12px14px16px18px

Onu unutmaq olarmı?..

07:58 / 07.03.2012
Söz vaxtına çəkər, deyirlər, qarşıdan xalqımızın sevimli bayramı olan Novruz gəlir. Hər çərşənbədə, Novruz günlərində onun milli-mənəvi yaddaşımızdan dürlü-dürlü söyləmələrini inanmıram ki, tamaşaçılar unutsun. Sanki onun səsində də bir yaddaş, milli bir çalar vardı.

Ziyalı insan

“Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”, “Dünya bir pəncərədir hər gələn baxar gedər” və daha neçə belə dürlü kəlamlar söyləyib dünyagörmüşlərimiz... Dünyanın pəncərəsindən baxıb doymayan, ömrünün kamillik yaşında kimsənin gözləmədiyi bir halda qəflətən ona əlvida deyən əməkdar incəsənət xadimi, şair Ağalar Mirzə haqqında söz demək mənim üçün o qədər də asan deyil. Ondan ki, Ağalar müəllim mənim üçün doğma bir insan olub. Adam hər adama yovuşa bilmir axı. Görürsən nə qədər qohum qardaş arasında bəzən özünü yalqız hiss edirsən. Deməli doğmalıq təkcə əqrəba olmaqla deyil, həm də səni duymaqla, dəyərləndirməklə ölçülür. Bir də deyirlər, şairlər bir-birinin qardaşıdı, dostudu. O, elə vəfalı dost, elə qardaş olurdu ki, insana. Sağlığında çox yazı yazmışdım ondan. Çoxu da müsahibə idi. Ağır, ləngərli səsi ilə səliqəli, həm də çox maraqlı danışırdı. ciddi idi, ancaq soyuqqanlı deyildi, adamın ürəyindən xəbər bilirdi, onun yanında özünü rahat, yüngül hiss edirdin. Təbiətindəki sadəlik, adilik sanki qarşısındakına da sirayət edirdi. Fərqli idi, ətrafına işıq ötürə bilirdisə deməli əsl ziyalı insandı. Bir dəfə çəkiliş zamanı təpədən sürüşərək ayağı zədələnmişdi. O vəziyyətdə yurdundan didərgin düşmüş gənc bir şairin kitabının təqdimatına gəlməyi belə unutmamışdı. Ondan ki, özünün də son illərdə etiraf etdiyi kimi mühafizəkar insan idi. Dostu, yoldaşı, ona ürək qızdıranı darda qoymazdı... Baxmayaraq ki, özü çox vəfasızlıqlar görmüşdü. Onu bir bayram günü və ya doğum günündə adi bir telefon zəngi ilə təbrik edəndə sevinirdi, xatırlandığı üçün. Bir yandan da təəccüblənirdi. Nədən ki, bəzəyib-düzəyib efirə çıxardığı və həmin ərəfədə səmimi görünən yaşlı-başlı adamlar bu adi bir telefon zəngini və ya kiçicik bir diqqəti unudurdu. Həyatında həm maddi, həm mənəvi çətinliklər, boşluqlar yaşasa da gözü-könlü tox, daxilən narahat olsa belə sanki dünyadan doymuş, arxayın bir adam təsiri bağışlayırdı.

Ölümündən xəbərsiz

...Ölümündən xəbərsiz idim. Novruz bayramında onu təbrik etmək üçün evinə zəng elədim. Telefondan oğlunun səsini elə özününkü bilib, şən bir səslə “salam, Ağalar müəllim”, – dedim. Amma cavabında “Ağalar müəllim deyil, Ağalar müəllim rəhmətə gedib”, – sözlərindən elə çaşdım ki, nə deyəcəyimi bilmədim. Üzr istəyib, dəstəyi yerə qoydum, ancaq eşitdiyim gözlənilməz xəbərdən xeyli özümə gələ bilmədim. Bayram günləri olsa da, daha dostları təbrik etməyə ürəyim gəlmədi. Amma onun şeirlərinə nəzər salanda kədər sanki bir təbəssümlə əvəz olunur.

Adam ölər, çox ağlama,
Adamın işi ölməkdi.
Ölüb o dünyaya dəyib,
Təzədən yenə gəlməkdi.

Daşları yarıb başıyla,
Qardaş olub baş daşıyla,
Qardaşıyla göz yaşıyla
Hıçqırıb yenə gülməkdi.

Professor Nizaməddin Şəmsizadə də Ağalar Mirzənin şeirlərindəki ölüm obrazının bu bəndlərdən də göründüyü kimi oxucunu pessimist ruha kökləmədiyini, əksinə onu yaşayıb-yaratmağa ruhlandıran bir fiqur olduğunu qeyd edir.
...Sular pınar-pınar,
Yollarda yüz yol sınar.
Dağdan gələn sevgisi
Dənizəcən uzanar.
İrmaq alagöz dənizə
Son mənzilim demişdi:
Qovuşdu adiləşdi.

“Ağalar Mirzə incə ruhlu, təkrarsız bir şairdir. Onun poeziyasının əsasında folklor üslubu, tarixi yaddaş dayanır”. Düşünürəm ki, şair Tofiq Nurəlinin bu qənaəti onun zəngin yaradıcılıq yolundan xəbər verir.

Zəngin yaradıcılıq yolu

Ağalar Mirzə 1954-cü ildə dekabrın 25-də Şabran şəhərində sadə bir ailədə anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində əvvəlcə kiçik redaktor, sonra böyük redaktor vəzifələrində çalışıb. Sonra televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında kiçik redaktordan şöbə müdiri vəzifəsinədək yüksəlib. Daha sonra isə ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktorunun müavini, sonra xalq yaradıcılığı redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. Şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən “Ustadnamə”, “Dastan” proqramlarının müəllifi olub. Ağalar Mirzə elmi yaradıcılıqla da ardıcıl məşğul olub. “Xaltanlı Tağının yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edərək “filologiya elmləri namizədi” alimlik dərəcəsi alıb. Onun bir sıra qiymətli əsərləri var ki, yəqin ki, zaman keçdikcə öz qiymətini daha artıq ifadə edəcək. “Bayramlar, adətlər, ənənələr” adlı etnoqrafik oçerklərdən ibarət, “Bulaq”, “Novruz töhfələri”, “Mən baxdığım pəncərə” və.s kimi kitablarda xalqımızın milli-mənəvi yaddaşı əks olunub.
Bir etirafında söyləyirdi ki, həyatında ən uğursuz günü qızının xəstələndiyi gün, ən sevindiyi gün isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görüldüyü gün olub. Elə bilirəm ki, onun bu sevinci çəkdiyi zəhmətlə, min bir əziyyəti ilə bağlıdır. Ömür-gün yoldaşı Gülşən xanım söyləyir ki, o, ailədən çox işə daha artıq can yandırırdı. Ağalar müəllim yəqin elə buna görə son vaxtlar bundan sonra ailəsinə daha artıq diqqət yetirmək istədiyini söyləmişdi. Ancaq buna zamanı çatmadı...

Arzunuz çin olar

...Nə yaxşı ki, var hələ
Ölümə qiymət qoyan,
Dur gedək üzüsulu,
Yatmağa...
Tez ol, oyan!

– söyləyən şair “50 yaşın işığı” adlı yazısında deyir ki, yaşadıqlarımız bizim taleyimizdir. Alnımıza yazılan yazıdır, yaddaşlara köçən yaxşı-pis xatirədir. Onu nə iləsə insanların yalddaşından silmək olmaz. Hamıya yaxşılıq etməyin mümkün olmadığı dünyada ideal adamdan söhbət gedə bilməz. Arzum odur ki, yaxşılığım tərəzinin ağır gözü olsun”. Özüm şahidiyəm ki, dünya işığından məhrum olan Şakir adlı gənc şair kimi neçə belə imkansız, arxasız istedadı arayıb-axtarıb əsərlərini işığa çıxaran qardaşım, hər kəsdən çox mən buna inanıram. İnşallah, arzunuz çin olar!...
...Bu günlərdə yenə də Ağalar müəllimin həyat yoldaşı Gülşən xanımla telefonda hal-əhval tutdum. Sözün düzü budur ki, Gülşən xanım dağ kimi ömür-gün yoldaşının itkisinin ağırlığı azmış kimi, bir yandan da onun adına diqqətsizlikdən çox təsirlənir. Elə bil heç belə bir adam olmayıb. Bu vəfasızlıq yandırır adamı...
Mina RƏŞİD



Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar