12px14px16px18px

Xətai rayonundakı sürüşmə sahəsində vəziyyət sabitləşib

00:44 / 10.03.2012
“Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində vəziyyət stabilləşib. Sürüşmə kütləsində heç bir dəyişiklik yoxdur”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. O deyib ki, son 6 gün ərzində ərazidə problem olmayıb: “Hazırda sürüşmənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər planının icrasına başlanılıb. Sürüşmə kütləsində yükün azaldılması işləri başa çatdırılıb, qrunt suyunun azaldılması, yamacın hamarlanması həyata keçirilib. Ərazidə olan artıq suvarma xətləri hamısı yığışdırılıb. Ərazidə 4 drenaj quyusu qazılmalıdır. Artıq onlardan ikisi qazılıb istifadəyə verilib, ikisi də qazılır”. Ş. Niftiyev bildirib ki, ərazidə monitorinq davam edir: “Hazırda nazirliyin geoloqları mövcud mayaklarda nəzarəti aparırlar. Nazirlik tərəfindən həm hidrogeoloji, həm mühəndis-geoloji tədqiqatlar davam etdirilir”. Onun sözlərinə görə, Qaraçuxur qəbiristanlığının aşağı hissəsindəki sürüşmə sahəsində də hələlik stabilləşmə gedir. Son 3 gündə ərazidə dəyişiklik nəzərə çarpmayıb: “Amma orada proses davam edir. Ərazidə prosesləri nəzarətdə saxlamaq üçün müşahidələr aparılır”.


Bu yazı ( 197 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar