12px14px16px18px

“İrəli”yə yeni sədr seçilib

İCTİMAİ BİRLİYƏ RAUF MƏRDİYEV RƏHBƏRLİK EDƏCƏK

11:29 / 08.05.2012


Dünən Bakıda “İrəli” İctimai Birliyinin nizamnaməsinə əsasən, təşkilatın ikinci hesabat-seçki konfransı keçirilib. Konfransın təşkilat komitəsinin sədri Hikmət İsmayılov tədbirin əhəmiyyətindən danışıb. O, bu tədbirin təşkilatın həyatında önəmli bir tarix olduğunu diqqətə çatdırıb. H.İsmayılov konfransda 1784 nəfər qeydiyyatdan keçən iştirakçıdan 1693-nün iştirak etdiyini bildirib. O konfransda təşkilatın yeni loqotipinin təqdim olunacağını, həmçinin yeni sədrin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçiləcəyini vurğulayıb.
Konfransda əvvəlcə say və katiblik komissiyalarının üzvləri seçiliblər.
“İrəli” İctimai Birliyinin sabiq sədri, millət vəkili Ceyhun Osmanlı ötən dövr ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib. C.Osmanlı Azərbaycanın vətən uğrunda canlarından belə keçməyi bacaran qəhrəman oğullarından, ölkənin ən ali tribunalarda təmsil etməyi bacaran, dünyada tanıdan gənclərindən danışıb və bildirib ki, bu gün hər bir gənc tariximizə, keçmişimizə, mədəniyyətimizə, incəsənətimizə dərindən bələd olmalıdır. O, tarix boyu demokratik təfəkkürə sahib olan Azərbaycanın bu gün də həmin ənənələri davam etdirdiyini diqqətə çatdırıb.
Sonra “İrəli” İctimai Birliyinin mərkəzi nəzarət-təftiş komissiyası adından Mahir Məmmədov təşkilatın cari dövr üçün fəaliyyət hesabatı barədə iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, “İrəli” yalnız Azərbaycanın deyil, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biridir. Təşkilatın cari dövr ərzində bir çox layihələr həyata keçirdiyini diqqətə çatdıran M.Məmmədov layihələr çərçivəsində nəşr edilən kitablar və sair barədə iştirakçılara ətraflı məlumat verib.
Gənclər və idman naziri Azad Rəhimov “İrəli”nin yarandığı vaxtdan ətrafında fəal, intellektual səviyyəli, vətənpərvər gəncləri birləşdirməyi qarşısına məqsəd qoyduğunu bildirib. Nazir təşkilatın təkcə Bakı ilə məhdudlaşmadığını, həm də regionlara üz tutduğunu, beləliklə, bütün Azərbaycan gəncliyini ətrafında birləşdirdiyini mühüm amil kimi vurğulayıb. A.Rəhimov qeyd edib ki, “İrəli” bu gün Azərbaycanın rayonlarında yaşayan gənclərin də ictimai sahədə və vətəndaşlıq məktəbi istiqamətindəki fəaliyyətlərinin genişləndirilməsinə yaxından köməklik göstərməyə çalışır. A.Rəhimov təşkilata üzv olan 20 mindən artıq gəncin öz ideyaları ilə “İrəli”ni gücləndirdiyini və inkişaf etdirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu, Azərbaycan gənclərinin təşəbbüskar, sözün yaxşı mənasında əsl vətəndaş kimi yetişməsinin sübutudur. Nazir “İrəli”nin fəal təşkilat olmaqla çoxsaylı sahələri əhatə etdiyini bildirib.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, bütün demokratik ənənələrə riayət edilərək keçirilən konfransın istər “İrəli” İctimai Birliyinin, istərsə də Azərbaycanın digər qeyri-hökumət təşkilatlarının tarixində uzun müddət qalacaq.
E.Aslanov konfransın iştirakçısı olan gənclərə müraciətlə deyib: “Siz böyük millətin, qədim tarixi və zəngin mədəniyyəti olan bir məkanın övladlarısınız. Siz Cavanşirin, Tomrisin, Pənah xanın, Cavad xanın, Əhməd bəy Ağaoğlunun, Əlibəy Hüseynzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin və Heydər Əliyevin övladları və tələbələrisiniz. Sizlər Azərbaycanın bu günü və sabahısınız. Sizlər Azərbaycanın 28 may, 15 iyun, 18 oktyabr tarixlərini yaşadan gənclərsiniz. Siz Azərbaycanımızı parlaq gələcəyə doğru aparan bir qüvvəsiniz. Azərbaycan gəncliyi olaraq siz bu ölkəni inkişaf etdirən, gələcək nəsillərə təhvil verən, onun siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran şəxslərsiniz. Biz də bu yolda sizinlə birlikdəyik”.
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın gənclər siyasətinin həyata keçirilməsində iki əsas prioritet var. Birinci prioritet təşəbbüskar və intellektual gəncliyin formalaşdırılmasıdır. Razılıq hissi ilə qeyd etmək olar ki, hazırda bu müsbət tendensiyanı gənclərimiz arasında görmək mümkündür. İkinci prioritet isə Azərbaycan gənclərinin iş yerləri ilə təmin olunmasıdır.
Azərbaycan iqtisadiyyatının bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini bildirən E.Aslanov ölkəmizin bu gün regionun lider dövlətinə çevrildiyini deyib. Başlıca problemimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayan şöbə müdiri torpaqların sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilməsək, Ali Baş Komandanın əmri ilə hər bir azərbaycanlının əsgərə çevrilərək ərazilərimizi azad etməyə hazır olduğunu diqqətə çatdırıb.
Daha sonra təşkilatın mərkəzi nəzarət-təftiş komissiyasının yeni üzvləri müəyyənləşib. Komissiya üzvlüyünə səs çoxluğu ilə Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani Fərəcov və Dünya Fərzəliyeva seçiliblər.
Konfransda “İrəli” İctimai Birliyinin yeni sədri vəzifəsinə isə Rauf Mərdiyev seçilib.
S.QARAYEVA



Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar