12px14px16px18px

“Hərbi Balans 2012” adlı hesabat açıqlanıb

00:22 / 10.03.2012
 
EMİN HƏSƏNLİ: “AZƏRBAYCAN ORDUSUNUN HƏRBÇİLƏRİ MÜASİR TEXNİKALARIN İSTİFADƏ QAYDALARINA ƏN YÜKSƏK SƏVİYYƏDƏ YİYƏLƏNİRLƏR”
Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən “Hərbi Balans 2012” adlı növbəti illik hesabatını açıqlayıb. Sənəddə son illər ilk dəfə olaraq Asiya ölkələrinin keçənilki müdafiə xərclərinin Avropa dövlətlərini keçdiyi qeyd edilib. Hesabata görə, Asiya ölkələri keçən il hərbi sahəyə xərclərini 3.15 faiz artırıblar. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın hərbi xərcləri ümumilikdə regionun bütün müdafiə xərclərinin 80 faizini təşkil edib. 170 ölkəni əhatə edən hesabatda Azərbaycan və Ermənistan orduları haqda da geniş məlumatlar yer alıb. Hesabatda deyilir ki, Azərbaycanın təxminən 67 min nəfərlik ordusu var. Ermənistan ordusu bundan təxminən 35 faiz azdır – 42 min nəfər. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanlarının Ermənistandan geniş olduğunu qeyd edilib. Azərbaycanın səfərbər etməyə 300 min, Ermənistanın isə təxminən 200 min qüvvəsi var. Hər iki ordunun silahlarının əksəriyyətinin Rusiya istehsalı olduğu bildirilib.
Hesabatda Azərbaycanın tankları və BTR-lərinin Ermənistandan 3 dəfə çox olduğu yer alıb. Azərbaycanın 320 tankı və 470-ə yaxın “BTR”i var. “BMP”lərə gəldikdə isə qüvvələr arasında fərq böyük deyil. Azərbaycanda 127, Ermənistanda isə 104 “BMP”nin olduğu bildirilir.
Hesabata görə, Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdır. Hər iki tərəfdə əsasən Miq-25, Su-24 və Su-25 təyyarələri var
Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş təyyarəsi – “Aerostar” və “Orbiter” mövcuddur. Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdur. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu “Qrad” qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir “Smerç” qurğularına da malikdir. Həmin qurğular 1989-cu ildə sovet ordusunun istifadəsinə verilib. Tank əleyhinə silahların sayına görə Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdur.
Hesabatda Azərbaycan silahlı qüvvələrinin sovet modelindən çıxmaqda uğurlar əldə etdiyi bildirilsə də, ölkəmizdə hələ də hərbi avadanlıqlarla təchizat baxımından qeyri-müəyyənliyin olduğu yer alıb: “S-300 sistemləri də alınıb, amma təhlilçilər əmindirlər ki, belə avadanlıqlardan istifadə etmək sarıdan müəyyən problemlər hələ qalır. Ordu çağırışçılar hesabına formalaşdırılır. Müxtəlif birliklərin döyüş hazırlıqları aşağı olaraq qalır”.
Qeyd olunur ki, 2011-ci ildə Azərbaycan müdafiə xərclərinə 1.3 milyard manat ayırıb. Ermənistanda bu rəqəm 300 milyon manata bərabər olub.
Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusu haqqında sənəddə deyilir ki, bu ölkənin hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da ölkə beynəlxalq sülhyaratma missiyalarında NATO ilə əməkdaşlıq edir: “Əfqanıstanda hərbi qüvvələri var. Ordu çağırışçılardan təşkil edilsə də peşəkar zabitlərinin sayı artır. Ermənistanın hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan bu məsələdə ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir”.
Qeyd edək ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hesabatında yalnız Ermənistan Respublikasının hərbi imkanları haqqında məlumat verilir, Qarabağdakı erməni qüvvələrinin nələrə sahib olduqları bildirilmir.
Hesabatında habelə göstərilir ki, Rusiyanın Ermənistanda 3000 nəfərdən çox canlı qüvvəsi, 74 tankı, 18 ədəd daha müasir Miq-29 təyyarəsi və ən nəhayət, müasir S-300 raketləri var.
Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzinin sədri Emin Həsənlinin fikrincə, Azərbaycan dövlət büdcəsi ilə müqayisədə hərbi büdcəsi o qədər də böyük görünməməlidir. Onun sözlərinə görə, ümumi büdcənin həcminə görə götürsək, Ermənistanda hərbi büdcə artıqdır. Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini diqqətə çatdıran E.Həsənli torpaqlarımızın işğal altında olmasının Ordumuzun hərbi qüdrətinin artırılmasını zəruri etdiyini deyib: “Həm işğal faktı, həm də yerləşdiyimiz region ordumuzun hərbi qüdrətinin daha da böyük olmasını zəruri edir. Bu baxımdan Silahlı Qüvvələrimiz günü-gündən möhkəmlənir, qüdrətlənir, eləcə də dövlətimiz tərəfindən yeni-yeni texnikalar alınır. Hesabtada bu yeni texnikaların təchizatı baxımından ordumuzun problemələrdə üzləşdiyi yer alıb. Fikrimcə, bu, doğru yanaşma deyil. Çünki Azərbaycan Ordusunun hərbçiləri əldə edilən müasir texnikalar üzrə kurslar keçir və onun istifadə qaydalarına ən yüksək səviyyədə yiyələnirlər. Habelə müasir zabit kadrı potensialımız var. Onlar Azərbaycandakı hərbi məktəblərdə, akademiyalarda oxumaqla yanaşı, Türkiyədə, Rusiyada, Ukraynada və başqa ölkələrdə kurslar keçirlər. Müdafiə Nazirliyinin 50-dək olkənin hərbi strukturları ilə ikitərəfli əməkdaşlığı var. NATO çərçivəsində bu əməkdaşlıq daha da genişlənib. Məhz bütün bunlar, zabitlərimizin daha peşəkar olmasına və zəruri biliklər əldə etməsinə imkan yaradır. Əldə edilən texnikalar sərgi üçün alınmayıb ki? Buna görə də alınan hər bir yeni texnikanın istifadə qaydaları hərbiçilərimiz tərəfindən yüksək səviyyədə mənimsənilir. Hərbçilərimiz bilik və bacaraqılarının yüksək səviyyədə olması hər kəsə bəllidir. Elə buna görə də NATO-nun bütün təlimlərində hərbiçilərimiz daim yüksək səviyyədə iştirak edərək, böyük uğurlara imza atıblar”.
O, bəzi beynəlxalq təşkilatların hesabatlarının ədalətsiz olduğunu diqqətə çatdıraraq, bir çox hallarda bu hesabtalırı tam məlumat əldə edilmədən hazırlandığını deyib. E.Həsənli bəzi hallarda beynəlxalq təşkilatların bilərəkdən xoşagəlməz hesabatlar hazırladğını bildirib: “Bir neçə il bundan qabaq hərbi təyyarələrimizi öz hərbiçilərimizin deyil, muzdlu şəxslərin idarə etdiyi fikrini irəli sürürdülər. Lakin sonradan bu fikrin reallığı əks etdirmədiyini gördük. Bu bir faktdır ki, Ermənistan əhalisinin sayına görə daha çox orduya və silahlara malikdir. Bu, amil beynəlxalq qanunların pozulması deməkdir. Amma buna görə heç bir xarici təşkilat Ermənistana heç bir sanksiya tətbiq edilmir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələyə ciddi diqqət ayırmalıdırlar. Bir çox hallarda beynəlxalq təşkilatlar, bir sıra xarici ölkələr Azərbaycan Ordusunun güclənməsindən narahat olurlar. Azərbaycan torpaqları işğal edildiyi üçün ordumuzun güclənməsi, qüdrətlənməsi təbiidir”.
Ehtiyatda olan polkovnik, keçmiş briqada komandiri İldırım Məmmədov hesabatda kadr çatışmazlığı barədə səslənən fikirlərlə qismən razı olduğunu deyib. O, hazırda dünyanın əksər ordularında bu problemin olduğunu bildirərək, Azərbaycanın da aldığı yeni silahların istifadəsini məhz elə onu satan ölkələrdən öyrəndiyini söyləyib: “Mən özüm bu yaxınlarda şahidi oldum ki, Rusiyada çağırışçılar vurma cədvəlini bilmirdilər. Yəni, Ermənistanda da, Gürcüstanda da, lap elə Rusiyada da bu problem var. Azərbaycan da aldığı yeni silahlardan istifadəni öyrənmək üçün təlimçilərə də pul ödəyir”.
Hərbi ekspert Arif Yunus həqiqətən də Azərbaycanın hərbi gücünün Ermənistandan çox olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın torpaqları işğal olunub və əgər Azərbaycan Ordusu Qarabağı və onun ətrafındakı əraziləri azad etməyə çalışsa, çox böyük itkilərlə üzləşə bilər. O, bunu qarabağın relyefi ilə əlaqələndirib: “Qarabağ dağlıq zona olduğu üçün orda bəzən bir neçə minadan istifadə etməklə elə eləmək olar ki, bir tank irəli getməsin. Təyyarələrin də işi dağlıq zonada çətinləşir. Ola bilsin Ağdam, Füzuli zonasında Azərbaycan ordusu üçün çox böyük problemlər olmasın, amma dağlıq yerlərdə vəziyyət çox çətin ola bilər. Ona görə burada Azərbaycan Ordusunun kəmiyyəti yox, keyfiyyəti əsas faktor olmalıdı, bu məsələdə isə hər iki ölkədə vəziyyət təxminən eynidir”.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında Qarabağdakı qüvvələrin nəzərə alınmadığını deyən A.Yunus bu yaxında Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah bağışladığını da xatırladıb. Onun fikrincə, hərbi əməliyyatlar başladığı təqdirdə Ermənistandakı Rusiya bazasının erməni ordusuna kömək edə biləcəyi də istisna deyil.
Aqil LƏTİFOV 



Bu yazı ( 205 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar