12px14px16px18px

Mələk Abaszadə: “Bütün anaları xoşbəxt görmək istəyirəm”

13:19 / 08.03.2012
Azərbaycanın əməkdar artisti, S.Vurğun adına Rus Dram və “İbrus” teatrlarının aktrisası Mələk Abaszadə 8 Mart bayramı ilə əlaqədar arzularını, ürək sözlərini mətbuat vasitəsilə qadınlarımıza ünvanlayıb. Sənətçi həm də yaradıcılıq fəaliyyəti, teatra, səhnəyə gəlişi barədə də danışıb: “Əvvəla, 8 Martla bağlı qadınları təbrik etmək üçün mənə fürsət verdiyinizə görə minnətdaram. Qadın dedikdə gözümüzün önündə ilk növbədə analar durur. Hər birimizin ərsəyə gəlməsində onların böyük əməyi, zəhməti, fədakarlığı, müstəsna rolu var. Bu gün sənətdə əldə etdiyim uğurlarda valideynlərim, xüsusilə anam – rəssam Həbibə Bəhrinin rolu danılmazdır. Yeri gəlmişkən, o, 28 il “Azərbaycan qadını” jurnalında bədii redaktor kimi çalışıb. Əgər anam işlərinin çox olmasına baxmayaraq vaxt tapıb məni musiqi, xoreoqrafiya məktəblərinə (xalq rəqsləri şöbəsinə) aparmasaydı, bu gün oynadığım rollar belə alınmazdı. Bu yaxınlarda Rus Dram Teatrında Mirzə Fətəli Axundovun 200 illiyi münasibətilə “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsəri yeni quruluşda səhnəyə qoyularkən mənə yaşlı qadın Xanpərinin obrazını canlandırmaq həvalə edildi. Şadam ki, rəqslərim, mahnımla bu obraz da plastik rollarım sırasına daxil oldu. Bütün bunların hamısının arxasında isə məndən başqa, anamın da əməyi var. Əgər o, uşaqlıqdan sevimli qızını zəhmətə alışdırmasaydı, ailənin tək övladı kimi ancaq əzizləsəydi, sonralar Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunda – ÜDKİ-də, özü də son dərəcə tələbkar insan olan tanınmış aktyor, professor Batalovun sinfində müvəffəqiyyətlə təhsil ala bilməzdim. Düzdü, ailəmizdə məni adını daşıdığım ata nənəm Mələk xanım Rzayeva-Abaszadə (o, öz vaxtında şəhərin tanınmış pediatrı idi) kimi həkim görmək istəyirdilər. Amma ÜDKİ-yə daxil olandan sonra ürəklərincə olmasa da, seçimimə hörmətlə yanaşıb arzuma qarşı çıxmadılar. Anam öz fikrini belə açıqladı: Biz ona mane ola bilmərik! Qeyd edim ki, rejissor Elxan Cəfərovun Eyyub Yaqubovun oxuduğu “Yağış yağır” mahnısına çəkdiyi klipdə çətir altında gedən yaşlı cütlük mənim valideynlərimdir. Təəssüf ki, atam artıq dünyasını dəyişib.
Məndə aşılanmış əzmkarlıq, iradə, özümə inam həyatımın sonrakı illərində də çox köməyimə gəldi. 1992-ci ildə Azərbaycanda keçirilən gözəllik yarışmasında qalib gəlib Türkiyəyə dəvət aldım. Sonra Şimali Kiprdə 60-a yaxın ölkənin iştirakıyla keçirilən “Miss dünya” yarışmasında özümü sınayıb “Zəriflik gözəli” nominasiyasını qazandım. İşləmək üçün çox ölkələrdən dəvətlər gəlsə də qardaş Türkiyəni seçdim. Burada məşhur “Qaye Sökmən” və “Başaq Gürsoy” agentliklərində 6 ilə yaxın çalışdım. İstanbulda olduğum müddət ərzində iki seriala çəkildim, Müammər Karaca teatrında alman rejissor tərəfindən səhnəyə qoyulan “Gənc qız və dəniz” mono tamaşada səhnəyə çıxdım.
Vətənə döndükdən sonra isə S.Vurğun adına Rus Dram, “İbrus” teatrlarında işləməyə başladım. On beşə yaxın tamaşada əsasən baş rollarda çıxış etmişəm. Bunlardan məşhur rejissor Şarovskinin quruluş verdiyi “Poçt şöbəsində xəyal” (Elçin), “Neft bumu hamıya gülümsəyir” (M.İbrahimbəyov), İranə Tağızadənin hazırladığı komediya janrında olan “Sinqapurda rus şousu” (Qalin), R.İbrahimbəyovun rejissoru olduğu Molyerin “Tartüf”, özünün həm də müəllifi olduğu “İvan Buninin son döyüşü”, Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdanın quruluş verdikləri J.Koktonun “İnsan səsi” mono tamaşanın, “Cəhənnəm kirayənişinləri” (Elçin), “Janna Dark” (Jan Anoy), Çexovun “Vanya dayı” əsəri əsasında R.İbrahimbəyovun yazdığı “O və onlar” pyesində Sonya və başqalarını sadalamaq olar.
Şəxsi həyatımdan da razıyam. Ailədə iki oğlumuz – Mikayıl və Cavanşir böyüyür, onları çox sevirik, təlim-tərbiyələrilə ciddi məşğul oluruq. Həyat yoldaşım Fuad heç vaxt yaradıcılıq işlərimdə mənə mane olmur. Əksinə, həmişə dəstək verməyə çalışır. Premyeralarım gedəndə dostlarımdan başqa, anam da, o da həmişə yanımda olurlar, həyəcanımı da bölüşürlər. Mənə etdikləri köməyə, mənəvi dayaq olduqlarına görə onlara hədsiz minnətdaram. Həbibə xanım ana, nənə kimi xoşbəxt olduğunu deyir. Mən bütün anaları xoşbəxt görmək istəyirəm. Onlar övladlarıyla nəfəs alıb uğurlarına hamıdan artıq sevinirlər. Allah bu xoşbəxtliyi, sevinci, təbəssümü analardan əskik etməsin. Onlar həmişə yanımızda olsunlar.
Peşəkar fəaliyyətimə gəldikdə isə, bir aktrisa kimi istərdim, Fransanın Milli Qəhrəmanı Janna Darkın obrazını yaratdığım təkin Azərbaycanın Milli Qəhrəmanları Salatın və Gültəkin Əskərovaların, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər döyüşçü qızlarımızın da surətlərini canlandırmaq sənət taleyimə düşsün. Rus dram və “İbrus” teatrlarında oynadığım əsərləri tezliklə Şuşada, Ağdamda, Kəlbəcərdə, Füzulidə, işğal olunmuş başqa rayonlarımızda nümayiş etdirək.
İradə VƏLİQIZI





Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar