12px14px16px18px

Bakıda sürüşmə zonasındakı binanın sakinlərinə evlərinə köçməyə icazə verildi

XƏTAİ RAYONUNDA SÜRÜŞMƏ TƏHLÜKƏSİ İLƏ ƏLAQƏDAR KÖÇÜRÜLƏN SAKİNLƏRİN EVLƏRİNƏ QAYITMASI QƏRARA ALINDI

07:22 / 06.03.2012
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə təhlükəsi ilə əlaqədar köçürülən sakinlərin evlərinə qayıtmasına qərar verilib. Sakinlərin APA-ya verdiyi məlumata görə, bu barədə qərarı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov açıqlayıb. H.Abutalıbov sakinlərin evlərində yaşaya bilmələri barədə rəyə gəlindiyini deyib.
Bildirilib ki, sürüşmə zonasında olan qrunt suyu son 2 gündə 2 metrədək azalıb.
Yaşayış binalarına elektrik enerjisi və suyun verilişi bu gündən bərpa olunacaq. Binalara təbii qaz isə sakinlər evlərinə tam yerləşəndən sonra veriləcək.
Qeyd edək ki, qərar bu gün sürüşmə baş verən ərazidə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər şəxslərin iştirakı ilə keçirilən müşavirədə qəbul olunub.
Xatırladaq ki, Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə təhlükəsi ilə əlaqədar ərazidəki 9 mərtəbəli iki binanın sakinləri martın 3-də evakuasiya olunmuşdular.
Sakinlərin təhlükəsizlik məqsədilə bir həftə başqa yerlərə köçürüldükləri, onların təhlükə sovuşduqdan sonra onlar öz evlərinə dönəcəkləri bildirilmişdi.
“Trend”in məlumatına görə, jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə zonasında olan iki 9 mərtəbəli binanın sakinlərin evlərinə qaytarılmasına icazə verilib: “Suyun səviyyəsi 2,2 metr aşağı düşüb, sürüşmə yoxdur. Bu, bizə əminlik verir ki, burda tam stabillik yaranıb. Ona görə də belə qərara gəlindi ki, iki binaya insanların köçürülməsinə icazə verilsin”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev “Trend”ə bildirmişdi ki, sürüşməni yaradan amillərin hamısı müəyyənləşdirilib. Sürüşməni yaradan əsas amil əraziyə daxil olan təbii və texnogen sulardır.
Son iki gündür sürüşmə təhlükəsi olduğundan iki binanın sakinləri evlərindən köçürülüblər.




Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar