzimlənməsində etimad yaranma mərhələsindən tutmuş, statusun müəyyən olunma mərhələsinə kimi ən mühüm iş görməyi bacara biləcək institutdur. İcmalararası dialoq demokratiyaya, xristianlığa, sivilliyə tamamilə uyğundur. Bu dialoqun qətnaməyə düşməməsinin səbəbini bilən şəxslərə münaqişənin tənzimlənməməsinin səbəbi də aydındır. Bu səbəbi aradan qaldırmaqla münaqişənin dinc yolla tənzimlənməsinə nail olmaq olar. Əks təqdirdə, Avroparlament və digər Avropa qurumları özlərini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanmasına şərik edəcəklər. Sərkisyan əhalini öz tərəfinə çəkmək üçün müharibə xofundan istifadə edir. Sərkisyanın və ətrafının müharibədən başqa bacardığı iş yoxdur. Doveq kəndindəki hadisəyədək seçki kampaniyasında Sərkisyan Qarabağ kartından istifadə edə bilmirdi və Qarabağ məsələsi rəy sorğularında 7-8-ci yerdə idi. Doveq kəndində üç erməni hərbçisinin ölümünü erməni tərəfinin təşkil etməsi istisna deyil. Son aylarda ermənilər bir neçə dəfə öz hərbçilərini öldürüblər. Doveq hadisələrindən sonra Serj Sərkisyan seçki kampaniyasında Qarabağ kartından istifadə etməyə başlayıb. Ehtimal ki, bu elə Qarabağ mövzusunu aktuallaşdırmaq üçün Sərkisyana lazım imiş. Qarabağ klanından başqa istənilən qüvvə, xüsusilə Rusiyanın dəstəklədiyi “Çiçəklənən Ermənistan” partiyası Qarabağ problemini iqtisadi və ya siyasi yolla tənzimləmək imkanına malikdir”.
Aqil LƏTİFOV


Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar