12px14px16px18px

“İctimai Palata razılaşdırılmamış mitinq keçirməmək barədə qərara gəlib”

11:45 / 05.05.2012
İctimai Palatanın (IP) Koordinasiya Şurasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış mitinqlər keçirilməməsi ilə bağlı razılıq əldə olunub.
İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunan şəxslərdən birinin APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin İP-in bu il mayın 6-a təyin etdiyi mitinq üçün göstərdiyi üç marşrutdan heç biri ilə razılaşmayıb, Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançanı təklif etməsindən sonra qurumun rəhbərliyinin məşvərət toplantısında belə qərara gəlinib.Qurum üzvlərinin bəziləri bildiriblər ki, Bibiheybət qəsəbəsində mitinq keçirməməklə bağlı bəyanatlardan sonra orda razılaşdırılmış aksiya keçirilməsinin müzakirə edilməsi doğru deyil.
İP rəhbərliyinə daxil olan şəxslərin azlıqda qalan hissəsi icazəsiz aksiya keçirməklə bağlı qərar verilməsinin zəruriliyi barədə fikir səsləndirsə də, əksəriyyət razılaşdırılmamış mitinqin keçirilməsinin əleyhinə olub. Onlar qarşıdurmaya getmək üçün əsas olmadığını bildiriblər: “Razılaşdırılmış aksiyalar biz gözlədiyimiz effekti vermədi. Partiya funksionerləri və fəallar aksiyaya qatılsa da, xalqdan gözlənilən kütləvilik olmadı. Kütləvilik artmadığı halda, mitinqlərin davam etdirilməsinin heç bir mənası yoxdur. Həm də Bayılda keçirilən aksiyada heç Səbail rayonunun əhalisi də xəbər tutmur”.
Mənbə qeyd edib ki, razılaşdırılmamış mitinqlərin keçirilməsi ilə bağlı təklif isə aksiya iştirakçılarının həbs təhlükəsi olduğu üçün müsbət qarşılanmayıb: “Biz hələ də 2011-ci ilin aprel ayında həbs olunmuş İP üzvlərinin azadlığa buraxılmasına nail ola bilməmişik. Düzdür, beynəlxalq təşkilatlar onların azadlığa buraxılmaları ilə bağlı tələblər səsləndiriblər, amma gördüyünüz kimi, indiyə qədər o şəxslərin azadlığa buraxılması mümkün olmayıb. İndiki halda onların və ailələrinin maddi ehtiyaclarının təmin edilməsi, hüquqi müdafiəsinin qurulması İP üçün çətinliklər yaradıb. Buna görə də qurum, öz üzvlərinin tutulması, həmçinin müxalifətdə pərakəndəliyin aradan qaldırılması məqsədilə hakimiyyətlə qarşıdurmalardan yayınmağa çalışacaq. Həm də bizim razılaşdırılmış aksiyada apardığımız müşahidələr icazəsiz mitinqdə iştirak faizinin çox aşağı olacağını göstərdi, belə vəziyyətdə iştirakçıların tezliklə dağıdılıb, saxlanılması daha rahat olur”.
Mənbə bildirib ki, buna görə də İP-nin hakimiyyətlə danışıqlar aparmaq üçün yaradılan İşçi qrupuna hökumət üzvlərinə müraciət edilmək tapşırılıb: “Biz çalışacağıq ki, BŞİH şəhərin mərkəzinə yaxın hissədə aksiya keçirilməsi üçün yer ayırsın. O yer ayrılana qədər isə mitinqlər olmayacaq. Meriya qarşısında kiçik piketlərin keçirilməsi isə istisna olunmur”.
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, İP Koordinasiya Şurasının üzvü Rafiq Manaflı APA-ya açıqlamasında qurumun mitinqlərlə bağlı mövqeyi haqqında danışıb: “Biz icazəsiz mitinqlərin keçirilməsi fikrindən tam daşınmasaq da, vəziyyəti gərginləşdirməmək, qarşıdurma yaratmamaq üçün razılaşdırılmış aksiyaların keçirilməsinə üstünlük verməyi qərara almışıq. Amma bu o demək deyil ki, biz, ümumiyyətlə, icazəsiz aksiyalara getməkdən imtina etmişik”.
R. Manaflı bildirib ki, İP Koordinasiya Şurasının sonuncu iclasında qurumun mayın 6-na təyin etdiyi mitinqlə bağlı fikir qətiləşib: “Bibiheybət qəsəbəsi, 20-ci sahədə mitinqin keçirilməsi ilə bağlı qəti qərarımız belədir ki, biz həmin qəsəbədəki Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirməyəcəyik. Çünki orada mitinq təşkil edəndə ciddi maneələrlə üzləşdik”.
Qeyd edək ki, İP bu il iki dəfə Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib. Mayın 5-də isə İP-in sessiyası keçiriləcək və burada qurumun mitinqlə bağlı yekun mövqeyi açıqlanacaq.



Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar