12px14px16px18px

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı Bakıda keçiriləcək

13:54 / 08.03.2012
FAO-nun Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası 17-20 aprel tarixində Bakıda keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən verilən məlumata görə, Bakıda keçiriləcək konfrans həftəsi çərçivəsində Avropa Qeyri-Hökumət Təşkilatları-Vətəndaş Cəmiyyətləri Məsləhətləşmə tədbiri də təşkil ediləcək. Regional konfransa KTN ev sahibliyi edəcək.
Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 53 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatının yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları konfransda müşahidəçi qismində iştiraka dəvət olunub.
Aprelin 17-18-də keçiriləcək Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyanın gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı və büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib.
19-20 aprel tarixində keçiriləcək regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.
Regional konfrans çərçivəsində “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər-2050-ci ildə Ərzağın Vəziyyəti” mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masa keçiriləcək. Görüş üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər və hesablamalar üzrə hazırlanmış konsepsiya sənədi ətrafında debatların aparılmasına, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qısa və uzunmüddətli tövsiyələrin hazırlanmasına, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin edəcək bir sıra paralel tədbirlərin və kiçik sərgilərin təşkil edilməsi planlaşdırılıb.
BƏXTİYAR




Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar