12px14px16px18px

“Onlar Azərbaycanda siyasi gərginlik yaratmaq istəyirlər”

SEYİD CAMAL ƏZİMBƏYLİ: “BU MƏQSƏDLƏ BİR ÇOX NÜFUZLU ŞƏXS ÖLKƏMİZDƏKİ SƏFİRLİKLƏRƏ DƏVƏT EDİLİRLƏR”

00:50 / 04.05.2012 “Avroviziya” mahnı müsabiqəsi öncəsi müxalif düşərgə xüsusi fəallıq nümayiş etdirərək, müntəzəm olaraq aksiyalar keçirir. Xalqı bu etiraz aksiyalarına səsləyən müxalifətin bu addımı heç də birmənalı qarşılanmır. Kimisi bu aksiyaların xarici qüvvələrin, kimisi hakimiyyətin, kimisi də digər qüvvələrin işinə yaradığını düşünür. Amma reallıq budur ki, artıq bu aksiyalardan xarici qüvvələr öz məqsədləri naminə istifadə edərək, ölkəmizdəki vəziyyəti gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Belə ki, bir sıra tanınmış, nüfuzlu şəxslərin bəzi xarici ölkə səfirliklərinə çağırılaraq və onlarla görüşülərək, dövlətçiliyə ziddə müxtəlif məsələlər ətrafında müzakirələrin aparıldığını bildirilir. Məsələyə münasibət bildirən şərqşünas, Qarabağ seyid ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli bundan xəbərdar olduğunu və bu məqamdan təəssüf hissi keçdiyini deyib. Onun sözlərinə görə, son dövrlər istər iqtidar, istər müxalifət, ümumiyyətlə ictimaiyyət tərəfindən tanınan və qəbul edilən şəxslərin mövqelərinin aktivləşməsi və onların cərəyan edən proseslərdə yaxından iştirak etməsi bir sıra üzücü məqamları ortaya çıxarıb: “Həqiqətən son zamanlar ölkənin siyasi mühitindən bir canlanma müşahidə edilir. Müxalifətin müntəzəm olaraq keçirdiyi aksiyalar artıq ölkəmizdəki bəzi səfirliklərin buradakı vəziyyəti qarışdırmaq ehtimalı üzərində düşünməsinə imkan yaradıb. Təəssüf ki, Azərbaycandakı bəzi səfirliklər buradakı siyasi prosesləri Suriyadakı məsələlər kimi analiz edir və ölkəmizdəki vəziyyətin həmin formaya düşmə ehtimalını hesablayırlar. Bu, bir faktdır ki, bəzi səfirliklərin niyyətləri heç də Azərbaycan xalqının mənafeyi ilə uyğunluq təşkil etmir. Və buna görə də onlar dövlətçiliyimizə zidd olan öz məkrli niyyətlərini həyata keçirmək üçün xüsusi canfəşanlıq göstərirlər. Özünü demokratiyanın, insan haqlarının təəssübkeşi hesab edən bəzi dövlətlərin ölkəmizdəki səfirlikləri seçkinin yaxınlaşdığı bir vaxtda Azərbaycanda tanınan, nüfuzlu şəxsləri mütəmadi olaraq söhbətlərə dəvət edirlər. Belə səfirliklərin nümayəndələrinin hətta həmin insanlarla görüşmək üçün onların istədikləri yerə getməyə hazır olduqlarını bildirilir. Mənim tanıdığım onlarla nüfuzlu şəxsə bəzi xarici səfirliklər tərəfindən belə təkliflər edilib. Həqiqətən də ictimaiyyət tərəfindən qəbul edilən isim sahiblərinə belə təkliflərin edilməsi dövlətçilik və Azərbaycan xalqının milli mənafeləri baxımından məni ciddi narahat edir. İqtidar nümayəndələri ölkədə hər bir şeyin normal olduğunu, siyasi sabitliyin mövcudluğunu bildirir, müxalifət isə buna zidd olaraq aksiya təşkil etməklə bir çox məsələlərə narazılıqlarını bildirirlər. Lakin reallıq budur ki, bəzi xarici ölkə səfirlikləri öz çirkin niyyətləri üçün dövlətçiliyimizə zidd olan addımlardan çəkinmir və məqsədlərinə çatmaq üçün müxtəlif yollara əl atırlar. Onlar Azərbaycanda siyasi qarşılıqlıq yaratmaq istəyirlər. Hesab edirəm ki, iqtidarlı müxalifətli hər kəs dövlətçilik məsələlərində milli mənafeləri hər bir şeydən üstün tutmalıdırlar. Onlar çalışmalıdırlar ki, xarici təşkilatların, səfirliklərin əlaltılarına çevirilməsinlər”. C.Əzimbəyli qarşılaşdığı bu məsələdən narahatlıq keçirdiyini qeyd edərək, bununla bağlı aidiyyatı qurumlara müraciət edəcəyini də bildirib. O, bəzi xarici ölkə səfirliklərinin, xarici təşkilatların dövlətçiliyimizə zidd olan addımlar atmasına biganə qala bilməyəcəyini deyib: “Milli maraqlarımıza, dövlətçiliyimizə zidd bu addımlarla bağlı aidiyyatı qurumlara müraciət etmək qərarına gəlmişəm. Yəqin ki, yaxın günlərdə məsələ ilə bağlı lazımi dövlət qurumlarını məlumatlandıracağam. Azərbaycan dövlətçiliyinin mühafizə edilməsi hər hansı bir pafoslu çıxışdan keçmir. “Ölkədə siyasi sabitlikdir” və ya “biz aksiya keçirməklə xalıqın maraqlarını müdafiə edirik” deməklə iş bitmir. Hər birimiz tərəfindən dövlətçiliyimizin müdafiəsi üçün lazımi addımların atılması zəruridir. Hər hansı bir xarici qüvvənin əlaltısı və ya əlində alət olmağa çalışmamalıyıq. Düzdür, Azərbaycan dövlətçiliyi güclüdür və Suriya ilə müqayisə edilə bilməz. Lakin yenə də bütün neqativ addımlara qarşı diqqətli olmaq lazımdır. Aidiyyatı qurumlarla yanaşı öndə gedən, dövlətçiliyimizi müdafiə edən şəxslərin, beyin mərkəzlərinin məsələyə lazımi cavabı verməsi də vacibdir”. Hələlik dövlətçiliyimizə zidd addımlar atan səfirliklərin adlarını açıqlamaq istəmədiyini qeyd edən C.Əzimbəyli dövlətçiliyi hər şeydən üstün tutan şəxslərin birgə toplantısını keçirəcəklərini də qeyd edib. Aqil LƏTİFOV


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar