12px14px16px18px

KİV nümayəndələri Dağlıq Qarabağa səfər edib

BAYRAM SƏFƏROV: “AZƏRBAYCAN DÖVLƏTİ QARABAĞDA YAŞAYAN ERMƏNİLƏRƏ ƏVVƏLLƏR NECƏ SIĞINACAQ VERİBSƏ, İNDİ DƏ ELƏ YAŞAYA BİLƏRLƏR”

07:13 / 06.03.2012
Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyilə martın 4-də bir qrup KİV nümayəndəsi Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan hissəsinə səfər edib. Görüşdə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Bayram Səfərov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov, millət vəkilləri Fuad Muradov, Rövşən Rzayev, eləcə də yuxarıda adları qeyd edilən rayonların ictimaiyyət nümayəndələri iştirak edib.
Səfər zamanı jurnalistərə bildirilib ki, Xocavənd rayonuna aid olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bu ərazisi uğrunda 1990-1994- cü illərdə qanlı döyüşlər gedib.
Daşlıtəpə deyilən ərazidə jurnalistlər Xocavənd taborunda döyüşmüş və şəhid olmuş hərbiçilərin şərəfinə qoyulmuş abidəni ziyarət ediblər. Qeyd edək ki, burada 1994-cü ilin 10 aprelində ulu öndər Heydər Əliyevin bu taboru döyüşçüləri ilə görüşü dayandığı səngər qorunub saxlanılıb və hərbçilərlə birgə çəkdirdiyi fotolar, orada səsləndirdiyi fikirlərindən ibarət tablo yerləşdirilib. Burada jurnalistlərə məlumat verilib ki, ümummilli liderin bu səfərindən sonra Azərbaycan ordusu irəliləyərək 20 min hektar ərazini ermənilərin işğalından azad edib.
Daha sonra jurnalistlər Xocalı faciəsində əli azərbaycanlıların qanına batan və qəddarlığı ilə seçilən Monte Melkomyanı məhv edən kəşfiyyat taborunun komandiri olmuş İbad Hüseynovun və silahdaşlarının minaya düşdüyü ərazidə olub və buradakı abidəni ziyarət ediblər.
KİV nümayəndələri eyni zamanda tarixi əhəmiyyətə malik Nərgiztəpə ərazisində oldular. Xatırladaq ki, “Nərgiztəpə” maddi mədəniyyət abidəsi orta tunc dövrünə aid qədim yaşayış yeridir. “Kitabi-Dədə Qorqud” dastanında bəhs edilən hadisələrin bəziləri bura yaxın yerəşən Qaraçuğ dağı və “Nərgiztəpə” ərazisində baş verib. Qaraca Çobanın bu ərazidə yaşadığı və burada müəyyən edilmiş nəhəng qəbir qalıqlarının ona məxsus olduğu iddia olunur. Ərazidə olarkən jurnalistlərə məlumat verilib ki, Qarabağ döyüşləri zamanı “Nərgiztəpə” strateji ərazi hesab olunub və gərgin döyüşlər gedib. Ötən ilin oktyabrında burada Xocavənd rayonundan şəhid olan insanların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış abidənin və təpənin üstündə yerləşdirilən Azərbaycan bayrağının açılış mərasimi keçirilib. Qeyd edək ki, cəbhənin xəttinin ermənilərin yerləşdiyi mövqedən “Nərgiztəpə”də ucaldılan Azərbaycan bayrağı açıq-aşkar müşahidə edilir.
Daha sonra Xocavəndin inzibati ərazisi və tarixi haqında məlumat verən rayonun icra başçısı bildirib ki, Azərbaycan Respublikasının qanuni ilə 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub və keçmiş Hadrut və Martuni rayonlarının bazası əsasında Xocavənd rayonu təşkil edilib. Onun sözlərinə görə, həmin dövrdə eyni zamanda Əsgaran rayonunun bazasında Xocalı, Mardakert rayonunun bazası əsasında isə Ağdərə rayonu yaradılıb: “Xocavənd rayonunun 11 min nəfər əhalisi və cəmi 10 kəndi var, azərbaycanlıların qədim yaşayış məskənlərindən biri olub. Bizim rayonun ərazisində Azıx mağarası yerləşir. Bu ərazilərdə çoxlu yaşayış məskənləri olub və Türkmənçay müqaviləsindən sonra Azərbaycan kəndləri hissə-hissə sıxışdırılaraq çıxarılıb. Hazırda Xocavənd rayonunun 15 faizə qədər ərazisi Azərbaycanın nəzarətindədir. Bu ərazilər 1992, 1993 və 1994-cü illərdə aparılan döyüşlər nəticəsində işğaldan azad olunub. “Nərgiztəpə” ərazisi dəfələrlə əldən-ələ keçib. Bu torpağın hər qarışı uğrunda igid oğullarımızın qanı tökülüb. Həmin hünərli oğulların nəticəsində bu torpaqlar müdafiə olunub”.
E.Hüseynov həmçinin qeyd edib ki, hazırda işğaldan azad olunan ərazidə az-az məskunlaşanlar var. O, eyni zamanda Xocavənd rayonunun Beyləqan rayonu ərazisində, lakin Dağlıq Qarabağın həmişə istifadə etdiyi qışlaqlar ərazisində yerləşdiyini, burada qəsəbələr salındığını vurğulayıb: “Rayonun icra strukturlarında həmin qəsəbədə yerləşir və inzibati bina tikilib. 2008-ci ildə oktyabrın 4-də Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edib”. O deyib ki, yaxın zamanlarda qəsəbədə daha 320 ev tikiləcək.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Bayram Səfərov icma üzvlərinin, millət vəkillərinin və eləcə də ölkənin aparıcı KİV nümayəndələrinin Qarabağa səfərinin onu fərəhləndirdiyini deyib: “Jurnalistlərin bura səfərinin nəticəsi olaraq, hesab edirəm ki, onlar Qarabağın tarixi, mədəniyyəti ilə bağlı daha maraqlanacaq və tez-tez bu mövzuda yazılarla çıxış edəcəklər”. B.Səfərov Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət edərək bildirib ki, onlar hər zaman ölkəmizin vətəndaşı olublar və Azərbaycanın xeyrindən yararlanıblar: “Qarabağ erməniləri çalışsınlar ki, separatçı və öz millətinin düşməni olan ermənilərdən əl çəkib, canlarını xilas etsinlər. Azərbaycan dövləti, xalqımız Qarabağda yaşayan ermənilərə əvvəllər necə sığınacaq veribsə, indi də elə yaşaya bilərlər”.
“Bu gün burada olmağımızdan çox şadam, amma digər tərəfdən düşünürəm ki, biz bütün Azərbaycanın ərazisində belə rahat gəzməyi bacarmalıyıq”. Bu sözləri isə çıxışı zamanı millət vəkili Rövşən Rzayev bildirib: “Qürurlanıram ki, Azərbaycanda belə övladlarımız o zaman olub, indi də var və sabah da olacaq. Bütün bunlara rəğmən inanıram ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Əminəm ki, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edə biləcəyik və bizim bütün ağrı-acılarımız arxada qalacaq. Həmvətənlərimiz öz doğma torpaqlarına, evlərinə qayıdacaq və öz həyatlarını yenidən qura biləcəklər. Təbii ki, Azərbaycan dövləti lazım olan məqamda öz xalqı, vətəndaşları ilə bir yerdə olacaq”.
R.Rzayev qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin səyi nəticəsində və dünyada olana nüfuzu hesabına bu problemi aradan qaldıra biləcəyik. O, eyni zamanda xalq olaraq bir yerdə bu problemin həllinə nail olacağımızı diqqətə çatdırıb: “Çünki bunun başqa yolu yoxdur. Biz hamımız bir yerdə gündəlik fəaliyyətimizdə bu istiqamətdə addımlamağı bacarmalıyıq və bütün imkanlarımızdan istifadə etməliyik. Buradan Qarabağa çox az məsafə var, təəssüflər olsun ki, ora gedə bilmirəm. Bu mənim üçün çox ağrılı məqamdır, amma nəinki inanıram, hətta əminəm ki, yaxın zamanlarda Qarabağ problemini həll edəcəyik”.
Millət vəkili Fuad Muradov bildirib ki, mütəmadi olaraq, ictimaiyyət nümayəndələri ilə Qarabağ bölgəsinə, cəbhə xəttinə səfər edirik. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsi ən vacib məsələlərdən biridir: “Bu gün biz tarixi bir yerdəyik və burada çox qanlı döyüşlər gedib. Bizim əsgərlərimiz, qardaşlarımız sona qədər mübarizə aparıblar. Dayandığımız torpağın hər bir metrində qardaşlarımızın qanı axıb. Təbii ki, tariximizdə çox unutqanlıq olub. Bu o demək deyil ki, biz ancaq silah dili ilə danışmalıyıq. Bu gün burada olmağımız Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin möhkəmlənməyi naminə indiki və böyüməkdə olan nəsil üçün vacib amillərdəndir. Hazırda Xocavənd ərazisində olan Azərbaycan vətəndaşı bilir ki, Qarabağa çox yaxındır. Torpaqlarımızın işğaldan azad olunacaq an tez bir zamanda olacaq. Mən bunu hiss edirəm, inanıram. Bura gələn jurnalistlərimiz, ictimaiyyət nümayəndələri hamısı o fikirlə dönəcək ki, həqiqətən Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmdədir və yaxın zamanlarda biz onu bərpa edəcəyik”.
Dağlıq Qarabağa səfər edən KİV nümayəndələri oradan erməni əsilli Azərbaycan Respublikası vətəndaşlarına müraciət ünvanlayıblar. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qurumun beynəlxalq jurnalist təşkilatlarına, Dağlıq Qarabağın erməni əsilli sakinlərinə, eləcə də bölgədə çalışan jurnalistlərə müraciətini oxuyub. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün dinc yolla bərpası üçün səy göstərmək çağırışı yer alır.
BƏXTİYAR



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar