12px14px16px18px

Neft maqnatlığından başlayan yol

01:04 / 09.05.2012
Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. XIX əsrin sonlarına doğru Con (1839-1937) və Uilyam Rokfeller (1841-1922) qardaşlarının “Standart Oil Company” vasitəsilə neft biznesində və “Chase Manhattan Bank” (hazırda JP Morgan Chase) vasitəsilə maliyyə sektorunda qazandıqları varidat bu ailəni dünyada söz sahiblərindən birinə çevirdi. Rokfeller ailəsinin sahib olduğu sərvət haqqında 29 iyul 1916-cı ildə “Nyu York Tayms”da ailənin o dövrkü rəisi Peder Sah Con D. Rokfellerin neft ortaqlıqlarının 500 milyon dolları ötdüyü, Rokfellerin ABŞ-ın ilk dollar milyarçısı olduğu xəbər verilmişdi. Rokfellerlərin hazırkı maliyyə vəziyyəti haqqında dəqiq məlumatlar verilmir və bununla bağlı araşdırma aparmaq üçün ailə arxivləri ictimaiyyətə bağlıdır. Rokfellerlərin əsas maliyyə aləti olan “Chase Manhattan Bank” hazırda ABŞ-da səhmlərinin həcminə görə ikinci bankdır. Dünya maliyyə sisteminin nüfuzlu mərkəzlərindən olan “Citibank”-da onların nəzarətindədir. Qardaşların yaratdıqları Rokfellerlər Fondu ilk günlərdən öz bizneslərindən kənar bir çox sahələrə yardım göstərir. Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük missionerlərdən biri kimi tanınır. Lakin diqqətimizi cəlb edən xüsusi məqam Rokfellerlərin beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır. Rokfellerlərin maliyyə yardımı göstərdikləri sahələr arasında təhsil sektoru və beyin mərkəzləri xüsusi yer tutur. Rokfellerlər Fondu ABŞ-da və Avropada bir çox məşhur universitet və kollecə maliyyə yardımı göstərir, bu təhsil müəssisələrində xüsusi tədqiqatları, o cümlədən bir çox Nobel mükafatı namizədlərinin tədqiqatlarını maliyyələşdirir. Harvard, Nyu-York, Yel, Korneli, Kolumbiya, Massaçusets Texnoloji Universiteti, London İqtisadiyyat məktəbi başlıca benefisiarlardır. Ailənin adını daşıyan universitet (Rokfeller Universiteti, Nyu-York, 1901) və muzeyi (Rokfellerlər Muzeyi, 1925-1930, Yerusəlim) də təsis edilib. Rokfeller ailəsi beynəlxalq siyasətdə aktiv iştirakçıdır. Ailənin təmsilçiləri fəaliyyətləri ictimaiyyət üçün daha çox gizli saxlanılan bir çox beynəlxalq təşkilatların, habelə regional təsisatların yaradılmasında birbaşa iştirak etmiş və ya maliyyə yardımı göstərmişlər. Bu təşkilatlar arasında Bilderberq klubu, Üçtərəfli Komissiya, Asiya Cəmiyyəti, Karneqi Korporasiyası, Xarici Əlaqələr Şurası (CFR), Brookinq İnstitutu, Peterson İnstitutu, Sakit Okean Münasibətləri İnstitutu, Xarici Siyasət Assosasiyası, Davos İqtisadi Forumu, Millətlər Liqası, BMT-nin müxtəlif proqram və layihələri, 30-lar (G30) qrupu, Sosial Tədqiqatlar Şurası Rokfellerlərin müxtəlif məqsədlərinə xidmət etmək üçün maliyyələşdirilir. Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Bunlardan biri Bilderberq klubudur. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləri arasından dəvət olunur. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq ilə bağlı öhdəlik götürür. Mövcud siyasət səhnəsindən Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Romano Prodi, Henri Kissencer, Donald Ramsfeld klubun üzvü olmuşlar. 1954-cü ildə ilk iclası keçirilən bu təşkilatın məqsədi artan kommunizm təhlükəsi qarşısında Avropada antiamerikanizm meyllərinin qarşısının alınması, ABŞ və Qərbi Avropanın vahid atlantizm ideyalarına xidmət, siyasi, iqtisadi, müdafiə məsələləri sahəsində əməkdaşlığın müzakirəsidir. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Rokfellerlər bu klubun əsas maliyyə mənbələrindən və klubun fəaliyyətində əsas söz sahiblərindən biridirlər. Hazırda ailənin rəhbəri Devid Rokfeller Bilderberq klubunun Məsləhət qrupunun sədridir. Rokfellerlər II Dünya Müharibəsindən sonra dəyişən dünyada ABŞ üçün yeni təsir zonalarının yaradılmasının başlıca tərəfdarı olmuş və bu məqsədlə Yaponiyanın da Bilderburq klubunun hədəfinə çevrilməsinə çalışmışlar. Lakin ümumi konsensusun olmaması Rokfellerlərin 1972-ci ildə yeni bir qurumu – Üçtərəfli Komissiyanı yaratmasına səbəb olub. Bu Komissiya ilkin olaraq ABŞ-Qərbi Avropa-Yaponiya yaxınlaşmasını qarşısına məqsəd qoymuşdusa, sonradan Yaponiyaya bütünlükdə Cənub-Şərqi Asiya regionu əlavə olundu. Hazırda Komissiyada Ş.Amerikadan 120, Avropadan 170, Asiya-Sakit Okean hövzəsi regionundan 117 nümayəndə beyin mərkəzlərini təmsil edir. Rokfellerlərin siyasətində hər zaman özlərinin və himayəsi altında olanların biznes maraqlarının müdafiəsi üçün səyləri aparıcı yer tutub. 1965-ci ildə Devid Rokfellerin təşəbbüsü ilə yaradılmış “Amerika Şurası” – bütün Qərb yarımkürəsində (Kanada, Karib hövzəsi, C.Amerika daxil olmaqla) azad ticarət, bazarların açılmasına çalışan biznes təşkilatıdır. D.Rokfellerin digər bir layihəsi Sakit okean hövzəsi ölkələri arasında əlaqələri müzakirə etmək üçün yaradılan beynəlxalq QHT “Sakit okean hövzəsi əlaqələri İnstitutu” da bu maraqlara xidmət edir. Devid Rokfeller Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) və Azad Ticarət haqqında Mərkəzi Amerika Sazişinin (CAFTA) əsas ideya müəllifi, azad ticarət konsepsiyasının mühüm dəstəkçisidir. Bu konsepsiyanın əsasında isə Rokfeller ailəsinin və onların tərəfdaşlarının bu regionlarda üstün iqtisadi mövqeyə malik olması, ticarətin liberallaşdırılması adı altında bu bazarlarda inhisarçı mövqeyə yiyələnməsi, azad ticarət sazişləri vasitəsilə dövlətlərin tənzimləyici metodlarını asanlıqla aşa bilməsi dayanır. “Amerika Şurası”na biznes, maliyyə, konsaltinq, sənaye, medianı təmsil edən 200-ə yaxın şirkət daxildir (Chevron, Conocophilips, Exxon Mobil, Ford, General Motors, JP Morgan, Macdonalds, Microsoft, Coco-Cola) və bu, mahiyyət etibarilə Rokfellerlərin öndərliyi altında dünya bazarları uğrunda rəqabət aparmaq üçün yaradılıb. 1994-cü ildə NAFTA-nın təşkilata çevrilməsi ilə bu ideyalar öz əməli təsdiqini tapdı. Görünən odur ki, Rokfellerlər dünyanın müxtəlif regionları ilə ABŞ-ın münasibətlərini tənzimləmək məqsədilə yaratdıqları təşkilatlarda ilk növbədə şəxsi biznesləri üçün əlverişli mühit yaratmağa çalışırlar. Kanadanın 1921-1926, 1926-1930 və 1935-48-ci illərdə üç dəfə Baş naziri olmuş Uilyam Layon Makkenzi Kinq, Dünya Bankının 1947-49-cu illərdə Prezidenti olmuş Con Makklay, 1949-1963-cü illərdə onun sələfi olmuş Evqeniy Robert Blək, 1979-87-ci illərdə ABŞ Federal Rezerv Sisteminin sədri, Üçtərəfli Komissiyanın yaradıcılarından biri, Bilderberq klubunun üzvü Pol Volker, 1995-2005-ci illərdə Dünya Bankının Prezidenti Ceyms Vulfenson və daha neçə siyasətçi, bankir, iqtisadçı Rokfellerlərlə sıx əməkdaşlıq etmiş, müxtəlif illərdə Rokfeller Fondu tərəfindən maliyyələşdirilmişlər. Son yüz il ABŞ-ın xarici siyasətində və ümumilikdə dünya geosiyasətində ən mühüm iki şəxs Henri Kissencer və Zbiqnev Bjezinski də Rokfeller ailəsi ilə daimi əlaqədə olub. Z.Bjezinski Rokfellerlərin məsləhətçisi olub. H.Kissencer 1956-1958-ci illərdə Rokfeller qardaşları Fondunun maliyyələşdirdiyi tədqiqat proqramının direktoru olub və o vaxtdan onların daimi münasibətləri yaranıb. Hətta Kissencer 1969-75-ci illərdə Nikson Administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir, 1973-1977-ci illərdə Dövlət Katibi olanda və Karterin Prezidentliyi dövründə də Rokfellerlərin maraqlarını müdafiə edib. ABŞ xarici siyasətində ən böyük diplomatik qalmaqallardan biri və sonradan hər zaman İrana qarşı arqument olaraq istifadə ediləcək hadisənin baş verməsində də Rokfellerlərin adı hallanır. 1979-cu ildə ABŞ tarixində səfirlik əməkdaşlarının girov götürülməsi ilə əlaqədar yaranmış ABŞ-İran diplomatik qalmaqalı Kissencer-Rokfeller adları ilə birbaşa bağlıdır. Həmin dövrdə ABŞ-da ən nüfuzlu beyin mərkəzi olan Xarici Əlaqələr üzrə Şuranın sədri olan Devid Rokfeller və Henri Kissencer Prezident Karteri İran şahı Rza Pəhləvinin ABŞ-a müalicə məqsədilə gəlməsinə razılıq verməsinə inandıra bilmişdi və bunun nəticəsində böyük bir qalmaqal yarandı. 4 noyabr 1979-cu ildən 20 yanvar 1981-ci ilədək 52 amerikalı Tehrandakı ABŞ səfirliyində girov götürüldü. ABŞ diplomatiya tarixinin ən böyük rezonans doğuran bu hadisənin arxasında da Rokfellerlərin biznes maraqları dururdu. Rokfellerlər ailəsinin üzvləri arasından bir neçəsi ABŞ hökumətində yüksək vəzifə də tutublar. Nelson ABŞ-ın 41-ci Vitse-Prezidenti (1974-1977), Jay Senator (1985-ci ildən), Uintrop qubernator (Arkanzas 1967-1971) olub. Rokfellerlər ailəsinin ABŞ hökumətində ən yuxarı pillədə təmsil olunan nümayəndəsi Nelson Rokfeller olub (1908-1979). O, 1940-cı ildə Prezident Ruzveltin Amerika məsələləri üzrə köməkçisi olub, II dünya müharibəsindən sonra San-Fransiskoda BMT-nin yaradılması ilə bağlı konfransda ABŞ-ın nümayəndə heyətinin tərkibində olub. BMT-nin öz mənzil-qərargahını Nyu Yorkda yerləşdirməsi üçün xüsusi səy göstərib və hətta bu məqsədlə torpaq sahəsi alaraq təşkilata bağışlayıb. Harri Trumenin Prezidentliyi dövründə xarici yardım məsələlərin məsul olub və 1954-cü ildə Prezidentin xarici işlər üzrə xüsusi köməkçisi təyin edilib. N.Rokfeller milli təhlükəsizlik naminə xarici yardım göstərilməsinin təşəbbüskarı olub. O, ABŞ-ın müasir xarici yardım mexanizminin əsas ideya müəlliflərindən biridir. Hazırda “Rokfeller – Respublikaçı” termini az-az işlənir, bu siyasi görüşə malik respublikaçılar liberal respublikaçılar adlanırlar. Lakin hələlik siyasi leksikondan tam çıxmayıb, bəzən xatırlanır. Misal üçün, Kolin Pauel 1995-ci ildə özünü “Rokfeller – Respublikaçı” adlandırmışdı. Beləliklə, Amerika və dünya ictimai-siyasi səhnəsində xüsusi yer tutan Rokfellerlər ailəsi pərdəarxası siyasi proseslərdə əsas aktyorlardandır. Dünyada baş verən bir çox proseslərdə, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meylli inteqrasiya proseslərində hər zaman Rokfellerlərin biznes və siyasi maraqları özünü göstərir. Bütün bunlar isə növbəti araşdırmaların mövzusudur. Ə.Həbibbəyli iqtisad elmləri üzrə fəlsəfə doktoru www.newtimes.az


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar