12px14px16px18px

Mübariz Qurbanlı: “Gənclərimiz ermənilərin sosial şəbəkələrdə yaydığı yalanları ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərirlər”

08:27 / 07.03.2012
“Partiyamızın gəncləri “Böyük xalq dəstəyi” adlı internet şəbəkədə bloq açıblar. Bloqda Azərbaycan hakimiyyətinin bütövlükdə həyata keçirdiyi siyasət təşviq olunur, həmçinin, digər sosial şəbəkələrdə gənclərimiz bir neçə istiqamətdə fəaliyyət göstərirlər”. Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı dilə gətirib. Onun dediyinə görə, təbii ki, bizim əsas hədəflərimizdən biri ermənilərin anti-Azərbaycan təbliğatına qarşı geniş və çoxşaxəli fəaliyyət göstərməkdir: “Bəllidir ki, ermənilər müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə yalan məlumatlar yayırlar və bu yalan məlumatlar vasitəsilə ölkəmizin imicinə xələl gətirməyə cəhd göstərirlər. Ermənistanın lobbi qrupları və ayrı-ayrı ölkələrdəki nümayəndələri internet saytlarında Azərbaycanın mövcud vəziyyəti, daxili və xarici siyasəti ilə bağlı yanlış məlumatlar yaymaqdadırlar. Bütün bunlara qarşı hazırladığımız proqram əsasında ciddi işlər görülməkdədir. Gənclərimiz ermənilərin sosial şəbəkələrdə yaydığı yalanları ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycanı təbliğ və təşviq edən çoxsaylı məlumatları, video-çarxları xarici saytlara yerləşdirirlər. Digər tərəfdən, hakim partiya olaraq iqtidarın fəaliyyətini, azərbaycançılığı, iqtisadi inkişafımızı, ordumuzun gücünü, mədəniyyətimizi, turizm imkanlarımızı təşviq edirik. Həmçinin, bir istiqamətimiz də ölkə daxilində bəzi müxalifət partiyalarının Azərbaycan hakimiyyətinə qarşı yönələn yalanlarını ifşa etmək və onlarla sosial şəbəkələrdə faktların dili ilə danışaraq Azərbaycan haqqında həqiqətləri bir daha çatdırmaqdır”- deyə, YAP icra katibinin müavini bildirib.
Sosial şəbəkələrdə fəaliyyətin çox geniş olduğunu deyən M.Qurbanlının sözlərinə görə, YAP-ın gəncləri internetin imkanlarından maksimum yararlanmaq isiqamətində ciddi işlər görməkdədir. O qeyd edib ki, gənclərin hazırlığını daha da təkmilləşdirmək üçün bir neçə gün öncə keçirilən seminarda həm texniki, həm ideoloji-təbliğati, həm də piarla bağlı məsələlər onlara izah olunub.
“Bütövlükdə, seminarların gedişi göstərdi ki, YAP-ın gəncləri internet şəbəkələrdə işləməyə tam hazırdırlar və bu yöndə bir sıra nailiyyətlərə imza atıblar. Bu tədbirlər davamlı olacaq. Bu seminarlarda iştirak edənlər tədbirləri regionlarda davam etdirəcəklər. YAP İcra katibliyi və Gənclər Birliyi bu layihələri zonalarda da davam etdirmək niyyətindədir. Hesab edirəm ki, bu cür seminarlar müasir dövrün tələblərinə və çağırışlarına uyğundur və bunu hər zaman diqqət mərkəzində saxlayırıq” – deyə, M.Qurbanlı sonda vurğulayıb.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar