12px14px16px18px

Sabir Rüstəmxanlı: “Bu mübahisələr şəxsi nifrət səviyyəsinə enməməlidir”

13:47 / 08.03.2012
Bakı Slavyan Universitetinin (BSU) Yaradıcılıq fakültəsinin bir qrup tələbəsi xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.
Bu barədə “525”ə VHP-dən məlumat verilib. Məlumata görə, gənc yazarların istəyi ilə baş tutan görüşdə S.Rüstəmxanlı öz təcrübəsini, ədəbi baxışlarını, dilə münasibətini gənclərlə bölüşüb. Görüşdə ana dilinə və ədəbi ənənələrə laqeydlik, nəsillərarası narazılıq məsələsi müzakirə olunub.
Ədəbi nəsillər arasındakı mübahisələrə münasibət bildirən S.Rüstəmxanlı hər zaman gəncliyin mövqeyini müdafiə etdiyini dilə gətirib: “Yeni nəslin özlərindən əvvəlki ədəbi nəsli qəbul etməməsi qanunauyğunluqdur. Biz də siz yaşda olanda belə mübahisələr vardı. Amma bu mübahisələr ədəbiyyatın sərhədlərini aşmamalı, şəxsi nifrət səviyyəsinə enməməlidir. Təəssüf ki, ədəbi gənclik mübahisələri bəzən şəxsi düşmənçiliyə çevirir”.
Millət vəkili yeni nəslin özünü ifadə etməsinə şərait yaratmağın, istedadların əlindən tutmağın yaşlı nəslin ədəbi borcu olduğunu söyləyib. İmkanı daxilində gənclərdən heç bir dəstəyi əsirgəmədiyini deyən xalq şairi gələcəkdə də gənclərə dəstək olacağını bildirib: “Ədəbiyyat ictimai həyatdan kənar deyil, buna görə də ədəbiyyat dövrünün və mühitinin ağrı-acılarını hər zaman daşıyır. 60-cı illərdən başlayaraq milli şüurun formalaşmasında ədəbiyyatın gördüyü işi heç nəylə müqayisə etmək olmaz. Millətin varlığını qoruyan mənəvi nüvəyə vurulan zərbələrin, yad təsirlərin qarşısında hər zaman ədəbiyyat, mədəniyyət dayanıb. Buna görə də ədəbi nəsillər böyük bir missiyanın daşıyıcısıdırlar”.
Görüşdə “Ömür kitabı”ndan sonra S.Rüstəmxanlı yaradıcılığında növbəti mərhələ olan “Göy Tanrı” romanı barədə də ayrıca müzakirə aparılıb. Millət vəkili BSU Yaradıcılıq fakültəsinin gerçəkləşdirmək istədiyi “Göy Tanrı” romanının geniş müzakirəsində iştirak edəcəyini qeyd edib.
Daha sonra xalq şairi dünya ədəbiyyatı, ədəbi cərəyanlar, sənət incəlikləri, yaradıcılıq mətbəxi və başqa məsələlərlə bağlı gənclərin suallarını cavablandırıb.
Görüşdə gənclərin şeirlərini dinləyən və onlara münasibət bildirən xalq şairi hələ çap olunmamış yeni şeirlərini də səsləndirib. Sonda gənclərin istəyi ilə S.Rüstəmxanlı imza mərasimi keçirib.




Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar