12px14px16px18px

Qışı da gözəl, yazı da gözəl – Qars

13:39 / 08.03.2012
Ötən yazımda vurğuladığım kimi Ani şəhəri maraqlı məqamları ilə tarixdə qalıb. Ermənilərin öz adlarına çıxmaq istədikləri və orta əsr tikilisi sayılan bu şəhər haqqında tarixdə bir neçə mənbədən məlumatlar var.

Orta əsrlərin möhtəşəm Anisi

Ani Qars şəhər mərkəzindən 12 kilometrlik məsafədə Ocaqlı köyü içərisində yerləşir. Türkiyə Ermənistan sərhəddini ayıran Arpaçayın qərb hissəsini əmələ gətirən Aninin salınma tarixi e.ə. 5000-ci ilə təsadüf edir. Şəhərin qalıqları hazırda Türkiyə-Ermənistan sərhədində, Arpa çayının kənarında yerləşir. Orta əsrlərdə Ani Anadolunun İpək Yolu üzərində giriş qapısı olduğundan həm də əhəmiyyətli ticarət mərkəzi hesab edilirdi. Qədim şəhər 78 hektarlıq ərazidə yerləşib. Şəhər divarlarının uzunluğu 4500 metr, hündürlüyü isə 9 metrdir. Bağratlılar tərəfindən salınan şəhər sonralar müxtəlif dönəmlərdə Səlcuqlular, Gürcülər, Saltuklular, Qaraqoyunlular, Ağqoyunlular və Osmanlılar tərəfindən işğal edilərək müəyyən müddətdə onların hakimiyyəti altında olub.
Ani şəhərinin intibah dövrü Bağratlıların hakimiyyəti vaxtına təsadüf edir. Bu da şəhərin İpək Yolu üzərində yerləşməsi ilə əlaqədar idi. Sonralar İpək Yolu öz əhəmiyyətini itirdiyindən ticarət şəhəri olan Ani də bu baxımdan öz dəyərini itirməyə başlayıb. Zaman-zaman Monqol istilası və bir neçə dəfə baş verən zəlzələlər nəticəsində XVI yüzildən başlayaraq şəhər əhalisi buranı tərk etməyə başlayıb. Osmanlıların dövründə Ani hərbi məqsədlər üçün istifadə edilib.
Ani dövründə mövcud olmuş bazarın qalıqları da qalmaqdadır.
Qədim Ani şəhərində bir neçə böyük memarlıq abidəsi var ki, bunların hər biri müxtəlif dövrlərdə və fərqli hakimiyyətlərin dönəmində inşa edilib. Bunlardan ən önəmlisi Böyük Kafedraldır (Fathiye camisi). Tarixi qaynaqlara görə, bu tarixi abidənin tikintisinə e.ə. 989-cu ildə Kral 2-ci Sembat tərəfindən başladılıb. Zəngin arxitekturaya malik olan tikili 1001-ci ildə inşa edilib qurtarıb. Kilsənin memarı həmin vaxtlarda İstanbuldakı Aysofiya məbədini təmir edən Tiridat ustadır.
Anidəki ikinci böyük memarlıq abidəsi Keçəl kilsə adlanır. 1035-ci ildə Bağrat kralı 3-cü Sembat tərəfindən inşa etdirilib. Şəhərin uc hissəsində, Arpa çayının sahilində isə Gənc Qızlar kilsəsi yerləşir. Qayalıqların üzərində tikilmiş kilsə zəngin memarlıq üslubuna görə XIII yüzilliyin görkəmli əsərlərindən biri hesab edilir. Kilsənin sag tərəfində İpək Yolu körpüsü yerləşir. Bu körpü Arpa çayın üzərində tikildiyindən böyük ticarət əhəmiyyəti daşıyıb. Tarixi mənbələrdə körpünün X yüzillikdə tikildiyi qeyd edilir.
Qədim Ani şəhərinin məşhur tikililərindən biri də Əbul Manuçöhr camisidir. Bu cami müasir dövrümüzə qədər gəlib çıxan və bir o qədər dağıntılara məruz qalan ən qədim Səlcuklu tikilisi hesab edilir. 1072-ci ildə Ani şəhəri Səlcuklular tərəfindən işğal edildikdən sonra Əbul Manuçöhr tərəfindən tikdirilib. Abidə Anadoludakı Türk camisinin memarlığını xatırladır.
Bunlardan əlavə, Anidə Səlcuklu sarayı, Sultan sarayı və bir neçə başqa tarixi tikililər də var. Şəhər 1993-cü ildən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısındadır. Hazırda şəhərdəki məscid və kilsələrdə təmir-bərpa işləri aparılır.
Onu da qeyd edək ki, ermənilər bu şəhərin onlar tərəfindən salındığını iddia edirlər. Amma tarixi mənbələrdə bu barədə dəqiq məlumat yoxdur. Ermənilərin özlərininki kimi təqdim etdikləri Anidəki kilsənin də onların olmasına şübhələr var. Çünki kilsənin üzərindəki erməni yazılarının müasir dövrdəki yazılarla eyni olduğu sübut edilib.
Maraqlı bir məqam isə budur ki, ildırım vurması nəticəsində erməni kilsəsi parçalanıb. Camilərə isə heç bir zərər dəyməyib.

Qars Türkiyənin turizm bölgəsinə çevrilməkdə iddialıdır

Ani gəzintisindən sonra yenidən Qarsa qayıdırıq. Qars Türkiyənin mədəni dəyərlərini özündə yaşadan bölgələrindən biridir. Şəhər mərkəzi yeni və köhnə olmaqla, iki hissədən ibarətdir. Hazırda 80 min əhalisi olan şəhəri gəzdikcə buradakı inkişafın şahidi oluruq.
Şəhərdə yerləşən və tarixi əsrlər öncəyə təsadüf edən tarixi-memarlıq abidələri buranı mədəni turizm həvəskarlarının sevimli məkanına çevirə bilər. Qars qalası şəhər mərkəzinə 2 km-lik məsafədə yerləşir. 1153-cü ildə Saltuklu sultanı Məlik İzəddinin əmri ilə vəzir Firuz Akay tərəfindən inşa edilib. Tarixin müxtəlif dönəmlərində müxtəlif hakimiyyətlərin nəzarətində olan qala dəfələrlə dağıntılara məruz qalıb. Sonuncu dəfə 1877-1878-ci illərdə Osmanlı-rus müharibəsi zamanı məruz qaldığı dağıntıdan sonra isə öz orijinal görünüşünü qismən itirib. Aparılan təmir-bərpadan sonra qala turistlərin ixtiyarına verilib. Bundan başqa, Qarsda çoxlu sayda qədim məscidlər, kilsələr, tarixi binalar var. Bunların içərisində qədim rus binaları daha çox üstünlük təşkil edir. Bu binalarda hazırda dövlət idarə və təşkilatları yerləşir.
Qeyd edək ki, Qars bölgəsində turizm sahəsini inkişaf etdirmək dövlətin əsas prioritet istiqamətlərindən biridir. Şəhər mərkəzində 3 ədəd 4 ulduzlu, bir neçə 3 ulduzlu hotel var. Bundan əlavə, burada butik hotellərə də rast gəlmək mümkündür.
Qarsda fəaliyyət göstərən hotellərdən birinin adı isə “Qarabağ”dır. Hoteli gəzirik və bizi maraqlandıran sualları işlətmə müdiri Mikayıl Altun bəyə ünvanlayırıq. Həmsöhbətimiz əvvəlcə hotelin adı ilə bağlı sualımızı cavablandırır. Dediyinə görə, Almaniyada həkim işləyən və əslən Qarabağdan olan dəyərli həkim dostunun şərəfinə hotelə bu adı verib. Hotelin dizaynı, rahatlığı, burada xidmətin səviyyəsi elə öz adına yaraşan idi. 3 ulduzlu olmasına baxmayaraq, burada turistlərə yüksək səviyyəli xidmət təklif edilirdi.
Mikayıl Altun bəy bizə maraqlı bir məlumatı da verir ki, tanınmış türkiyəli yazar Orxan Pamuk özünün məşhur “Qar” romanını məhz bu hotelin 510-cu otağında yazıb.
“Grand Ani” hoteli isə 4 ulduzludur. Burada qonaqlara hər cür xidmət təklif edilir. Hoteldə qapalı və açıq üzmə hovuzları, fitnes-zalı, konfrans zalı, 120 nəfərlik restoranı, daimi interneti günboyu turistlərin ixtiyarındadır. Hoteldən Sarıqamış dağ-xizək mərkəzinə turlar var.
Qars hava limanı yaxın vaxtlarda beynəlxalq hava limanına çevriləcək. Bundan sonra bu bölgəyə turistlərin gəlməsi asanlaşacaq. Şəhərdə bir avtobus və bir qatar vağzalı da fəaliyyət göstərir.
Qarsda ziyarət etdiyimiz məkanlardan biri də Serhat İnkişaf Agentliyinin (SERKA) ofisi oldu. Qədim rus binasında yerləşən idarə sonralar agentliyin iş üslubuna uyğun olaraq yenidən qurulub. Qeyd edək ki, Serhat İnkişaf Agentliyi ictimai birlik kimi yaransa da qurumun bütün layihələri dövlət tərəfindən maliyyələşir. Təşkilat 2009-cu ildən fəaliyyət göstərir. SERKA Qars bölgəsində turizmin inkişafına xidmət edir desək, yanılmarıq. Burada iqtisadiyyatın bütün sahələrini əhatə edən layihələr həyata keçirilsə də, daha çox üstünlük turizmlə bağlı layihələrə verilir. Ofis 5 şöbədən ibarətdir. Geniş və hər cür texniki avadanlıqla təmin olunmuş otaqlarda 29 nəfər mütəxəssis və 7 köməkçi personal çalışır. SERKA-nın Ağrı, Ərdahan, İqdır və Qarsda mərkəzi ofisləri fəaliyyət göstərir.
Səfərimizin sonuncu günü axşam “Grand Ani” hotelində 5 günlük gəzintimizin yekunlarına həsr olunmuş toplantı keçirildi. Serhat İnkişaf Agentliyinin baş direktoru Hüseyn Tutar 5 ölkənin jurnalist və turizm şirkəti nümayəndələrinə onların dəvətini qəbul edib gəldiyinə görə öz təşəkkürünü bildirdi. Səfər iştirakçılarından gördükləri nöqsanlar və çatışmazlıqlar barədə qeydlərini onlarla bölüşmələrini xahiş edən H.Tutar qeyd etdi ki, əslində səfərin məqsədi də buna xidmət edir: “Bölgədə turizmi inkişaf etdirmək üçün ilk növbədə gələn qonaqların rəy və təklifləri nəzərə alınmalıdır. Biz bu toplantıya Qarsda fəaliyyət göstərən hotellərin rəhbərlərini də dəvət etmişik. İstəyirik sizin razı və narazı qaldığınız məqamlarla onlar da tanış olsunlar”.
2 saata yaxın davam edən tədbir boyunca səfər iştirakçılarının qeydləri SERKA-nın rəhbərliyi tərəfindən diqqətlə dinlənildi.
Belə, reportajımın adı “Qışı da gözəl, yazı da gözəl – Qars” olsa da həmsöhbətlərim bu diyarın hər 4 fəsildə gözəl olduğunu bildirdilər.
Bizə isə yazda yenidən görüşməyə söz verdilər. Yəqin ki, yaz fəslinin fərqli Qarsını görməkdən heç kim imtina etməz.
P.SULTANOVA
Bakı-Qars-Bakı



Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar