12px14px16px18px

“Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək” mərkəzi yaradılır

00:51 / 04.05.2012
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb. İctimai Birlikdən “525”ə verilən məlumata görə, layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək” mərkəzi yaradılır. Mərkəzin yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları maneələri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi bu layihənin icrası ilə bağlı bir sıra dövlət orqanları, xüsusilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti azadlığa çıxmış keçmiş məhkumlara təmənnasız olaraq xidmətlərin göstərilməsidir. Mərkəzin əməkdaşları müraciət etmiş şəxslərin ehtiyac meyarlarına uyğun olaraq onlara hüquqi və ya psixoloji yardım edəcək, sosial problemlərin həll edilməsində dəstək olacaqlar. Bu fəaliyyətlərə paralel olaraq layihə çərçivəsində Cəzaçəkmə Müəssisələrinə KİV təmsilçilərinin iştirakı ilə səfərlər ediləcək, azadlığa çıxmağa hazırlaşan məhkumlarla görüşlər keçiriləcək ki, bununla da onlar mərkəzin fəaliyyətinə cəlb ediləcəklər. Layihə çərçivəsində görüləcək işlərdən biri də keçmiş məhkumlar üçün karyera quruluşu, səmərəli iş axtarma mexanizmləri və sair bu kimi mühüm mövzularda kursların təşkili olacaq. Bir il müddətində icra ediləcək layihənin sonuna doğru aidiyyatı dövlət qurumları, yerli qeyri-hökumət və beynəlxalq təşkilat nümayəndələrinin, habelə KİV-in iştirakı ilə dəyirmi masa təşkil ediləcək. Tədbirdə görülmüş işlərin təqdimatı – ictimai hesabatı veriləcək, bu sahə ilə bağlı maraqlı tərəflərin ictimai müzakirəsi təşkil olunacaq. AQİL


Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar