12px14px16px18px

“Azərbaycan heç bir zaman İrana qarşı hərbi əməliyyatlarda platsdarm olmayacaq”

ZİYAFƏT ƏSGƏROV: “HANSI DÖVLƏTLƏ HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ EDƏCƏYİMİZİ KİMDƏNSƏ SORUŞMAYACAĞIQ”

02:07 / 03.03.2012
“Azərbaycanın ABŞ-la hərbi və siyasi istiqamətlərdə çox gözəl əlaqələri var. ABŞ gec-tez anlayacaq ki, Ermənistan həqiqətən işğalçıdır. Ona görə bu qədər vəsaitin Ermənistana verilməsi məntiqi cəhətdən düzgün deyil. Digər tərəfdən, Azərbaycanla ABŞ-ın strateji əməkdaşlığı da bu məsələdə nəzərə alınacaq. Hər bir halda işğalçı bir dövlətə bu qədər vəsaitin verilməsi anlaşılan deyil”. APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərin ABŞ-ın Ermənistana hərbi və maliyyə yardımı barədə suallarına cavab olaraq bildirib. Z. Əsgərov, Azərbaycanın İsraillə hərbi əməkdaşlığına və bu ölkədən 1, 6 milyard dollarlıq hərbi texnika və silah-sursat alınmasına İranın etirazlarına da münasibət bildirib: “Azərbaycan müstəqil dövlətdir. Bu gün hansı dövlətlə hərbi, siyasi, digər sahələrdə necə əməkdaşlıq edirsə, bu, Azərbaycanın öz işidir. Hansı dövlətlə hərbi sahədə əməkdaşlıq edəcəyimizi kimdənsə soruşmayacağıq. Ona görə də başqa dövlətlərin bu işə qarışması tamamilə yersiz və mənasızdır”. Z. Əsgərov ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Azərbaycanın mövqeyinin nədən ibarət olacağını da açıqlayıb: “Hesab edirik ki, Azərbaycan heç bir zaman İrana qarşı hərbi zərbələrdə və əməliyyatlarda platsdarm olmayacaq”. Ziyafət Əsgərov Fransa Konstitusiya Şurasının Senatın uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qərarını ləğv etmədə münasibət bildirib. O deyib ki, bu məsələyə sağlam düşüncə ilə yanaşmağın nəticəsidir : “ Belə məlum olur ki, Konstitusiya Şurasında ağıllı insanlar əyləşib. Onlar da başa düşüblər ki, belə bir qərarın qəbul olunması bütövlükdə Fransanın dövlət sütunlarına xələl gətirərdi”. Z. Əsgərov bildirib ki, Senatın qəbul etdiyi qərar hər şeydən əvvəl Fransa konstitusiyasına zidd olub və Konstitusiya Şurasının belə bir qərar qəbul etməsi gözlənilən idi: “Bu qərarın qəbul edilməsində rolu olan şəxslərə, xüsusən də Konstitusiya Şurasına müraciət edən fransalı deputatlara təşəkkür edirik”. MM sədrinin birinci müavini jurnalistlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin həlli ilə bağlı fəaliyyətsizliyi, başqa beynəlxalq təşkilatların bu prosesə qoşulması barədə suallarına cavabında bunları deyib: “Başqa beynəlxalq qurumlar məsələyə ancaq bəyanatla münasibət bildirirlər. Əgər Avropa Birliyi münaqişənin ədalətli həllinə yardım etmək istəyirsə, ona mane olan nədir? ATƏT-in özünə də, Minsk Qrupunun həmsədrlərinə problemin həllində nə mane olur? Onlar problemin həllinə çalışmalıdırlar. Həmin qurumlar özlərində siyasi cəsarət tapmalı və bildirməlidirlər ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan ərazilərini işğal edib, bu ərazilər azad olunmalıdır. Ortada da kifayət qədər hüquqi sənədlər var. Əllərində kifayət qədər hüquqi sənədlər ola-ola niyə problemi niyə həll etmirlər? Əslində bu suallar onlara ünvanlanmalıdır. Bəyanat və söz xətrinə bu təşkilat gündəmdə qalmaq istəyirsə, əlbəttə, bunun mənası yoxdur. Real kömək etmək istəyirlərsə, buyurub etsinlər”.








Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar