12px14px16px18px

Yeni medianın tədris modulları hazırlanıb

11:40 / 05.05.2012
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz tədbirin məramı və məqsədi haqqında məlumat verib, “Yeni medianın yeni tədris modulları” mövzusunda təqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq yeni media fənninin tədris ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında universitetlərdə tədrisi nəzərdə tutulan yeni media fənlərinin modullarının hazırlandığını bildirib. O aşağıdakı modulları təqdim edib: Yeni Mediaya giriş fənni, Onlayn Jurnalistika fənni, Multimedia Jurnalistika fənni , Sosial Media fənni.
Osman Gündüz qeyd edib ki, yeni medianın tədris modulları hazırlanarkən Beynəlxalq standartlar öyrənilib, ölkənin yeni media bazarında peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə yeni medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar hazırlanarkən həmçinin ali təhsil müəssisələrində təhsil prosesinin təşkilində mövcud standartlar da nəzərə alınıb. Yeni fənlərin həm fundamental , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.
Fənn modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, ölkənin yeni media bazarının konkret sahələri üzrə (İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik sektoru) kadrlara verilən tələblər də nəzərə alınıb.
Dəyirmi masada Xəzər Universitetinin İnternet jurnalistika müəllimləri, yazar Aydın Xan və Cabir Məmmədli, Slavyan Universitetinin kafedra müdiri Aynur Bəşirli və müəllimi Xanım Cavadova, AMEA İTİ-nin şöbə müdiri Rasim Mahmudov, yeni media mütəxəssisi Azər Nəzərov, İREX-in rəhbəri Angela Nicoara və əməkdaşı Ələsgər Məmmədli, Azərbaycan Universitetinin müəllimi Lalə Dilanova, Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla Şirəliyeva, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, jurnalistika fakültəsinin dekan müavinin Əli Haciyev və Onlayn Xəbər qurumunun inzibatçısı Samir İsayev, Day.az Radio –nun direktoru Zaur Darabzadə, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, Professor Qulu Məhərrəmli , Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Rabitə Dünyası” qəzetinin yazarı Seymur Qasımbəyli və digərləri mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda yeni medianın tədris modullarının mühüm əhəmiyyət kəsb etməsi və vacibliyi qeyd edilib. Jurnalistika təhsili verən Universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar diqqətə çatdırılıb. Müzakirələrdə modulların təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb.
Sonda modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər nəzərə alınmaqla yenidən işlənərək universitetlərə təqdim ediləcəyi bildirilib.
PƏRVİZ




Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar