12px14px16px18px

Salyan Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

00:40 / 10.03.2012
Dünən Salyan rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Kərimov sakinlərlə görüşüb. APA-nın məlumatına görə, “Açıq qapı” formatında keçirilən görüşdə sosial xarakterli problemlər – işlə təmin olunma, yaşadıqları evin təmir-bərpası və s. barədə İH başçısı Tahir Kərimova suallar ünvanlayıblar. İH başçısı işlə təmin olunma barədə müraciətlərin bəzilərini yerində həll edib, aidiyyəti qurumlara bununla bağlı müvafiq tapşırıqlar verilib. T. Kərimov daha sonra jurnalistlər üçün brifinq keçirib. O, İH başçısı təyin olunduğu ilk gündən Salyanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların nümayəndələri ilə vaxtaşırı görüşdüyünü, vətəndaşları problemlərinin həlli məqsədi ilə onların təklif və rəylərini dinlədiyini deyib. İH başçısı hazırda təkcə tikinti sahəsi üzrə rayonda 350 işçi yerinin olduğunu, bu yerlərdə yerli sakinlərin işləməsini istədiyini deyib. O qeyd edib ki, bəzi mətbuat orqanlarında rayonda sahibkarlara təzyiqlər edilməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer alıb: “Rayonun simasının dəyişmək, infrastrukturunda yeniliklər etmək məqsədilə genişmiqyaslı təmir bərpa işlərinə başlamışıq. Bu işlər üçün xərclənən bütün vəsait dövlət büdcəsindən ayrılıb. Düzdür, binaların və digər tikililərin üz səthində təmir-bərpa işləri aparan zaman şəhərdə yerləşən bir sıra mağaza sahiblərinə öz obyektlərinin daxilində təmir aparmaq üçün müraciət etmişik. 30 mağaza sahibinin imkanı olmadığı üçün isə dükanların təmir işlərini öz üzərimizə götürmüşük”. İH başçısı, Salyanda martın 10-da kütləvi mitinqin keçiriləcəyi barədə yayılan məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb: “Salyanda heç bir mitinq əhval- ruhiyyəsi yoxdur. Sakinlər şahiddir ki, rayon İcra Hakimiyyətinin başçısı olaraq ilk gündən onların problemləri ilə yerində məşğul olmağa çalışmışam. Hesab edirəm ki, bu qədər quruculuq işlərinin qarşısında belə xəbərlərin yayılması qərəzli xarakter daşıyır”. T.Kərimov rayonda su-kanalizasiya sisteminin yenidən qurulması üçün dövlət başçısının xüsusi tapşırığının olduğunu, qrunt sularının təmizlənməsi üçün yeni texniki avadanlıqların rayona gətiriləcəyini, 2013-cü ilin sonuna kisi təbii qazla təmin olunmanın 90 faiz yekunlaşacağını açıqlayıb.


Bu yazı ( 204 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar